Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı
№ 165 Bakı şəhəri, 25 may 2023-cü il
“Məhkəmə ekspertlərinin attestasiyasının keçirilməsi və ixtisas dərəcəsinin verilməsi qaydaları”nın təsdiq edilməsi və “Məhkəmə ekspertlərinin attestasiyasının keçirilməsi və onlara ixtisas dərəcəsinin verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 2 may tarixli 93 nömrəli Qərarının ləğv edilməsi barədə
“Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 29 noyabr tarixli 1709-VQD nömrəli Qanununun tətbiqi və “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 15 yanvar tarixli 252 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 18 dekabr tarixli 883 nömrəli Fərmanının 1.1.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Məhkəmə ekspertlərinin attestasiyasının keçirilməsi və ixtisas dərəcəsinin verilməsi qaydaları” təsdiq edilsin (əlavə olunur).
2. “Məhkəmə ekspertlərinin attestasiyasının keçirilməsi və onlara ixtisas dərəcəsinin verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 2 may tarixli 93 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 5, maddə 467) ləğv edilsin.
3. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.
Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 25 may
tarixli 165 nömrəli Qərarı ilə
təsdiq edilmişdir.
Məhkəmə ekspertlərinin attestasiyasının keçirilməsi və
ixtisas dərəcəsinin verilməsi
QAYDALARI
1. Ümumi müddəalar
1.1. Bu Qaydalar “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 11-2-ci maddəsinin üçüncü hissəsinə əsasən hazırlanmışdır və məhkəmə ekspertizası idarələrinin ekspertlərinin və özəl məhkəmə ekspertlərinin (bundan sonra – məhkəmə eksperti) attestasiyasının keçirilməsi və məhkəmə ekspertizası idarələrinin ekspertlərinə ixtisas dərəcəsinin verilməsi məsələlərini tənzimləyir.
1.2. “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 11-2-ci maddəsinin birinci hissəsinə uyğun olaraq məhkəmə ekspertləri 5 (beş) ildə 1 (bir) dəfədən çox olmayaraq attestasiyadan keçirilirlər. 20 (iyirmi) ildən artıq müddətdə ekspert qismində fəaliyyət göstərən şəxslər attestasiyadan azaddırlar.
1.3. Attestasiya nəticəsində məhkəmə ekspertizası idarələrinin ekspertlərinə ixtisaslaşmasından və hazırlıq səviyyəsindən asılı olaraq ixtisas dərəcəsi verilir. Məhkəmə-tibb ekspertlərinə ixtisas dərəcəsi onların praktik tibb və ya əczaçılıq fəaliyyəti üzrə “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada sertifikasiyası həyata keçirildikdən sonra verilir.
1.4. İxtisas dərəcəsinin verilməsində məqsəd ekspertin peşəkarlıq səviyyəsini təsdiq etmək və onu peşəkarlıq səviyyəsini artırmağa həvəsləndirməkdir.
1.5. Tabeliyində olan məhkəmə ekspertizası idarələrinin ekspertlərinin attestasiyası və onlara ixtisas dərəcəsinin verilməsi müvafiq olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin (bundan sonra – dövlət orqanları) yaratdığı ekspert-ixtisas komissiyaları (bundan sonra – komissiya) tərəfindən, özəl məhkəmə ekspertlərinin attestasiyası isə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin yaratdığı komissiya tərəfindən keçirilir.
1.6. Komissiyanın formalaşdırılması, fəaliyyətinin təşkili qaydası, habelə üzvlərinin səlahiyyətləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 25 may tarixli 166 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məhkəmə eksperti şəhadətnaməsinin verilməsi qaydası” ilə müəyyən olunur.
2. İxtisas dərəcəsi
2.1. Məhkəmə ekspertizası idarələrinin ekspertlərinə peşə hazırlığı, apardığı ekspertizaların keyfiyyəti və ekspert kimi iş stajı nəzərə alınmaqla üç ixtisas dərəcəsi verilir:
2.1.1. yüksək dərəcəli ekspert;
2.1.2. birinci dərəcəli ekspert;
2.1.3. ikinci dərəcəli ekspert.
2.2. Yüksək dərəcəli ekspert ixtisas dərəcəsi ekspertiza sahəsində müəyyən ixtisas üzrə 15 (on beş) ildən çox iş stajı olan, məhkəmə ekspertizasının nəzəri və praktiki problemləri barədə geniş bilikləri olan, yüksək peşə hazırlığına malik, elmin müasir nailiyyətlərinə əsaslanan tədqiqat metodlarına yiyələnən, mürəkkəb və çoxobyektli ekspertizaları aparmağı bacaran, profilaktik və metodik işləri fəal yerinə yetirən ekspertə verilir.
2.3. Birinci dərəcəli ekspert ixtisas dərəcəsi ekspertiza sahəsində müəyyən ixtisas üzrə 10 (on) il iş stajı olan, zəruri nəzəri və praktiki hazırlığa malik olan, ekspert ixtisası üzrə mövcud tədqiqat metodlarını mənimsəmiş və onları praktikada tətbiq edən, mürəkkəb ekspertizaları yerinə yetirən, profilaktik və metodik fəaliyyətlə məşğul olan ekspertə verilir.
2.4. İkinci dərəcəli ekspert ixtisas dərəcəsi ekspertiza sahəsində müəyyən ixtisas üzrə 5 (beş) il iş stajı olan, hazırlıqlı, ekspert ixtisası üzrə mövcud metodları ekspertiza tədqiqatları zamanı tətbiq etməyi bacaran, mürəkkəb ekspertizaları yerinə yetirən, profilaktik və metodik fəaliyyətlə məşğul olan ekspertə verilir.
3. Attestasiyanın keçirilməsi qaydası
3.1. Attestasiyanın keçirilməsi müddətləri və cədvəli komissiya-nın sədri tərəfindən təsdiq edilir və attestasiyanın başlanılmasına ən geci 1 (bir) ay qalmış attestasiyadan keçməli olan məhkəmə ekspertinin nəzərinə çatdırılır.
3.2. Məhkəmə eksperti komissiyanın iclasının keçirilməsinə 15 (on beş) gün qalmış son 5 (beş) il ərzindəki fəaliyyətinə dair hesabatı komissiyaya təqdim edir.
3.3. Attestasiyadan keçməli olan hər bir məhkəmə ekspertinə komissiyanın iclasının keçirilməsinə 7 (yeddi) gün qalmış məlumat verilir.
3.4. Attestasiya hər bir məhkəmə eksperti ilə fərdi qaydada 30 (otuz) dəqiqəyədək aparılır.
3.5. Attestasiya zamanı məhkəmə ekspertinə 5 (beş) sual verilir.
3.6. Komissiyanın üzvləri tərəfindən məhkəmə ekspertinə ixtisasına, apardığı ekspertizalara, onların nəticələrinə aid, habelə məhkəmə ekspertinin bu Qaydaların 3.8-ci bəndində göstərilən xüsusiyyətlərini qiymətləndirmək üçün digər suallar verilir. Attestasiyadan keçirilən məhkəmə ekspertinə fəaliyyətinə bilavasitə aid olmayan sualların verilməsi, habelə onun siyasi baxışlarına və dini etiqadına görə qiymətləndirilməsi yolverilməzdir.
3.7. Məhkəmə ekspertizası idarəsinin eksperti attestasiyadan keçirilərkən onun bilavasitə rəhbəri attestasiyaya dəvət edilə bilər. Bu halda komissiya attestasiyadan keçirilən məhkəmə ekspertinin fəaliyyəti haqqında onun bilavasitə rəhbərinin məlumatını dinləyir və təqdim edilmiş materialları nəzərdən keçirir.
3.8. İclasın gedişində təqdim edilmiş materiallar və verilən suallar vasitəsilə məhkəmə ekspertinin aşağıdakı xüsusiyyətləri qiymətləndirilir:
3.8.1. məhkəmə ekspertizasının nəzəri və praktiki problemləri sahəsində biliyi, ekspert tədqiqat metodlarını mənimsəmək qabiliyyəti, müvafiq ekspertizaları aparmaq, məsələləri ən səmərəli metodlar seçməklə həll etmək, texniki avadanlıqlardan istifadə etmək bacarığı, profilaktik və metodik işləri yerinə yetirməsi səviyyəsi;
3.8.2. məhkəmə ekspertizası fəaliyyətinə dair qanunvericilik sahəsində bilikləri, onları tətbiq etmək bacarığı, elmi-məntiqi təhlil aparmaq qabiliyyəti;
3.8.3. fikrini və rəyini sərbəst və hamıya aydın olan tərzdə ifadə etmək qabiliyyəti;
3.8.4. analitik düşünmək qabiliyyəti, hadisələri hərtərəfli təhlil etmək və obyektiv qiymətləndirmək, problemin həlli ilə bağlı qərar çıxarmaq bacarığı;
3.8.5. etik davranış kodeksinin müddəalarına dair məlumatlılığı.
3.9. Attestasiya zamanı məhkəmə ekspertinin verdiyi hər bir cavab komissiyanın üzvləri tərəfindən ən çox 5 (beş) balla qiymətləndirilir və sonra komissiya üzvlərinin hər bir cavab üzrə verdiyi qiymətlər toplanılıb nəticənin iclasda iştirak edən komissiya üzvlərinin sayına bölünməsi yolu ilə həmin cavab üzrə orta bal müəyyən olunur. Attestasiyanın nəticəsi üzrə ən çox 25 (iyirmi beş) bal toplamaq mümkündür.
3.10. Məhkəmə ekspertizası idarəsinin eksperti yüksək dərəcəli ekspert ixtisas dərəcəsinin verilməsi üçün 21 (iyirmi bir) və daha çox, birinci dərəcəli ekspert ixtisas dərəcəsinin verilməsi üçün 19 (on doqquz) və daha çox, ikinci dərəcəli ekspert ixtisas dərəcəsinin verilməsi üçün 17 (on yeddi) və daha çox bal toplamalıdır.
3.11. Məhkəmə eksperti şəhadətnaməsində qeyd edilən məhkəmə ekspertizası ixtisasına (ixtisaslarına) uyğun hesab edilməsi üçün 15 (on beş) və daha çox bal toplamalıdır. Məhkəmə eksperti attestasiya zamanı 15-dən az bal topladıqda, habelə üzrlü səbəb olmadan komissiyanın iclasına gəlmədikdə attestasiyadan keçməmiş hesab edilir.
3.12. Komissiya attestasiyanın nəticəsi üzrə dövlət orqanının rəhbərinə aşağıdakı təqdimatlardan birini vermək haqqında qərar qəbul edir:
3.12.1. məhkəmə ekspertinin şəhadətnaməsində qeyd edilən məhkəmə ekspertizası ixtisasına (ixtisaslarına) uyğun hesab edilməsi barədə;
3.12.2. məhkəmə ekspertinin şəhadətnaməsində qeyd edilən məhkəmə ekspertizası ixtisasına (ixtisaslarına) uyğun hesab edilmədiyi üçün məhkəmə eksperti şəhadətnaməsinin ləğv edilməsi barədə.
3.13. Məhkəmə ekspertizası idarəsinin eksperti barəsində bu Qaydaların 3.12.1-ci yarımbəndində nəzərdə tutulmuş qərarla yanaşı, həmçinin aşağıdakı təqdimatlardan birini vermək haqqında qərar qəbul edilir:
3.13.1. məhkəmə ekspertinə müvafiq ixtisas dərəcəsinin verilməsi barədə – məhkəmə eksperti müvafiq ixtisas dərəcəsinin verilməsi üçün bu Qaydalarda nəzərdə tutulmuş bal topladıqda;
3.13.2. məhkəmə ekspertinə ixtisas dərəcəsinin verilməsindən imtina edilməsi barədə – məhkəmə eksperti ixtisas dərəcəsinin (növbəti ixtisas dərəcəsinin) verilməsi üçün bu Qaydalarda nəzərdə tutulmuş bal toplamadıqda;
3.13.3. məhkəmə ekspertinin ixtisas dərəcəsinin aşağı salınması barədə – məhkəmə eksperti malik olduğu ixtisas dərəcəsindən daha aşağı ixtisas dərəcəsinin verilməsi üçün bu Qaydalarda nəzərdə tutulmuş bal topladıqda;
3.13.4. məhkəmə ekspertinə verilmiş ixtisas dərəcəsinin ləğv edilməsi barədə – ixtisas dərəcəsinə malik olan məhkəmə eksperti 17-dən az bal topladıqda.
3.14. Komissiyanın iclasının nəticəsi komissiyanın iclas protokolunda əks olunmaqla rəsmiləşdirilir.
3.15. Komissiyanın iclas protokolunda attestasiya zamanı verilən sualların və cavabların qısa məzmunu, komissiya üzvlərinin qiymətləndirmə balları, komissiyanın qərarı və digər məsələlər əks etdirilir (1 nömrəli əlavə).
4. Yekun müddəalar
4.1. Komissiyanın iclasının keçirildiyi gündən 3 (üç) iş günü müddətində komissiyanın iclas protokolu, onun əsasında tərtib edilmiş təqdimatla (təqdimatlarla) birgə dövlət orqanının rəhbərinə təqdim edilir.
4.2. Komissiyanın təqdimatı (təqdimatları) nəzərə alınmaqla, dövlət orqanının rəhbəri tərəfindən komissiyanın iclasının keçirildiyi gündən ən geci 5 (beş) iş günü müddətində məhkəmə ekspertinin şəhadətnaməsində qeyd edilən məhkəmə ekspertizası ixtisasına (ixtisaslarına) uyğun hesab edilməsi və ya həmin ixtisasa (ixtisaslara) uyğun hesab edilmədiyi üçün məhkəmə eksperti şəhadətnaməsinin ləğv edilməsi, habelə məhkəmə ekspertizası idarəsi ekspertinə ixtisas dərəcəsinin verilməsi və ya ona ixtisas dərəcəsinin verilməsindən imtina edilməsi, yaxud onun ixtisas dərəcəsinin aşağı salınması və ya ləğv edilməsi barədə qərar qəbul edilir.
4.3. Məhkəmə ekspertinə bu Qaydaların 4.2-ci bəndində nəzərdə tutulmuş qərar barədə məlumat onun qəbul edildiyi gündən 3 (üç) iş günü müddətində yazılı formada verilir.
4.4. Komissiyanın iclas protokolu və ona əlavə edilmiş sənədlər məhkəmə ekspertizası idarələrinin ekspertlərinə münasibətdə həmin idarələrdə, özəl məhkəmə ekspertlərinə münasibətdə isə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində saxlanılır.
4.5. İxtisas dərəcəsi verilən hər bir məhkəmə ekspertizası idarəsinin eksperti üçün komissiyanın katibi tərəfindən ixtisas dərəcəsi vərəqəsi doldurulur (2 nömrəli əlavə).
4.6. Məhkəmə ekspertizası idarələrinə başqa məhkəmə ekspertizası idarələrindən işə qəbul edilən ekspertlərə verilmiş ixtisas dərəcəsi saxlanılır və bu Qaydalara uyğun olaraq ixtisas dərəcəsi məsələsinə baxılarkən ekspert kimi əvvəlki iş stajı nəzərə alınır.
4.7. Məhkəmə eksperti attestasiyanın nəticələrindən inzibati qaydada və məhkəmə qaydasında şikayət verə bilər.
_________________
“Məhkəmə ekspertlərinin attestasiyasının keçirilməsi və ixtisas dərəcəsinin verilməsi qaydaları”na
1 nömrəli əlavə
Ekspert-ixtisas komissiyasının iclas protokolu
“______” _________ 20_____ il ___________ şəhəri
İclasda iştirak etdilər:
____________________________________________________________
________________________________________________________________________________________________________________________
____________________________________________________________
____________________________________________________________
Ekspert-ixtisas komissiyası aşağıdakıları nəzərdən keçirdi:
____________________________________________________________
(məhkəmə ekspertinin soyadı, adı, atasının adı, vəzifəsi, ixtisası)
____________________________________________________________
____________________________________________________________
____________________________________________________________
(baxılan məsələlər ilə bağlı sənədlər)
məhkəmə ekspertinə aşağıdakı suallar verildi:
Komissiya üzvü: ___________ verdiyi sual:__________________________
(soyadı, adı, atasının adı)
Məhkəmə ekspertinin cavabı: ____________________________________
(qısa məzmunu göstərilir)
___________________________________________________________________
Yekun qiymətləndirmə balı: ____________________
Ekspert-ixtisas komissiyası qərara alır:
________________________________________________________________________________________________________________________
Ekspert-ixtisas komissiyasının
sədri: _____________________________________________________
Ekspert-ixtisas komissiyasının
üzvləri: _____________________________________________________
Ekspert-ixtisas komissiyasının
katibi: _____________________________________________________
“Məhkəmə ekspertlərinin attestasiyasının keçirilməsi və ixtisas dərəcəsinin verilməsi qaydaları”na
2 nömrəli əlavə
İxtisas dərəcəsi vərəqəsi
Soyadı, adı, atasının adı
______________________________________
______________________________________
Doğulduğu il ___________________________
Təhsili _______________________________
Elmi dərəcəsi __________________________
Vəzifəsi _______________________________
Ekspertiza idarəsində iş stajı ______________
Ekspert-ixtisas komissiyasının “_____” ______ 20_____ il tarixli qərarı əsasında Azərbaycan Respublikası __________ nazirinin “___” _______ 20__ il tarixli ___ №-li əmri ilə _______________ ixtisas dərəcəsi verilmişdir.
Ekspert-ixtisas komissiyasının “_____” ________ 20___ il tarixli qərarı əsasında Azərbaycan Respublikası __________ nazirinin “___” ________ 20__ il tarixli “___” №-li əmri ilə _______________ ixtisas dərəcəsi verilmişdir.
Ekspert-ixtisas komissiyasının “_____” _______ 20 __ il tarixli qərarı əsasında Azərbaycan Respublikası __________ nazirinin “____” 20____ il tarixli “____” №-li əmri ilə _______________ ixtisas dərəcəsi verilmişdir.
Ekspert-ixtisas komissiyasının “_____” _______ 20 ___ il tarixli qərarı əsasında Azərbaycan Respublikası __________ nazirinin “____” _______ 20 ___ il tarixli “___” №-li əmri ilə _______________ ixtisas dərəcəsi aşağı salınmışdır.
Ekspert-ixtisas komissiyasının “____” ________ 20 ___ il tarixli qərarı əsasında Azərbaycan Respublikası __________ nazirinin “_____” ________ 20__ il tarixli “___” №-li əmri ilə _______________ ixtisas dərəcəsi ləğv edilmişdir.
________________