Bakıda keçirilən Taekvondo üzrə Dünya Çempionatında ilk günə yekun vurulub. Dünya çempionatında 2 çəki dərəcəsində mükafatçılar müəyyənləşib.
Kişi taekvondoçular arasında 68 kiloqram çəki dərəcəsində dünya çempionu tituluna böyük britaniyalı Bredli Sinden yiyələnib. O, finalda cənubi koreyalı Ho-jun Jini məğlub edib. Matin Rezayi (İran) və Ulubek Raşitov (Özbəkistan) bürünc medala sahib olublar. Bu çəkidə dayanq üzərinə çıxan həmyerlimiz Cavad Ağayev isə onaltıdabir finalda mübarizəni dayandırıb.
Qadınlar arasında 57 kiloqram çəki dərəcəsində Luana Marton (Macarıstan) bütün rəqiblərinə qalib gələrək, birinci yeri tutub. Çia-Linq Lo (Tayvan) gümüş medal əldə etdiyi halda, Kubra İlgin (Türkiyə) və Mariya Paçeço (Braziliya) 3-cü olublar.
Qeyd edək ki, dünya çempionatının ikinci günündə kişi idmançılar 58, qadınlar isə 67 və 73 kiloqramda medalçıları müəyyənləşdirəcəklər.
Elçin ABBASOV,
"Xalq qəzeti"