Ləman İbrahimova: Ölkəmizdə qadın basketbolu daha da inkişaf edir

post-img

3x3 basketbol üzrə Dünya Qadın Seriyasının "Astara" mərhələsində iştirak edən Azərbaycan millisinin üzvü Ləman İbrahimova "Xalq qəzeti"nə eksklüziv açıqlama verib. Milli komandanın üzvü keçirdikləri görüşlərdə məğlub olsalar da, bu mərhələnin onlar üçün böyük bir təcrübə olduğunu bildirib.

L.İbrahimova deyib: "Ölkəmizdə ilk dəfə keçirilən 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının "Astara" mərhələsində bütün dünyadan ən yaxşı oyunçular iştirak edirdilər. Komandamız da keçirdiyi görüşlərdə məğlub olsa da, əzmlə mübarizə apardı. Rəqiblərimiz də çox güclü idilər. Bunu onların nümayiş etdirdikləri oyundakı sürət və yüksək texnikadan da hiss etdik. Görünürdü ki, onlar bu turnirə daha yaxşı hazırlaşıblar. Onu da qeyd etmək istəyirəm ki, son illər ölkəmizdə basketbolun inkişafına xüsusi diqqət yetirilir. Xüsusən də ölkəmizdə qadın basketbolu daha da inkişaf edir. Bu baxımdan bugünkü mübarizə bizim üçün həm də böyük təcrübə oldu. İldən-ilə komandamız da inkişaf edir. Ümid edirəm ki, 3x3  basketbol üzrə Azərbaycan millisi növbəti yarışlarda daha böyük uğur qazanacaq və ölkəmizi layiqincə təmsil edəcək".

Elçin ABBASOV,
"Xalq qəzeti"

İdman