Güləşçilərimizin növbəti təlim-məşq toplanışı başlayıb

post-img

Güləş üzrə milli komandalarımız dünya çempionatına hazırlıq məqsədilə növbəti təlim-məşq toplanışlarına start veriblər. Azərbaycan Güləş Federasiyasından "Xalq qəzeti"nə bildirilib ki, yığmalardan ikisi Olimpiya Güləş Mərkəzində məşqləri davam etdirir. 

Yunan-Roma güləşi üzrə millimiz mayın 9-dan fiziki hazırlıq üzrə təlim-məşq toplanışına başlayıb. Fiziki güc və dözümlülüyün artırılması istiqamətində keçirilən məşqlər ayın 23-dək davam edəcək.

Qadın güləşçilər baş məşqçi Semyon Çterevin rəhbərliyi altında mayın 15-də paytaxtda təlim-məşq toplanışına start veriblər. Hazırlıq prosesi mayın 30-da yekunlaşacaq. Sərbəst güləşçilərimiz isə mayın 14-də Rusiyaya yollanıblar. Vladiqafqazda baş məşqçi Xetaq Qazyumovun rəhbərliyi altında keçirilən hazırlıq prosesi ayın 28-dək davam edəcək.

Qeyd edək ki, komandalarımızı qarşıda Qırğızıstan (1-4 iyun) və Macarıstanda (13-16 iyul) keçiriləcək reytinq turnirləri gözləyir. Paris Olimpiadasına lisenziya xarakteri daşıyan dünya çempionatı isə sentyabrın 16-dan 24-dək Serbiyada təşkil ediləcək.

Elçin AĞAMİRZƏ,
"Xalq qəzeti"

İdman