Beynəlxalq Ağır Atletika Federasiyasının (IWF) qərarına əsasən, ağırlıqqaldırma üzrə Azərbaycan millisi Tunisdə mayın 11-20-də keçiriləcək Afrika çempionatında iştirak edəcək.
Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) mətbuat katibi Kənan Məstəliyev “Xalq qəzeti”nə açıqlamasında bildirdi ki, Ermənistanda keçirilən Avropa çempionatında Azərbaycan yığması iştirak edə bilmədiyinə görə, IWF-in alternativ olaraq göndərdiyi təklifə AAAF rəhbərliyi müsbət cavab verib. Hazırda yarışda iştirakla bağlı sənədlər və digər məsələlər müzakirə edilir. Qitə çempionatının kifayət qədər önəmli yarış olduğunu vurğulayan federasiya rəsmisi qeyd etdi ki, bu komandamız üçün yaradılmış imkandır və ondan istifadə etmək lazımdır: “Qitə çempionatı “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır. Komandamız onun üçün yaradılmış şəraitdən maksimum faydalanmağa çalışacaq. Hazırda idmançılarımız yaxşı formadadırlar. Ağırlıqqaldıranlarımız Afrika çempionatında uğurla çıxış etməyə çalışacaqlar”.
Xatırladaq ki, Ermənistanda bu ilin aprelin ortalarında keçirilən Avropa çempionatının açılış mərasimində Azərbaycan Bayrağının turnirin təşkilatçılarından olan, rəsmi akkreditasiyadan keçmiş şəxs tərəfindən nümayişkaranə şəkildə yandırılmasına etiraz olaraq komandamız yarışda iştirakdan imtina etmişdi.
L.QURBANOVA, “Xalq qəzeti”

