Qadın güləşçilərimiz bu axşam medallar uğrunda mübarizə aparacaqlar

post-img

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən güləş üzrə Avropa çempionatı davam edir. Dünən üçüncü yarış günündə qadın güləşi üzrə mübarizəyə start verilib. Təmsilçimiz Mariya Stadnik (50 kq) təsnifat mərhələsində türkiyəli Evin Demirhana tam üstünlüklə qalib gəlib - 14:4. Millimizin lideri fransalı Jüli Sabatyeni 9:3 hesabıyla məğlub edərək yarımfinala yüksəlib. Stadnik final yolunda polşalı Ana Lukasyakla güləşib və inamlı qələbə (9:0) qazanaraq 9-cu dəfə Avropa çempionatının finalına yüksəlib. Mariya həlledici görüşdə ukraynalı Oksana Livaçla qarşılaşacaq.

Həmyerlimiz Elnurə Məmmədova (55 kq) təsnifat mərhələsində litvalı Laura Staneliteni vaxtından əvvəl üstələyib - 13:3. Həmyerlimiz 1/4 finalda rumıniyalı Avropa çempionu Andrea Ana ilə qarşılaşıb və güclü rəqibinə müqavimət göstərə bilməyib - 0:11. Ana finala yüksəldiyi üçün Məmmədova 3-cü yer uğrunda güləşmək hüququ qazanıb. Elnurə polşalı Katarjina Kravçiklə üz-üzə gələcək.

Mübarizəyə 1/4 finaldan qoşulan daha bir qasın güləşçimiz Alyona Kolesnik (59 kq) isə italiyalı Morena de Vitanı "tuş"la məğlub edib. Kolesnik yarımfinalda ukraynalı dünya və Avropa çempionu Yuliya Tkaça müqavimət göstərə bilməyib - 0:10. Alyona bürünc medal uğrunda almaniyalı Sandra Paruşevskiylə güləşəcək.

Qeyd edək ki, medal görüşləri bu axşam yerli vaxtla  20:00-da başlayacaq.

Elçin AĞAMİRZƏ,
"Xalq qəzeti"

İdman