Dünya 7-ci dəfə Bakı trekini izləyəcək

post-img

Auditoriyasına görə yalnız Olimpiya Oyunlarından və futbol üzrə dünya çempionatından geri qalan Formula 1-in Bakı mərhələsi yaxınlaşdıqca dünyanın diqqəti paytaxtımıza yönəlir. Doğma şəhər trası planetin ən sürətli maşınlarını növbəti dəfə sınaqdan keçirməyə hazırlaşır. Aprelin 28-30-da Bakı Şəhər Halqasında keçiriləcək, yüksək sürət və maksimum adrenalin bəxş edəcək yürüşü Formula 1 pilotları və azarkeşlər böyük həyəcanla gözləyirlər. 

Budəfəki yarışlara dünya miqya­sında daha böyük marağın olması bir sıra faktlarda öz təsdiqini tapır. Belə ki, şəhər trasları arasında ən sürət­li hesab olunan Bakı trekində sürət həyəcanına yaxın olmaq üçün pay­taxtımıza daha çox ölkədən azarkeş­lər təşrif buyuracaqlar. 

Ötən ilin sonlarında Azərbaycan Prezidenti İlham Əliyev Formula 1 Qrupunun İdarə Heyətinin sədri və prezidenti Stefano Domenikalini və Formula 1 Qrupunun məsləhətçisi Flavio Briatoreni qəbul edərkən For­mula 1 yarışlarının Azərbaycanda uğurla keçirilməsinin önəmi vurğu­lanmaqla yanaşı, yarışları seyr et­mək üçün ölkəmizə xeyli sayda turist­lərin gəlməsi də məmnunluqla qeyd olunub. Qurum rəsmiləri Bakı şəhər halqasının Formula 1 üzrə dünya çempionatının ən gözəl treklərindən biri olduğunu, bu yarışların keçiril­məsi üçün Bakıda gözəl və müasir infrastrukturun yaradıldığını vurğu­layıblar. Bakı şəhərinin gözəlliyinin, təmizliyinin və işıqlandırma sistemi­nin onlarda xoş təəssürat yaratdığını deyiblər.

Yarışları izləməyə gəlmiş tama­şaçılar da müsahibələrində təkcə av­tomobil yürüşündən deyil, ölkəmizdə olmaqdan da böyük zövq aldıqlarını dönə-dönə qeyd ediblər. Təbii ki, on­ların hamısı yalnız avtomobil yarış­larına görə ölkəmizə gəlmir. Ötən il­lərdəkinə nisbətən xarici azarkeşlərin sayında böyük artımın olması, həm də ölkəmizə hədsiz maraqdan xəbər verir. 

Azərbaycan Prezidenti İlham Əliyev Formula 1 yarışının ölkəmizə böyük iqtisadi dividendlər gətirdiyini də qeyd edib. Dövlətimizin başçı­sı bildirib ki, Formula 1 yarışını ke­çirən şəhərlər inkişaf etmiş ölkələrin ya paytaxt şəhərləri, ya da ki, böyük şəhərləridir. Onların arasında Bakı şəhərinin mövcudluğu bizim üçün böyük hadisədir. 

Təbii ki, müasir infrastruktur, elə­cə də son zamanlar yeni otellərin in­şası, nəqliyyat sektorundakı yenilik­lər, ictimai-iaşə obyektlərində xidmət səviyyəsinin getdikcə yüksəlməsi, yay turizmi ilə yanaşı, qış turizminin yaradılması ölkəmizin potensialını daha da artırır. Hesablamalara görə, Bakıda keçirilmiş ilk dörd yarış ölkə iqtisadiyyatına, ümumilikdə, 500 mil­yon dollardan çox gəlir gətirib.

Azərbaycanda ən yüksək səviy­yədə keçirilən qlobal tədbirlər, irimiq­yaslı idman yarışları ölkəmizi dünya­nın beynəlxalq mərkəzlərindən biri kimi səciyyələndirir. Əsas məqamlar­dan biri isə Azərbaycanın dünyanın ən təhlükəsiz ölkələrindən biri kimi ad çıxarmasıdır ki, bu da dövlətimizin cəlbediciliyini artırır. 

Formula 1-in təqribən yarım mil­yard nəfərlik auditoriyası üçün Bakı şəhər trekində yürüşü izləyərkən İçərişəhər boyunca uzanan əsrarən­giz qala divarları, Qız Qalası kimi UNESCO tərəfindən qorunan qədim tarixi abidələrlə də tanış olmaq im­kanı yaranır. Təsəvvür edin, Formula 1 pilotlarını daima sınaq qarşısında qoyan ən dar döngəli Bakı treki, həm də şəhər trekləri arasında ən sürətlisi hesab olunur. Eyni zamanda, yüksək sürət, kəskin döngələr və ensiz his­sələr dəqiq ustalıq tələb edir. “Külək­lər şəhəri” kimi tanınan Bakı Formula 1 yarışını təkcə pilotlar üçün deyil, tamaşaçılar üçün də ən həyəcanlı avtomobil yürüşünə çevirir. 

Yarışın sosial cəhətdən faydaları sırasında ölkəmizdə könüllülük insti­tutunun inkişafında oynadığı mühüm rolu xüsusi vurğulamaq olar. Hər il minlərlə gəncin könüllülük, eləcə də marşallıq proqramı çərçivəsində ha­zırlığı, peşəkar və fərdi inkişafı Azər­baycanda insan kapitalına böyük töhfədir. 

Bakı trekində keçirilən yarışın sürprizlərlə dolu olması onun maraq­lılığını daha da artırır. Ötən 6 yarışın hər birində fərqli pilotun qalib gəlmə­sini bildirən termin “Bakı sindromu” builki yarışa da əlavə həyəcan qata­caq. Çünki indiyə qədər heç bir pilot Bakıda təkrar qalib ola bilməyib. 

Beləliklə, dünyanın ən məş­hur pilotlarının öz təbiri ilə desək – “insidentlərin çox olduğu”, “divarların yaxın olmasının adrenalini artırdığı”, “uzun birbaşa yol və çoxsaylı dön­gələr”lə zəngin, “fəal hücum etmək imkanı”na malik Bakı şəhər trekinin bəzi yerlərində “yüksək sürət yığan­dan sonra əyləci basmaq” elə də rahat deyil. Ümumi fikirlər isə bunu deyir: “Gözlənilməzə hazır ol” şüarı altında keçiriləcək Formula 1 Azər­baycan Qran-Prisi bu il də hədsiz həyəcan və bol sürprizlərlə bol ola­caq! 

Leyla QURBANOVA, “Xalq qəzeti”

İdman