“RE Lee International” sığorta şirkəti ilə sərvət qazanmış honkonqlu milyarder Kelvin Lo Formula 1 çempionatında öz iştirakını genişləndirmək fikrindədir. Hazırda biznesmen “Dorilton Capital” fondu vasitəsilə “Williams Racing” komandasının sahibidir. Lakin bu, avtomobil idmanının varlı pərəstişkarı üçün kifayət etmir. O, öz komandasının yaratmaq istəyir.
AZƏRTAC xəbər verir ki, Kelvin Lo Reuters agentliyinə müsahibəsində deyib: “İndiki şəraitdə Formula 1-də bizim üçün bəzi imkanlar yaranıb və bir neçə komanda ilə ciddi danışıqlar aparırıq. Onların arasında debütə hazırlaşanlar da var, biri isə 2026-cı il mövsümündə iştirak etmək üçün müraciət edib. Digər komanda cari mövsümə hazırlaşır. Sizi inandırmaq istəyirəm ki, maliyyə məsələsi mənim üçün o qədər də böyük problem deyil, əslində, ən mürəkkəb olan mexanikləri, mühəndisləri və komandanın digər üzvlərini vahid komandaya cəlb etməkdir. Hələ ki, mən sadəcə gözləyirəm, hesabatları nəzərdən keçirirəm, rəqəmləri öyrənirəm, uzunmüddətli perspektivdə hər şeyin yaxşı olacağına əmin olmaq istəyirəm.
Mən Formula 1-də Asiya ölkələrinin daha çox iştirak etməsini, asiyalı istedadların əksəriyyət təşkil etməsini, onların təkcə pilot kimi deyil, həm də yürüşün təşkilatçıları qismində cəlb olunmasını istərdim. Formula 1 ABŞ-ə daha çox diqqət yetirir, amma Asiyada daha çox bazar oyunçusu, investorlar var ki, onlar idmanın bu növü ilə məşğul olmağı arzulayıblar. Onların sayı bizim təsəvvür etdiyimizdən də çoxdur. Mənim bəxtim gətirib ki, onların bir çoxunu tanıyıram. Bu insanlar öz fikirlərini bildirib və layihədə iştirak etmək maraqlarını ifadə ediblər. Beləliklə, bizim öz resurslarını birləşdirməyə hazır olan konsorsiumumuz var”.