Qadın voleybolçuların ölkə birinciliyində ikinci finalçı bəlli olub. Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən aldığımız məlumata görə, Yüksək Liqada yarımfinalın son matçı keçirilib. Voleybol Mərkəzində təşkil olunan görüşdə “Abşeron” və “Murov” klubları üz-üzə gəliblər.
Qeyd edək ki, bundan əvvəl həmin komandaların ilk iki oyununda tərəflər hərəyə bir qələbə qazandığından əlavə oyuna ehtiyac yaranmışdı. Həlledici olan bu qarşılaşmaya “Abşeron” daha yaxşı başlayıb və ilk setdə çətinlik çəkmədən qalib gəlib – 25:16. Bu üstünlüyünü sonadək qoruyan “Abşeron” klubu “Murov”un ciddi müqavimətinə baxmayaraq, növbəti hissələri 25:21 hesabları ilə öz xeyrinə yekunlaşdırıb və meydandan 3:0 hesablı qələbə ilə ayrılıb.
Beləliklə, rəqibi üzərində iki qələbə qazanan “Abşeron” finala vəsiqə qazanıb. Komanda çempionluq yolunda “Azərreyl”ə rəqib olub. “Murov” isə bürünc medal uğrunda UNEC-ə qarşı yarışacaq.
Qeyd edək ki, ölkə birinciliyinin reqlamentinə əsasən, final və üçüncülük oyunları 3 qələbəyədək davam edəcək. Bu mərhələnin qarşılaşmalarının keçiriləcəyi tarixlə bağlı əlavə məlumat veriləcək.
Elçin ABBASOV, “Xalq qəzeti”