Yeniyetmə və gənc stolüstü tennisçilərdən ibarət seçmə komandamız Türkiyədə keçiriləcək “Pro-Tur” yarışında mübarizə aparacaq. Antalyada təşkil olunan turnirdə 10 idmançımız bacarığını göstərəcək. Bildirilir ki, bu gün start götürəcək yarış martın 22-dək davam edəcək.
Baş məşqçi Fərhad İsmayılov bu yarışda Ləman Abdulhəmidova, Zemfira Mikayilova, Arzu Aslanova, Mərziyyə Nurmətova, Aylin Əsgərova və Yağmur Məmmədlidən ibarət heyətə güvənəcək.
Oğlanlardan ibarət komanda isə Antalya sınaqlarına martın 22-də qatılacaq. Ramil Cəfərovla Elnur Hidayətzadənin rəhbərliyi ilə Rüstəm Hacılı, Hüseyn Eylazov, Onur Quluzadə və Adil Əhmədzadə mükafatlar uğrunda mübarizə aparacaq.
Qeyd edək ki, beynəlxalq dərəcəli hakimlər Könül Mikayılova ilə Zaur Mikayılov turnirin oyunlarını idarə edəcəklər.
Elçin AĞAMİRZƏ, “Xalq qəzeti”