ASAPES-də inklüziv təhsil layihələri çərçivəsində tədbir keçirilib

post-img

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ASAPES) BP və tərəfdaşları tərəfindən dəstəklənən inklüziv təhsil layihələri çərçivəsində tədbir keçirilib.

Tədbirdə BP-nin Xəzər regionu üzrə Xarici əlaqələr və kommunikasiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, Azərbaycan Respublikasının elm və təhsil nazirinin müavini İdris İsayev, ASAPES-in rektoru Fuad Hacıyev, Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov, Böyük Britaniya Paralimpiya Assosiasiyasının fəxri vitse-prezidenti Entoni Seinsböri, AGT Regionunun xarici əlaqələr və kampaniyalar şöbəsinin müdiri Tamam Bayatlı, “British Council”un ölkə üzrə direktoru Nərgiz Hacıyeva, “Birgə və Sağlam” İctimai Birliyinin sədri Aytən Eynalova, “DanceAbility” Azərbaycan şirkətinin rəhbəri Nigar Sultanova, “Regional İnkişaf” İctimai Birliyinin inklüziv təhsil layihəsinin koordinatoru Zərifə Məmmədli, həmçinin Akademiyanın professor-müəllim heyəti və digər fəxri qonaqlar iştirak edib.

ASAPES-in rektoru Fuad Hacıyev, BP-nin Xəzər regionu üzrə Xarici əlaqələr və kommunikasiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, Azərbaycan Respublikasının elm və təhsil nazirinin müavini İdris İsayev, Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov, Böyük Britaniya Paralimpiya Assosiasiyasının fəxri vitse-prezidenti Entoni Seinsböri və digər çıxış edən natiqlər həyata keçirilən layihələr vasitəsilə inklüziv cəmiyyətin prinsiplərini təbliğ etməklə əlilliyi olan insanların inteqrasiya imkanlarının fəal şəkildə təşviq olunmasının zəruriliyini bildiriblər.

Bundan başqa, ölkəmizdə əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların bədən tərbiyəsi və idman sahəsinə cəlb olunması və idman vasitəsilə cəmiyyətdə inklüzivliyin inkişafına dəstəyin artırılmasının vacibliyi vurğulanıb, Akademiyanın “Sağlamlıq imkanları məhdud uşaqlar üçün bədən tərbiyəsi və idman sahəsində hybrid (onlayn və oflayn) qeyri-formal təhsilin təşkili üzrə sınaq layihəsi”ni özündə əks etdirən videoçarx nümayiş olunub.

Basketbol, üzgüçülük və atletika üzrə paralimpiya çempionu, 2001-2017-ci illərdə Beynəlxalq Paralimpiya Komitəsinin prezidenti, Akademiyanın fəxri professoru, Azərbaycan “Dostluq” ordeni laueratı Sir Filip Krevenin çıxışı nümayiş etdirilib. Eyni zamanda BP və tərəfdaşları tərəfindən dəstəklənən inklüziv təhsillə bağlı tamamlanmış layihələr haqqında ətraflı məlumatlar verilib.

Qeyd edək ki, layihə çərçivəsində Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası tərəfindən 13 ay ərzində inklüziv təhsilin effektiv forması olan hibrid (onlayn və oflayn) təhsil modelinin istifadəsi, əlilliyi olan uşaqların abilitasiyası, reabilitasiyası və sosial inteqrasiyası sahəsində qabaqcıl beynəlxalq təcrübələrin təşviqi, Akademiyanın bir qrup müəllim və tələbəsi üçün xüsusi təlimlərin təşkili həyata keçirilib.

Sonda layihələrin həyata keçirilməsinin davam etdirilməsinin zəruriliyi bir daha vurğulanıb və yeni layihələrin istiqamətləri ilə bağlı məlumat verilib. Yeni layihələr autizm və müalicəvi idman mütəxəssisləri, könüllülər və autizmin qiymətləndirilməsi, diaqnostikası, reabilitasiyası və terapiyası ilə məşğul olan digər qruplar üçün xüsusi təlimləri və Bakı, Sumqayıt, Şirvan, Gəncə, Abşeron, Quba, Şəki, Qazax, Xaçmaz, Qəbələ və Ağcabədi də daxil olmaqla ölkənin müxtəlif yerlərindən seçilmiş 24 məktəb əhatə olunmaqla xüsusi hazırlanmış təlim proqramı vasitəsilə 250-yə yaxın məktəb müəlliminin inklüziv təhsil sahəsində nəzəri biliklərini və praktiki bacarıqlarını təkmilləşdirməyi nəzərdə tutur. 

Tədbirdə Autizm Mərkəzinin şagirdlərinin çıxışı iştirakçılar tərəfindən alqışlarla qarşılanıb.

A.ELÇİN,

“Xalq qəzeti”









İdman