Dövlətimizin başçısı İlham Əliyevin 2005-ci il 4 mart tarixli Sərəncamı ilə Azərbaycanda hər il martın 5-də Bədən Tərbiyəsi və İdman Gününün qeyd olunması təsadüfi deyil. 1995-ci ilin məhz həmin günündə Ümummilli Lider Heydər Əliyevin Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşməsi, İdman Fondunu təsis etməsi ölkəmizdə layiqli ənənələri olan bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməlini qoyub. Prezident İlham Əliyevin 1997-ci ildə Azərbaycan Milli Olimpiya Komitəsinə rəhbər seçilməsindən sonra ölkəmizdə idmana və bədən tərbiyəsinə diqqət daha da artırılıb.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Kunq-Fu Federasiyasının baş məşqçisi Anar Süleymanov deyib.
Bildirib ki, ölkəmizdə yürüdülən düzgün siyasətin nəticəsində bu gün Azərbaycan bütün dünyada idman ölkəsi kimi tanınır. Bu, məni bir idmançı olaraq çox sevindirir. Son illərdə tək mübarizəli idman növləri inkişaf edib. Amma hazırda komanda idman növlərinə diqqət artırılıb. Ümumiyyətlə, cəmiyyətin ən başlıca vəzifələrindən biri insanların sağlamlığını təmin etməkdən ibarətdir. Buna görə də Azərbaycan dövləti böyüyən nəslin sağlamlığını daim diqqət mərkəzində saxlayır. İdman sağlamlıq, təmiz düşüncə, millətin gələcəyi, eləcə də gənclərimizin həm fiziki, həm də mənəvi sağlamlığının inkişafı deməkdir.
“Dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda idmanın bütün sahələrinin inkişafı, idmançıların yüksək səviyyədə qayğı ilə əhatə olunması, idman komplekslərinin müasir tələblərə cavab verəcək səviyyədə qurulması üçün xeyli işlər görülür. Bu gərgin əməyin nəticəsidir ki, Azərbaycan dünyada böyük nüfuz qazanıb. Prezident İlham Əliyevin dediyi kimi: “Hər bir idman qələbəsi, xüsusilə, mötəbər beynəlxalq yarışlarda qazanılmış qələbə ölkəmizdə milli qüruru, milli ruhu yüksəldir”. Ona görə idmanın hər bir ölkənin həyatında çox önəmli rolu var”, - deyə A.Süleymanov əlavə edib.