“Qarabağ” Belçikaya qalib yollanacaq

post-img

“Qarabağ” klubu Tofiq Bəhramov adına Respublika Stadionunda azarkeşlərə növbəti dəfə sevincli anlar yaşadıb. Belə ki, Ağdam təmsilçisi UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda Belçikanın “Gent” komandasını məğlub edib. 

Futbolçular meydana “Yanınızdayız” pankartı ilə çıxıblar. Bu günlərdə qardaş Türkiyədə, Güney  Azərbaycanda və Suriyada baş vermiş zəlzələ qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra matç isveçli baş hakim  Məhəmməd Al-Hakimin fiti ilə start götürüb. Ona Fredrik Klyver və Robin Vilde kömək ediblər. Dördüncü hakim funksiyasını Bojan Pandzic yerinə yetirib. Oyunun hakim-inspektoru estoniyalı Uno Tutk və UEFA nümayəndəsi irlandiyalı Peadar Ryan idi.

Ağdam təmsilçisinin start heyətində Elvin Cəfərquliyev, Bədavi Hüseynov, Ramil Şeydayev, Musa Qurbanlı, Bəhlul Mustafazadə, Luka Quqeşaşvili, Julio Romao, Marko Yankoviç, Abdullah Zubir, Leandro Andrade və Marko Veşoviç meydana çıxıblar.

Rəqib komandanın start heyətində isə  Cordan Torunariqa, Sven Kums, Bruno Qodo, Deyvi Rof, Alessio Kastro-Montes, Villi Orban, Cozef Okumu, Mişel Nqadye-Nqacui, Xönseok Xon, Uqo Kuypers və Jülyen De Sart meydana çıxıblar.

İlk 45 dəqiqə qarşılıqlı hücumlar şəraitində keçsə də, birinci hissədə hesab açılmayıb. İkinci hissədə daha üstün oyun sərgiləyən “Qarabağ”  52-ci dəqiqədə 11 metrlik cərimə zərbəsi vurmaq imkanı əldə edib. Təəssüf ki, Ramil Şeydayev penalti zərbəsini dəqiq yerinə yetirə bilməyib. Əgər həmin 11 metrlik cərimə zərbəsi dəqiq yerinə yetirilsə idi, komandamız cavab oyununda meydana bir qədər də üstün çıxacaqdı. 

Lakin həvəsdən düşməyən “Qarabağ” futbolçularının əzmkar mübarizəsi nəticəsində oyunda hesab 78-ci dəqiqədə açılıb. Ağdam təmsilçisinin heyətində  Leandro Andrade komandasını hesabda irəli çıxarıb - 1:0. 

Xatırladaq ki, komandalar arasında cavab oyunu fevralın 23-də Belçikanın Gent şəhərində keçiriləcək.

Elçin ABBASOV,

“Xalq qəzeti”





İdman