Yolu qaçaraq keçən piyadanı avtomobil vurub

post-img

Piyada keçidinin bir neçə metrliyində yolu qaçaraq keçən piyadanı avtomobil vurub. Bununla bağlı Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Bildirilir ki, piyadalar piyada keçidindən istifadə etməli, diqqətli olmalı və nəqliyyat vasitələrinin onlara yol verdiyinə əmin olduqdan sonra yolu keçməlidirlər. Həyat üçün vacib olan bu qaydalara əməl edilmədikdə, təəssüflər olsun ki, piyada vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələri baş verir. 

Növbəti belə bir qəza ötən gün axşam saatlarında Nəsimi rayonu, Səməd Vurğun və Füzuli küçələrinin kəsişməsində qeydə alınıb.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi həm piyadalara, həm də sürücülərə müraciət edir:

1. Piyadalar avtomobillərin qarşısından qaçaraq yolu keçməməlidirlər. Bu, olduqca təhlükəlidir! 

2. “Keçid olmasa da olar” deyib yolu keçməyin. Piyadalar daha çox keçiddən kənar yerlərdə qəza qurbanı olur. Yolu yalnız piyada keçidlərindən keçin!

3. İşıqforlu keçidlərdə yaşıl işığın yanmağını gözləmədən yolu keçmək təhlükəlidir!

4. Sürücülər keçidlərə yaxınlaşdıqda sürəti azaltmalı, piyadalara yol verməlidirlər. Yolun ən həssas iştirakçılarına qarşı diqqətli olmalıdırlar.

Hər bir yol hərəkəti iştirakçısının təhlükəsizliyi öz əlindədir. Bunun üçün isə qaydalara əməl edilməlidir.

P.ƏMİRCANOV
XQ

Hadisə