Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin ƏSASNAMƏSİ

post-img

Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 12 fevral tarixli Fərmanı ilə təsdiq edilmişdir

1. Ümumi müddəalar

1.1. Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi (bundan sonra – Agentlik) rəqabət, dövlət satınalmaları, reklam (açıq məkanda reklam istisna olmaqla), standartlaşdırma, metrologiya, texniki tənzimləmə, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya, keyfiyyətin idarə edilməsi, istehlakçıların hüquqlarının müdafiəsi və istehlak bazarına nəzarət sahələrində dövlət siyasətini və tənzimləməsini, habelə ölkədə dövlət əyar nəzarətini və qiymətli metalların, qiymətli daşların istehsalı, emalı, istifadəsi və dövriyyəsi, eləcə də emal edilməmiş almazların idxalı, ixracı, istifadəsi, dövriyyəsi, uçotu və saxlanılması, o cümlədən izlənməsi sahələrində dövlət nəzarətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

1.2. Agentlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, bu Əsasnaməni, Azərbaycan Respublikası Prezidentinin digər fərmanlarını, həmçinin sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını rəhbər tutur.

1.3. Agentlik öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən digər dövlət orqanları (qurumları), yerli özünüidarəetmə orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə, habelə digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

1.4. Agentliyin müstəqil balansı, istifadəsində olan dövlət əmlakı, xəzinə və bank hesabları, üzərində Azərbaycan Respublikası Dövlət Gerbinin təsviri və öz adı həkk olunmuş möhürü, müvafiq ştampları və blankları vardır.

1.5. Agentliyin saxlanılma xərcləri və fəaliyyəti, habelə maddi-texniki təminatı Azərbaycan Respublikasının dövlət büdcəsi, büdcədənkənar vəsait və qanunda nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir.

1.6. Agentlik Bakı şəhərində yerləşir.

2. Agentliyin fəaliyyət istiqamətləri

2.1. Agentliyin əsas fəaliyyət istiqamətləri aşağıdakılardır:

2.1.1. rəqabət, dövlət satınalmaları, reklam (açıq məkanda reklam istisna olmaqla), standartlaşdırma, metrologiya, texniki tənzimləmə, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya, keyfiyyətin idarə edilməsi, istehlakçıların hüquqlarının müdafiəsi və istehlak bazarına nəzarət, ölkədə dövlət əyar nəzarəti və qiymətli metalların, qiymətli daşların istehsalı, emalı, istifadəsi və dövriyyəsi, habelə emal edilməmiş almazların idxalı, ixracı, istifadəsi, dövriyyəsi, uçotu və saxlanılması, o cümlədən izlənməsi sahələrində (bundan sonra – müvafiq sahə) dövlət siyasətinin formalaşdırılmasında iştirak etmək və həmin siyasətin həyata keçirilməsini təmin etmək;

2.1.2. rəqabət, dövlət satınalmaları, reklam (açıq məkanda reklam istisna olmaqla), standartlaşdırma, metrologiya, texniki tənzimləmə, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya, keyfiyyətin idarə edilməsi, istehlakçıların hüquqlarının müdafiəsi və istehlak bazarına nəzarət sahələrində dövlət tənzimləməsini həyata keçirmək;

2.1.3. müvafiq sahədə dövlət nəzarətini və əlaqələndirməni həyata keçirmək;

2.1.4. aidiyyəti dövlət orqanları ilə birlikdə dövlətin qiymət-tarif siyasətinin həyata keçirilməsində iştirak etmək;

2.1.5. müvafiq sahədə normayaratma fəaliyyətini həyata keçirmək;

2.1.6. müvafiq sahənin inkişafı üçün tədbirlər görmək.

3. Agentliyin vəzifələri

3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Agentliyin vəzifələri aşağıdakılardır:

3.1.1. müvafiq sahədə normayaratma fəaliyyətindən irəli gələn vəzifələri həyata keçirmək;

3.1.2. müvafiq sahədə inkişaf konsepsiyalarının və dövlət proqramlarının hazırlanmasını və həyata keçirilməsini aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə təmin etmək;

3.1.3. müvafiq sahədə dövlət tənzimləməsi mexanizmlərinin təkmilləşdirilməsinə dair təklifləri aidiyyəti üzrə təqdim etmək;

3.1.4. rəqabət qanunvericiliyinin tələblərinə riayət olunmasına dövlət nəzarətini həyata keçirmək, inhisarçılıq və haqsız rəqabət fəaliyyətinin qarşısının alınması, məhdudlaşdırılması və aradan qaldırılması, təsərrüfat subyektləri və müştərilərin mənafelərinin pozulmasına gətirib çıxaran və ya gətirib çıxara bilən hərəkətlərin qarşısının alınması ilə bağlı rəqabət qanunvericiliyi ilə səlahiyyətlərinə aid edilmiş tədbirlər görmək;

3.1.5. rəqabət qanunvericiliyində nəzərdə tutulmuş hallarda və qaydada hüquqi şəxslərin, o cümlədən dövlətə və bələdiyyəyə məxsus olan hüquqi şəxslərin yaradılmasına, yenidən təşkilinə və ləğv edilməsinə razılıq vermək;

3.1.6. iqtisadi təmərküzləşmələrlə bağlı müvafiq ərizələri rəqabət qanunvericiliyinə uyğun olaraq araşdırmaq, araşdırmanın nəticələrinə əsasən təmərküzləşmələrə şərtli və ya şərtsiz razılıq vermək, yaxud razılıq verilməsindən imtina etmək;

3.1.7. rəqabətin vəziyyətini araşdırmaq, təsərrüfat subyektlərinin hökmran mövqeyini müəyyən etmək və müvafiq bazarda payı qanunvericiliklə müəyyən edilmiş həddən çox olan hökmran mövqe tutmuş təsərrüfat subyektlərinin fəaliyyətində rəqabətli mühitin təmin edilməsi üçün təkliflər vermək;

3.1.8. dövlət orqanları (qurumları), yerli özünüidarəetmə orqanları, habelə tənzimləyici qurumlar tərəfindən iqtisadiyyatın müəyyən sahələrində fəaliyyət göstərən təsərrüfat subyektlərinə subsidiya və digər dövlət yardımlarının verilməsini və tənzimləmə tədbirlərinin rəqabətə təsirini mütəmadi olaraq qiymətləndirmək;

3.1.9. təsərrüfat subyektləri ilə xarici ölkələrin hüquqi və fiziki şəxsləri arasında bağlanılan sazişlərin, təmərküzləşmələrin və (və ya) həmin subyektlərin xaricdəki fəaliyyətinin daxili bazarda rəqabəti məhdudlaşdırmasına gətirib çıxardığı hallarda tədbirlər görmək;

3.1.10. qiymət manipulyasiyası, qiymət ayrı-seçkiliyi və qiymətlərin dempinqinə qarşı rəqabət qanunvericiliyi ilə müəyyən edilmiş qaydada tədbirlər görmək;

3.1.11. rəqabət qanunvericiliyi ilə müəyyən edilmiş hallarda və qaydada, bazar subyektləri tərəfindən rəqabət qanunvericiliyinə əməl edilməsinə dövlət nəzarəti metodlarını (araşdırma və yoxlama) həyata keçirmək, təhlil və monitorinqlər aparmaq, o cümlədən qiymət artımına təsir göstərən inhisarlaşma, rəqabətin məhdudlaşdırılması, bazarların bölüşdürülməsi, razılaşdırılmış qiymətlərin tətbiq edilməsi hallarının qarşısının alınması məqsədilə hər bir məhsul bazarı üzrə monitorinqlər aparmaq;

3.1.12. rəqabət qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə verilmiş qərarlar və göstərişlər icra olunmadıqda, həmin qərar və göstərişlərin məcburi icrasını təmin etmək məqsədilə məhkəmədə iddia qaldırmaq;

3.1.13. rəqabət qanunvericiliyini pozan bazar subyektləri maliyyə sanksiyasını vaxtında ödəmədiyi və ya qismən ödədiyi halda maliyyə sanksiyasının, yaxud onun ödənilməmiş hissəsinin məcburi qaydada ödənilməsi üçün tələbin məcburi icraya yönəldilməsi haqqında qərar qəbul etmək;

3.1.14. rəqabət qanunvericiliyinin pozulmasına yol verilməklə bağlanılmış sazişlərin və müqavilələrin ləğvi və ya dəyişdirilməsi, həmçinin bazarın digər subyektləri ilə sazişlərin və müqavilələrin məcburi qaydada bağlanılması, habelə razılıq alınmadan həyata keçirilən və rəqabəti məhdudlaşdıran təmərküzləşmələrə yol vermiş təsərrüfat subyektlərinin (maliyyə institutlarına münasibətdə Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə razılaşdırmaqla) bölünməsi haqqında göstəriş icra edilmədikdə, onların tam və ya qismən etibarsız hesab edilməsi (etibarsızlığının təsdiq edilməsi) və nəticələrinin tətbiq edilməsi, yaxud məcburi qaydada bağlanılması barədə iddia ilə məhkəməyə müraciət etmək;

3.1.15. Agentlik tərəfindən aparılan araşdırmalar və yoxlamalar zamanı bazar subyektləri tərəfindən rəqabət qanunvericiliyinin pozulması əlamətləri müəyyən edildikdə, həmin subyektlər barəsində rəqabət qanunvericiliyinin tələblərinə uyğun olaraq iş qaldırmaq, işin nəticələrinə uyğun olaraq maliyyə sanksiyaları tətbiq etmək və icrası məcburi olan göstərişlər vermək;

3.1.16. rəqabət, istehlakçıların hüquqlarının müdafiəsi, texniki tənzimləmə, metrologiya, uyğunluğun qiymətləndirilməsi, standartlaşdırma və akkreditasiya haqqında qanunvericiliyin pozulması ilə əlaqədar təsərrüfat subyektinə verilmiş lisenziyanın və ya icazənin qüvvəsinin dayandırılması üçün onu vermiş dövlət orqanına (qurumuna) təqdimat göndərmək;

3.1.17. təbii inhisar subyektlərinin fəaliyyətinə dövlət nəzarətini həyata keçirmək, onların müştərilərin mənafeyinə və rəqabətə mənfi təsir göstərə bilən hərəkətlərinin qarşısının alınması və aradan qaldırılması üçün rəqabət qanunvericiliyi ilə müəyyən edilmiş qaydada tədbirlər görmək;

3.1.18. təbii inhisar subyektlərinin fəaliyyətinin rəqabət qanunvericiliyinə müvafiq olaraq həyata keçirilməsinin monitorinqini aparmaq və təbii inhisar subyektlərinin siyahısına dair təkliflər vermək, bu məqsədlə təsərrüfat subyektlərindən texniki-iqtisadi və digər göstəriciləri almaq, iqtisadi və hüquqi əsaslandırmaları əldə etmək, eləcə də təsərrüfat subyektlərinin təbii inhisar subyektlərinin siyahısına daxil edilmələri ilə bağlı müraciətlərinə baxmaq;

3.1.19. təbii inhisar subyektləri tərəfindən qiymətləri tənzimlənməyən məhsullar üzrə rəqabət qanunvericiliyi ilə müəyyən edilmiş tələblərə uyğun gəlməyən və iqtisadi cəhətdən əsaslandırılmamış qiymətlərin real iqtisadi göstəricilərə uyğunlaşdırılması barədə göstərişlər vermək;

3.1.20. təbii inhisar subyektlərinin dövlət nəzarətində olan hərəkətlərinin həyata keçirilməsinə və sosial xarakterli fövqəladə mühit rejiminin mövcudluğu səbəbindən təbii inhisar subyektlərinin müraciəti əsasında müəyyən ərazidə, yaxud dövrdə digər bazar subyektinin müvəqqəti fəaliyyət göstərməsinə razılıq vermək;

3.1.21. təbii inhisar sahəsində dövlət tənzimləməsini həyata keçirmək, o cümlədən təbii inhisar subyektlərinin hər biri üçün tətbiq edilməli olan tənzimləmə üsullarını rəqabət qanunvericiliyinə uyğun müəyyənləşdirmək və tətbiq etmək;

3.1.22. dövlət tərəfindən qiymətləri tənzimlənən malların (işlərin, xidmətlərin) siyahısına, o cümlədən təbii inhisar subyektlərinin məhsullarının qiymətlərinin tənzimlənməsinə, habelə tənzimlənən qiymətlərin formalaşdırılmasına dair təkliflər vermək, daxil olmuş təkliflərə rəy vermək, onların tətbiqi qaydalarına nəzarət etmək;

3.1.23. “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada antidempinq, kompensasiya və mühafizə tədbirləri üzrə araşdırmanı həyata keçirmək;

3.1.24. maliyyə-sənaye qruplarının fəaliyyətinə “Maliyyə-sənaye qrupları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada nəzarət etmək;

3.1.25. maliyyə-sənaye qruplarının yaradılmasına dair müqavilələrə, həmin müqavilələrin şərtlərində və ya qrup iştirakçılarının tərkibində edilən dəyişikliklərlə bağlı müraciətlərə rəqabət qanunvericiliyinin tələblərinə uyğunluq barədə rəy vermək;

3.1.26. “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikası Qanununun və texniki normativ hüquqi aktların tələblərinə cavab verməyən, insanların həyat və sağlamlığı, ətraf mühit üçün təhlükə yaradan malların (işlərin, xidmətlərin) istehsalının, idxalının, satışa çıxarılmasının, satışının (yerinə yetirilməsinin), realizə edilməsinin və ya istifadəsinin qarşısının alınması ilə bağlı tədbirlər görmək;

3.1.27. istehlakçıların hüquqlarını məhdudlaşdıran şərtlərin müqaviləyə daxil edilməsinin qarşısının alınması ilə bağlı tədbirlər görmək;

3.1.28. istehlakçıların çəkidə (ölçüdə), qiymətdə, hesablaşmalarda aldadılması, mallar barədə istehlakçılara tam və düzgün məlumat verilməməsi, satış şərtlərinin pozulması barədə alıcıların müraciətlərinə baxmaq və tədbirlər görmək;

3.1.29. özgənin əmtəə və ya xidmət etmə nişanlarından, əmtəənin mənşə yerinin adından və ya eynicinsli əmtəələrin adına oxşar adlardan qeyri-qanuni istifadə olunmasına qarşı qanunla səlahiyyətlərinə aid edilmiş tədbirlər görmək, o cümlədən aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı aidiyyəti dövlət orqanlarına (qurumlarına) təqdimat vermək;

3.1.30. qida məhsulları, həmçinin baytarlıq və fitosanitar nəzarətində olan yüklər istisna olmaqla, malların saxlanılması və ya satışı zamanı mal qonşuluğuna, temperatur rejiminə, satılmış malların dəyişdirilməsi və ya geri qaytarılması qaydalarına əməl olunmasına nəzarət etmək;

3.1.31. qiymət intizamına, o cümlədən qiymətləri dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) təqdim olunması zamanı qiymət intizamına riayət edilməsinə və qiymətlərin düzgün tətbiqinə nəzarət etmək;

3.1.32. dövlət satınalmaları zamanı rəqabət qanunvericiliyinin tələblərinə riayət olunmasına nəzarət etmək, bütün təchizatçıların satınalmalarda iştirakı üçün bərabər rəqabət mühitinin yaradılması məqsədilə tədbirlər görmək;

3.1.33. dövlət satınalmaları zamanı maliyyə vəsaitindən səmərəli və qənaətlə istifadə edilməsi, dövlət satınalmalarının “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsində nəzərdə tutulmuş prinsiplər əsasında həyata keçirilməsi, dövlət satınalmaları haqqında qanunvericiliyin pozulmasının qarşısının alınması üçün tədbirlər görmək;

3.1.34. maliyyə vəsaiti hesabına satınalma predmetinin “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq satın alınmasına və satınalma müqavilələrinin icrasına nəzarət etmək, mübahisəli məsələləri araşdırmaq və nəticəsindən asılı olaraq həmin Qanunda nəzərdə tutulmuş qaydada tədbirlər görmək;

3.1.35. dövlət satınalmalarının vahid internet portalının operatoru funksiyalarını yerinə yetirmək;

3.1.36. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada satınalan təşkilatın qərarlarını təsdiq etmək;

3.1.37. satınalma müqaviləsi qalib təchizatçı tərəfindən imzalananadək satınalma komissiyası əvvəlcədən şərtlər toplusunda göstərmişdirsə, satınalma predmetinin hər vahidinin qiymətini və xüsusiyyətlərini (göstəricilərini) dəyişdirməmək, həmçinin ehtimal olunan qiyməti keçməmək şərtilə satınalma predmetinin həcminin (miqdarının) “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq artırıb-azaldılmasına razılıq vermək;

3.1.38. dövlət satınalmaları üzrə illik hesabatları hazırlamaq;

3.1.39. açıq məkanda reklam istisna olmaqla, reklam subyektlərinin fəaliyyətinə dövlət nəzarətini həyata keçirmək;

3.1.40. dövlət ilkin kəmiyyət vahidləri etalonlarını və dövlət kəmiyyət vahidlərinin etalonlarını təsdiq etmək, habelə onların əldə olunmasını, qorunub saxlanılmasını, dövlət ilkin kəmiyyət vahidləri etalonlarından kəmiyyət vahidlərinin və dövlət kəmiyyət vahidi etalonlarından kəmiyyət vahidlərinin ötürülməsini təşkil etmək;

3.1.41. keçirilən sınaqların müsbət nəticələri əsasında standart nümunələrin və ya ölçmə vasitələrinin tipinin təsdiq edilməsi haqqında qərar qəbul etmək, bu barədə sertifikatlar vermək, tipi təsdiq edilmiş standart nümunələrin və ölçmə vasitələrinin dövlət reyestrini aparmaq;

3.1.42. dövlət metroloji nəzarəti, habelə ölçmə vasitələrinin kalibrlənməsi fəaliyyətinə nəzarəti həyata keçirmək;

3.1.43. müqavilə əsasında ölçmə vasitələrinin kalibrlənməsi işlərini aparmaq, kalibrlənmə haqqında sertifikat vermək və ya kalibrlənmə nişanı vurmaq hüququ vermək;

3.1.44. “Standartlaşdırma haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq standartlaşdırma üzrə normativ sənədlərin vahid dövlət reyestrinin aparılmasını və nəşrini təmin etmək;

3.1.45. standartların hazırlanmasını, qəbulunu, tətbiqini və standartların tətbiqi ilə bağlı əlaqəli xidmətləri təşkil etmək;

3.1.46. “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditasiya üzrə prinsip və qaydalara riayət edilməsini, uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiyanı həyata keçirmək, habelə uyğunluğu qiymətləndirən qurumların dövlət reyestrini aparmaq;

3.1.47. texniki tənzimləmə sahəsində malların sınağı üçün laboratoriya sisteminin inkişafı ilə bağlı təkliflər vermək;

3.1.48. “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunluğunun müəyyən edilməsi məqsədilə texniki reqlamentlərin layihəsinin ekspertizasını həyata keçirmək;

3.1.49. insanların həyat və sağlamlığına, ətraf mühitə, əmlaka və dövlətin maraqlarına yaratdığı təhlükənin dərəcəsindən asılı olaraq, malların (işlərin, xidmətlərin) yüksək, orta, aşağı risk qruplarının təyin edilmiş meyarlar üzrə təsnifatını müəyyənləşdirmək;

3.1.50. uyğunluq sertifikatlarının və uyğunluq bəyannamələrinin reyestrini aparmaq, habelə texniki reqlamentdə müəyyən edilmiş əsas tələblərin təmin edilməsi məqsədilə istinad edilmiş standartların siyahısını təsdiq və dərc etmək;

3.1.51. tanınmış xarici mənşəli uyğunluq sənədlərinin reyestrini aparmaq;

3.1.52. dövlət əyar nəzarəti, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı, istifadəsi və dövriyyəsi sahəsində qanunla müəyyən edilmiş hallarda və qaydada yoxlamalar aparmaq;

3.1.53. emal edilməmiş almazın ixracına və idxalına rəy vermək;

3.1.54. malın mənşə ölkəsinin müəyyən edilməsi üzrə ekspertizalar keçirmək və belə ekspertizaların nəticələrinə uyğun olaraq, malın mənşə ölkəsini təsdiq edən sertifikat vermək;

3.1.55. daxili ticarət və xidmət sahələrində dövlət siyasətinin formalaşdırılmasında, habelə daxili ticarətin və istehlak bazarının inkişafı ilə bağlı tədbirlər görülməsində aidiyyəti dövlət orqanları ilə birlikdə iştirak etmək;

3.1.56. fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə aparılan araşdırmalar, monitorinqlər, yoxlamalar, ekspertizalar və onların nəticələri ilə bağlı görülən işlərə dair məlumatları təhlil etmək və vahid informasiya bankı yaratmaq;

3.1.57. müvafiq sahədə inzibati xəta əlamətləri aşkar etdikdə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görmək, cinayət əlamətləri aşkarlandıqda isə aidiyyəti üzrə məlumat vermək;

3.1.58. sahibkarlıq fəaliyyəti (ictimai iaşə, turizm və mehmanxana (o cümlədən mehmanxana tipli digər obyektlər) fəaliyyəti istisna olmaqla) subyektləri və onların vəzifəli şəxsləri tərəfindən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tələblərinə əməl edilməsinə nəzarəti həyata keçirmək;

3.1.59. Agentliyin fəaliyyət istiqamətləri üzrə göstərilən xidmətlərin rəqəmsallaşdırılmasını təmin etmək;

3.1.60. fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini təmin etmək, pozulmasının qarşısını almaq;

3.1.61. müvafiq sahədə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin həyata keçirilməsini təmin etmək;

3.1.62. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı qanunla müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin etmək;

3.1.63. fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən edilmiş qaydada tədbirlər görmək;

3.1.64. dövlət sirrinin və məxfilik rejiminin qorunması üçün zəruri tədbirlər, habelə fəaliyyət istiqamətlərinə uyğun təhlükəsizlik tədbirləri görmək;

3.1.65. Agentliyin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində tədbirlər görmək və Agentliyin strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların işini əlaqələndirmək, onların fəaliyyətinə nəzarəti həyata keçirmək;

3.1.66. Agentliyin strukturuna daxil olan qurumlar və strukturuna daxil olmayan tabeliyindəki qurumlar tərəfindən fəaliyyət istiqamətləri üzrə daxil olan təklifləri ümumiləşdirmək və tədbirlər görmək;

3.1.67. fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə kadr hazırlığını təmin etmək, həmçinin mütəxəssislərin hazırlanması və əlavə təhsili üçün tədbirlər görmək;

3.1.68. Agentliyin Aparatının, strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların işçilərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı tədbirlər görmək;

3.1.69. müvafiq sahəyə ayrılan büdcə vəsaitindən, kreditlərdən, qrantlardan və digər maliyyə vəsaitindən təyinatı üzrə istifadə olunmasını təmin etmək;

3.1.70. Agentlikdə kargüzarlıq və arxiv işinin aparılmasını təşkil etmək;

3.1.71. fəaliyyətinin nəticələri barədə, o cümlədən ölkədə istehlakçıların hüquqlarının müdafiəsi vəziyyəti haqqında ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə hesabat təqdim etmək;

3.1.72. Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.

4. Agentliyin hüquqları

4.1. Öz vəzifələrini yerinə yetirmək üçün Agentliyin aşağıdakı hüquqları vardır:

4.1.1. müvafiq sahədə normayaratma fəaliyyətindən irəli gələn hüquqları həyata keçirmək;

4.1.2. müvafiq sahədə Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə tərəfdar çıxması barədə təşəbbüslə çıxış etmək;

4.1.3. beynəlxalq tədbirlərdə, o cümlədən forumlarda, konfranslarda, sərgilərdə və digər tədbirlərdə iştirak etmək və belə tədbirlərin Azərbaycan Respublikasında və Azərbaycan Respublikasının hüdudlarından kənarda keçirilməsini təşkil etmək;

4.1.4. müvafiq sahədə beynəlxalq və xarici əməkdaşlığı həyata keçirmək, danışıqlar aparmaq və ya danışıqlar aparılmasında iştirak etmək, beynəlxalq müqavilələrin layihələrini hazırlamaq və ya hazırlanmasında iştirak etmək, verilmiş səlahiyyətlərə uyğun olaraq onları imzalamaq, imzalandıqdan sonra icrası üçün tədbirlər görmək, həmin təşkilatlarda müəyyən edilmiş qaydada ölkəni təmsil etmək, xarici dövlətlərin təcrübəsini öyrənmək;

4.1.5. fəaliyyət istiqamətləri ilə bağlı Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin icrasına nəzarət etmək və həmin müqavilələr üzrə öhdəliklərin yerinə yetirilməsi üçün tədbirlər görmək;

4.1.6. müvafiq sahə üzrə dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək, onlardan belə məlumatları (sənədləri) almaq;

4.1.7. fəaliyyət istiqamətlərinə aid məsələlərə dair rəy vermək, təhlillər, ümumiləşdirmələr, monitorinqlər, araşdırmalar, yoxlamalar, ekspertizalar və tədqiqatlar aparmaq, analitik materiallar hazırlamaq;

4.1.8. strukturuna daxil olmayan tabeliyində qurumların yaradılması, yenidən təşkil və ləğv edilməsi üçün təkliflər vermək;

4.1.9. müstəqil ekspert və mütəxəssisləri, məsləhətçi təşkilatları, elmi təşkilatları müqavilə əsasında, bu məqsəd üçün nəzərdə tutulmuş vəsait çərçivəsində öz fəaliyyətinə cəlb etmək, ictimai əsaslarla işçi qruplar və komissiyalar yaratmaq;

4.1.10. xüsusi bülletenlər və digər nəşrlər buraxmaq;

4.1.11. fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə qeyri-normativ metodiki və təlimat xarakterli göstərişlər, məsləhətlər və izahlar vermək;

4.1.12. maliyyə-sənaye qruplarından, təbii inhisar subyektlərindən fəaliyyətləri haqqında qanunla müəyyən edilmiş hesabat və məlumatları, o cümlədən təbii inhisar subyektlərinin investisiya layihələrini almaq;

4.1.13. dövlət satınalmaları sahəsində elmi-texniki, iqtisadi və normativ hüquqi məlumat bazalarını yaratmaq, məsləhət xidmətlərinin göstərilməsini təşkil etmək;

4.1.14. vəzifə və hüquqlarının həyata keçirilməsi ilə bağlı məhkəməyə müraciət etmək və məhkəmədə öz adından iştirak etmək;

4.1.15. fəaliyyət istiqamətlərinə aid məsələlərlə əlaqədar müqavilələr bağlamaq, strukturuna daxil olmayan tabeliyindəki qurumların fəaliyyət istiqamətləri üzrə göstərdiyi xidmətlərə görə alınan xidmət haqlarından daxil olan vəsaitdən istifadəni təmin etmək;

4.1.16. fəaliyyət istiqamətləri üzrə aidiyyəti dövlət orqanlarına (qurumlarına) təkliflər vermək;

4.1.17. istifadəsində olan dövlət əmlakı üzərində normativ hüquqi aktlarla müəyyən olunmuş hüquqlardan istifadə etmək;

4.1.18. Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

5. Agentliyin fəaliyyətinin təşkili

5.1. Agentliyin Aparatı, onun strukturuna daxil olan qurumlar və strukturuna daxil olmayan tabeliyindəki qurumlar (hüquqi şəxslər, təşkilatlar və s.) Agentliyin vahid sistemini təşkil edir. Agentlik öz fəaliyyətini bilavasitə və həmin qurumlar vasitəsilə həyata keçirir.

5.2. Agentliyin strukturu, onun Aparatının və strukturuna daxil olan qurumların işçilərinin ümumi say tərkibi Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Agentliyin strukturuna daxil olmayan tabeliyindəki qurumların (hüquqi şəxslərin, təşkilatların və s.) siyahısını Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir.

5.3. Agentliyə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən sədr rəhbərlik edir. Sədr Agentliyə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsinə və hüquqların həyata keçirilməsinə görə şəxsən məsuliyyət daşıyır və Azərbaycan Respublikasının Prezidenti qarşısında hesabatlıdır.

5.4. Sədrin Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən birinci müavini və 3 (üç) müavini vardır. Sədrin birinci müavini və müavinləri vəzifə bölgüsünə uyğun olaraq fəaliyyət göstərirlər və onlara həvalə edilmiş vəzifələrin yerinə yetirilməsinə görə şəxsən məsuliyyət daşıyırlar.

5.5. Sədr:

5.5.1. Agentliyin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

5.5.2. müavinləri arasında vəzifə bölgüsü aparır, habelə Agentliyin digər vəzifəli şəxslərinin səlahiyyətlərini müəyyənləşdirir və qarşılıqlı fəaliyyətini təmin edir;

5.5.3. Agentliyin Aparatının struktur bölmələrinin, strukturuna daxil olan qurumların (əsasnamələri Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilən qurumlar istisna olmaqla) və elmi-texniki şurasının əsasnamələrinin, strukturuna daxil olmayan tabeliyindəki qurumların (nizamnamələri Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən təsdiq edilən hüquqi şəxslər istisna olmaqla) nizamnamələrini (və ya əsasnamələrini) təsdiq edir, həmçinin bu Əsasnamənin 5.11-ci bəndində Agentliyin Kollegiyasının səlahiyyətlərinə aid edilməmiş məsələlər barədə normativ hüquqi aktları qərarlar formasında qəbul edir;

5.5.4. müəyyən edilmiş struktur, əməyin ödənişi fondu və işçilərin say həddi daxilində Agentliyin Aparatının, strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların strukturunu, ştat cədvəlini, ayrılmış büdcə təxsisatı və büdcədənkənar gəlirləri daxilində onların gəlir və xərclər smetasını təsdiq edir;

5.5.5. Agentliyin Aparatının işçilərini (sədrin müavinləri istisna olmaqla), habelə strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların rəhbərlərini və müavinlərini vəzifəyə təyin və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür;

5.5.6. Agentlik sədrinin müavinləri istisna olmaqla, Agentliyin digər işçilərinə, strukturuna daxil olan qurumların rəhbərlərinə və onların müavinlərinə dövlət qulluğunun baş müşaviri və ondan aşağı olan ixtisas dərəcələri verir, habelə xüsusi fərqlənmiş əməkdaşlara Azərbaycan Respublikasının fəxri adlarının verilməsi və ya onların dövlət mükafatları ilə təltif olunması üçün Azərbaycan Respublikasının Prezidentinə təqdimat verir;

5.5.7. dövlət büdcəsindən ayrılan vəsaitin, büdcədənkənar vəsaitin sərəncamçısı olaraq maliyyə vəsaitini bölüşdürür, ayrılmış vəsaitin həddi nəzərə alınmaqla Agentlik işçilərinin vəzifə maaşlarına əlavələrin, maddi yardım və mükafatların verilməsini təmin edir;

5.5.8. Apellyasiya Şurasının sədrini, habelə Apellyasiya Şurası sədrinin təqdimatı (təklifi) əsasında Apellyasiya Şurasının digər üzvlərini, Katibliyin rəhbərini və tərkibini təsdiq edir;

5.5.9. əmr və sərəncam formasında qeyri-normativ hüquqi aktlar qəbul edir və onların, habelə Agentlik tərəfindən qəbul edilmiş normativ hüquqi aktların icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata keçirir;

5.5.10. Azərbaycan Respublikasının və xarici ölkələrin dövlət orqanları (qurumları), hüquqi və fiziki şəxsləri, habelə beynəlxalq təşkilatlarla münasibətdə Agentliyi təmsil edir, danışıqlar aparır və verilmiş səlahiyyətlər daxilində müvafiq beynəlxalq sənədləri imzalayır;

5.5.11. Agentliyin səlahiyyətlərinə aid edilən məsələlər üzrə müvafiq il üçün dövlət büdcəsinin və büdcədənkənar fondların formalaşdırılması ilə bağlı təkliflər verir;

5.5.12. dövlət büdcəsindən ayrılan vəsaitin, büdcədənkənar vəsaitin təyinatı üzrə xərclənməsini təmin edir;

5.5.13. vətəndaşların qəbulunu və müraciətlərinə baxılmanı təmin edir;

5.5.14. Agentliyin vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;

5.5.15. bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrin həyata keçirilməsini təmin edir.

5.6. Agentliyin strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların rəhbərləri onlara həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi və funksiyaların həyata keçirilməsi üçün birbaşa məsuliyyət daşıyırlar.

5.7. Sədr öz səlahiyyətlərinin bir hissəsinin həyata keçirilməsini, yaxud vəzifələrinin müvəqqəti olaraq icrasını birinci müavininə və ya müavinlərindən birinə həvalə edə bilər.

5.8. Agentlikdə sədrdən (Kollegiyanın sədri), onun birinci müavini və müavinlərindən, Agentliyin digər rəhbər işçilərindən ibarət Kollegiya yaradılır. Agentliyin Kollegiyasının tərkibinə mütəxəssislər və alimlər də daxil edilə bilər.

5.9. Kollegiya üzvlərinin sayı və tərkibi Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilir.

5.10. Agentliyin Kollegiyası öz iclaslarında Agentliyin fəaliyyəti ilə bağlı məsələlərə baxır və müvafiq qərarlar qəbul edir.

5.11. Agentliyin Kollegiyası qərar formasında aşağıdakı normativ hüquqi aktları qəbul edir:

5.11.1. Agentliklə digər şəxslər (qurumlar) arasında münasibətləri tənzimləyən normativ hüquqi aktlar;

5.11.2. qəbul edilməsi Azərbaycan Respublikasının Prezidenti və ya Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən Agentliyə tapşırılmış konkret normativ hüquqi aktlar;

5.11.3. bir neçə qurumun fəaliyyətini tənzimləyən vahid (birgə) normativ hüquqi aktlar;

5.11.4. aidiyyəti dövlət orqanları ilə razılaşdırılmalı olan normativ hüquqi aktlar;

5.11.5. sədrin təşəbbüsü ilə Agentliyin Kollegiyasının müzakirəsinə çıxarılan, bu Əsasnamənin 5.5.3-cü yarımbəndində nəzərdə tutulmuş normativ hüquqi aktlar;

5.11.6. bu Əsasnamənin 5.11.1–5.11.5-ci yarımbəndlərinə uyğun olaraq Agentliyin Kollegiyasının qəbul etdiyi normativ hüquqi aktların ləğvi və ya onlarda dəyişikliklərin edilməsi.

5.12. Agentliyin Kollegiyasının iclasları onun üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Agentliyin Kollegiyasının qərarları onun üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Agentliyin Kollegiyasının qərarı qəbul edilərkən səslər bərabər olarsa, Kollegiya sədrinin səsi həlledici hesab edilir.

5.13. Agentliyin Kollegiyasının üzvləri və sədr arasında fikir ayrılığı yarandıqda, sədr bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verərək öz qərarını həyata keçirir. Agentliyin Kollegiyasının üzvləri şəxsi fikirlərini Azərbaycan Respublikasının Prezidentinə çatdıra bilərlər.

5.14. Agentliyin Kollegiyasının iclaslarına digər dövlət orqanlarının (qurumlarının), habelə qeyri-hökumət təşkilatlarının nümayəndələri dəvət edilə bilərlər.

5.15. Agentlikdə fəaliyyət istiqamətlərinə uyğun olaraq, elmi-texniki nailiyyətlərin və qabaqcıl təcrübənin öyrənilməsi və həyata keçirilməsi üçün ictimai əsaslarla fəaliyyət göstərən elmi-texniki şura yaradıla bilər.

5.16. Agentlikdə sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin öz sahibkarlıq fəaliyyəti ilə bağlı Agentliyin və ya onun struktur (yerli) qurumlarının qərarlarından, hərəkət və ya hərəkətsizliyindən (korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı müraciətlər istisna olmaqla) verilmiş təkrar şikayətlərinə, habelə dövlət qulluğuna qəbulla bağlı keçirilən müsahibənin nəticələrindən namizədlərin verdikləri şikayətlərə baxan, ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərən və kollegial orqan olan Apellyasiya Şurası yaradılır.

Fərmanlar