Azərbaycan Respublikası Prezidentinin Fərmanı

post-img

Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 511 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar”da dəyişiklik edilməsi

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 511 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar”ın 3.3-cü bəndi aşağıdakı redaksiyada verilsin:

“3.3. Valyuta vəsaitinin yerləşdirilməsi (investisiya istiqamətləri)

3.3.1. Bu Qaydaların 2.1-ci və 3.4-cü bəndləri ilə ziddiyyət təşkil etməmək şərtilə Neft Fondunun investisiya siyasəti ilə müvafiq altportfellərə bölünən investisiya portfelinə aşağıdakı aktivlər daxil ola bilər:

3.3.1.1. investisiya dərəcəli kredit reytinqinə (Standard ənd Purz və ya Fiç və ya Mudiz) malik pul bazarları alətləri və mərkəzi (milli) banklarda əmanətlər;

3.3.1.2. investisiya dərəcəli kredit reytinqinə (Standard ənd Purz və ya Fiç və ya Mudiz) malik borc öhdəlikləri;

3.3.1.3. səhmlər;

3.3.1.4. daşınmaz əmlak, o cümlədən infrastruktur;

3.3.1.5. alternativ investisiya fondlarında iştirak payları;

3.3.1.6. London Qiymətli Metallar Bazarı İştirakçılarının Assosiasiyası tərəfindən tətbiq edilən tələblərə uyğun olan qızıl külçələr (qızıl);

3.3.1.7. investisiya portfelinin məcmu dəyərinin 5%-dən artıq olmaması şərtilə (o cümlədən 1%-ə qədəri reytinqi “B-” (Standard ənd Purz, Fiç) və ya “B3” (Mudiz) kredit reytinqindən aşağı olmayan, qalan hissəsi isə reytinqi “BB-” (Standard ənd Purz, Fiç) və ya “Ba3” (Mudiz) kredit reytinqindən aşağı olmayan) qeyri-investisiya reytinqinə malik borc öhdəlikləri və ya pul bazarları alətləri.”.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 dekabr 2024-cü il

Fərmanlar