Dövlət investisiya proqramının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi sahəsində fəaliyyətin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, dövlət investisiya xərclərinin səmərəliliyinin artırılması, dövlət investisiya proqramının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi mexanizminin təkmilləşdirilməsi məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 17 mart tarixli 239 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 3, maddə 190 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət İnvestisiya Proqramının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydaları” yeni redaksiyada verilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulan Qaydaların 7.2-ci bəndinə uyğun olaraq, Dövlət İnvestisiya Proqramına daxil edilən investisiya layihələrinin icrasının monitorinqi və nəticələrinin qiymətləndirilməsi qaydasını iki ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi:
3.1. bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulan Qaydaların 2.15-ci, 3.4-cü, 3.16-cı və 5.2-ci bəndlərində qeyd olunan formaları iki ay müddətində təsdiq etsin;
3.2. bu Fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsün.
4. Bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulan Qaydalar 2025-ci il aprelin 1-dək tərtib olunmuş investisiya layihələrinə və onların qiymətləndirilməsinə şamil edilmir.
5. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 31 oktyabr tarixli 809 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 10, maddə 605 (Cild I) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
5.1. 2.1-ci bəndə “16.2-ci” sözlərindən sonra “, 17.3-cü (ikinci halda)” sözləri əlavə edilsin;
5.2. 2.4-cü bənddən “17.3-cü (ikinci halda),” sözləri çıxarılsın.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 dekabr 2024-cü il