AMEA-da “Birinci Türkoloji Qurultayın qurucuları və dərsləri: tarix və müasirlik” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək

post-img

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında”kı 22 oktyabr 2025-ci il tarixli Sərəncamı eyni tarixi köklərə və ortaq milli-mənəvi dəyərlərə malik olan xalqların yeni tarixi mərhələdəki qarşılıqlı əlaqələrinin genişləndirilməsi və daha da inkişaf etdirilməsi üçün böyük perspektivlər açır.

Birinci Türkoloji Qurultayın tarixi dərslərinin öyrənilməsi, ənənələrinin yaşadılması və yeni nəsillərə çatdırılması müasir dövr üçün aktual və əhəmiyyətlidir.

XQ xəbər verir ki, bu münasibətlə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində, Elm və Təhsil Nazirliyində, Milli Elmlər Akademiyasında geniş tədbirlər planı hazırlanıb həyata keçirilməkdədir.

Azərbaycan Respublikası Prezidentinin “Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında” 22 oktyabr 2025-ci il tarixli Sərəncamının icrası ilə əlaqədar olaraq 27-28 fevral 2026-cı il tarixdə Milli Elmlər Akademiyasının İstiqlaliyyət küçəsindəki Böyük Akt Zalında “Birinci Türkoloji Qurultayın qurucuları və dərsləri: tarix və müasirlik” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcəkdir.

Qeyd etmək lazımdır ki, yüz il əvvəl də Birinci Türkoloji Qurultay 26 fevral – 6 mart 1926-cı il tarixlərində 10 gün müddətində Azərbaycan Milli Elmlər Akademiyasının İstiqlaliyyət küçəsinin bu binasındakı həmin Böyük Akt Zalında keçirilmişdir.

Vaxtilə Birinci Türkoloji Qurultayda Azərbaycan, Türkiyə, Orta Asiya Respublikaları, Gürcüstan, Şimali Qafqaz, Tatarıstan, Başqırdıstan, Altay Muxtar Respublikalarından, Yakutiyadan 131 nəfər görkəmli dilçi, ədəbiyyatçı, tarixçi, etnoqraf alimlər, tanınmış şair və yazıçılar iştirak etmişlər. Birinci Türkoloji Qurultayda ortaq tarix, ədəbiyyat, terminologiya, orfoqrafiya, etnoqrafiya məsələləri müzakirə olunmuş, türkologiya elminin əsasları yaradılmışdır.

Birinci Türkoloji Qurultay 29 fevral 1926-cı il tarixdə türk xalqları üçün vahid latın əlifbasının qəbul edilməsi haqqında tarixi qərar qəbul etmişdir.

Keçmiş sovet rejimi Birinci Türkoloji Qurultayın iştirakçılarını sürgünə göndərmiş, ölüm cəzasına məhkum etmişdir.

Azərbaycan Milli Elmlər Akademiyasında 27-28 fevral 2026-cı il tarixdə “Birinci Türkoloji Qurultayın qurucuları və dərsləri: tarix və müasirlik” mövzusunda keçiriləcək beynəlxalq elmi konfrans Birinci Türkoloji Qurultayda türk xalqlarının elmi-mədəni inteqrasiyasına böyük töhfələr vermiş, latın qrafikasına keçid haqqında tarixi qərar çıxarmış, faciəli tale yaşamış görkəmli alimlərin, şair və yazıçıların xatirəsinə ehtiramın ifadəsi və onların böyük ideallarının XXI əsrdəki təntənəsidir.

“Birinci Türkoloji Qurultayın qurucuları və dərsləri: tarix və müasirlik” mövzusunda keçiriləcək beynəlxalq elmi konfransda Azərbaycandan başqa, Türkiyə, Özbəkistan, Qazaxıstan, Türkmənistan, Qırğızıstan, Şimali Kipr Türk Cümhuriyyəti və digər ölkələrdən gələcək tanınmış elm adamlarının məruzələri dinləniləcəkdir.

Beynəlxalq elmi konfransın iştirakçılarının Xəzər Universitetində Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş simpoziumda da iştirak və çıxış etmələri nəzərdə tutulur.

Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş konfransın iştirakçıları Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin I Fəxri Xiyabandakı məzarını ziyarət edəcəklər.

Elm