Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə fevralın 11-də keçirilən "Azərbaycanın yeni rəqəmsal arxitekturası" adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə ölkədə rəqəmsal transformasiyanın prioritet istiqamətləri müəyyənləşdirilib. Dövlət başçısı müşavirədə süni intellektin tətbiqinin dövlət qurumlarında geniş vüsət alması zərurətini xüsusi vurğulayıb.
Bu strateji yanaşmanı rəhbər tutan Prezident Kitabxanası öz fəaliyyətində süni intellekt texnologiyalarının tətbiqinə başlayır. İlkin mərhələdə bu yenilik kitabxananın “Ədəbi İrs” adlı virtual kolleksiyasında həyata keçiriləcək və Prezident Kitabxanasının rəqəmsal platformalarında süni intellekt əsaslı həllərin tətbiqi istiqamətində ilk addım olacaq.
Bu barədə XQ-yə kitabxanasından məlumat verilib.
Bildirilib ki, perspektiv inkişaf planına uyğun olaraq, süni intellekt texnologiyalarının tətbiqi mərhələli şəkildə genişləndiriləcək. Gələcəkdə bu innovativ yanaşmanın nadir kitablar fondu, incəsənət kolleksiyası və digər sahələri də əhatə etməsi nəzərdə tutulur.
Prezident Kitabxanası bundan sonra fəaliyyətinin müxtəlif sahələrində süni intellektin imkanlarından sistemli şəkildə istifadə edəcək. Bu yanaşma kitabxananın informasiya məhsullarını daha maraqlı və əlçatan etməklə yanaşı, Azərbaycanın mədəni-maarifçilik müəssisələrində rəqəmsal texnologiyaların tətbiqi sahəsində mühüm təcrübə formalaşdıracaq və milli intellektual irsin müasir formatda təqdimatına töhfə verəcək.

