Misirdə keçirilən 57-ci Qahirə Beynəlxalq Kitab Sərgisi çərçivəsində “Misir ədəbiyyatı Azərbaycan şərqşünaslığının güzgüsündə” mövzusunda seminar təşkil edilib.
Azərbaycanın Qahirədəki səfirliyinin təşəbbüsü və təşkilatçılığı ilə “Fəxri qonaq” zalında keçirilən tədbirdə azərbaycanlı tədqiqatçı Nigar Bakıxanovanın “Əhməd Şövqinin dramaturgiyası” kitabının ərəb dilinə tərcüməsi təqdim olunub.
XQ xəbər verir ki, təqdimatda Azərbaycanın Misirdəki Səfirliyinin ikinci katibi Emin Yusifzadə, Qahirə Universitetinin professoru, Azərbaycan icmasının rəhbəri, tədqiqatçı-alim Seymur Nəsirov, keçmiş SSRİ ölkələri üzrə ekspert Əhməd Abdoh Tarabik, eləcə də kitabın ərəb dilinə tərcüməçisi, rus ədəbiyyatı üzrə mütəxəssis, professor Məhəmməd Nəsrəddin Cəbali iştirak ediblər.
Seymur Nəsirov Azərbaycan cəmiyyətində ərəb dilinə və Şərq elmlərinə maraq olduğunu bildirib. O qeyd edib ki, Ələsgər Məmmədov, Vasim Məmmədəliyev, Ziya Bünyadov və Aidə İmanquliyeva kimi görkəmli alimlər ərəb dili və ədəbiyyatı sahəsində zəngin və dəyərli elmi irs yaradıblar. Natiqin sözlərinə görə, bu gün də Azərbaycanda ali təhsil müəssisələrinin Şərqşünaslıq fakültələrində bu dil tədris olunur.
Digər çıxışçılar kitabın əhəmiyyətini vurğulayaraq, Əhməd Şövqinin dramaturgiyasının dünya ədəbiyyatında mühüm hadisə adlandırıblar. Tədbirin sonunda ərəb dilinə tərcümə edilən kitab oxuculara hədiyyə olunub.
Tədbir ərəb mediasında işıqlandırılıb:
https://almessa.gomhuriaonline.com/660233/
https://www.dostor.org/5403877


