Azərbaycan Milli Elmlər Akademiyasının elmi bölmələri üzrə ötən il elmi müəssisələrdə 197 problemin 514 mövzusu əsasında 1787 elmi-tədqiqat işi aparılıb.
AZƏRTAC xəbər verir ki, bunu AMEA-nın akademik-katibi akademik Arif Həşimov fevralın 20-də keçirilən Ümumi yığıncağı zamanı “2024-cü Akademik İlin elmi hesabatı” mövzusunda məruzəsində söyləyib.
Akademik qeyd edib ki, 2024-cü ildə elmi müəssisələrdə çalışan alimlər tərəfindən 521 kitab və monoqrafiya, 118 dərslik, 3561-i xaricdə (bunlardan 1192-si “Web of Science” və “Scopus” bazalarına daxil olan impakt faktorlu jurnallarda) olmaqla 9245 məqalə və tezis nəşr etdirilib. Elmi işçilərin əsərlərinə 45507 istinad olunub.
“Yaşıl dünya naminə həmrəylik ili”ndə bu istiqamətdə AMEA tərəfindən genişmiqyaslı tədbirlərin həyata keçirildiyini deyən akademik A.Həşimov akademiyanın elmi bölmələri, elmi müəssisələri və təşkilatları tərəfindən ümumilikdə 71 tədbirin təşkil olunduğunu, 30 kitab, 32 məqalənin hazırlandığını söyləyib.