Pakistan Hərbi Dəniz Qüvvələri Akademiyasının nümayəndə heyəti Milli Müdafiə Universitetində olub

post-img

Azərbaycan Respublikasında səfərdə olan Pakistan İslam Respublikasının Hərbi Dəniz Qüvvələri (HDQ) Akademiyası rəisinin müavini kontr-admiral Ehsan Ahmed Xanın rəhbərlik etdiyi nümayəndə heyəti və akademiyanın “Hərbi Dəniz Qüvvələri Qərargah kursu”nun dinləyiciləri Milli Müdafiə Universitetində (MMU) olublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, şəhidlər xiyabanını ziyarətlə başlayan səfər çərçivəsində qonaqlar Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların məzarlarını ziyarət edib, gül dəstələri qoyaraq xatirələrinə dərin hörmət və ehtiram nümayiş etdiriblər.

MMU-ya gələn qonaqları qarşılayan universitetin rektorunun elm üzrə müavini, Hərbi Elmi -Tədqiqat İnstitutunun rektoru general-mayor Arif Həsənov onları ölkəmizdə görməkdən məmnunluğunu ifadə edib.

Azərbaycan və Pakistan arasında mövcud dostluq və qardaşlıq münasibətlərinin ordularımızın birgə fəaliyyətində geniş əks olunduğunu xüsusi vurğulayan A.Həsənov, səfər müddətində nəzərdə tutulan tədbirlərin iştirakçılar üçün faydalı və maraqlı olacağına ümidvar olduğunu qeyd edib.

Nümayəndə heyətinə MMU-nun yaranma tarixi, təhsil sistemi və qarşıda duran məqsəd və vəzifələri haqqında brifinq təqdim olunub. Görüş əsnasında hərbi təhsil sahəsində qarşılıqlı maraq doğuran mövzular ətrafında fikir mübadiləsi aparılıb və qonaqları maraqlandıran suallar cavablandırılıb. Protokola uyğun olaraq, kontr-admiral Ehsan Ahmed Xan “Şərəf kitabı”nı imzalayıb.

Daha sonra nümayəndə heyəti Azərbaycan Hərb Tarixi Muzeyini ziyarət edib. Burada qonaqlar Azərbaycanın qədim hərb tarixi, döyüş ənənələri və qədim dövrlərin hərbi eksponatları ilə tanış olublar. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin rəhbərliyi altında başlanan ordu quruculuğumuzun Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən danışılıb və bunun nəticəsi olaraq, Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində qazandığı Böyük Qələbəyə həsr olunan stend və eksponatlar qonaqlara təqdim olunub. Şəhidlərimizin şərəfinə hazırlanan stenddə nümayiş etdirilən fotolar, hərbi geyimlər, şəxsi əşyalar, təltif olunduqları medal və ordenlərlə tanış olan Pakistan nümayəndə heyətinin sualları muzeyin əməkdaşları tərəfindən cavablandırılıb.







Ordu