Bakı Ali Neft Məktəbinin “CLIMASEL” layihəsi Niderlandın “Startupbootcamp” akselerasiya proqramında ən yaxşı 30 layihə arasında yer alıb. Tələbələrimizin işi enerji və ətraf mühit kateqoriyasında 2 min layihə arasından seçilib.
Layihənin təqdimatını BANM-ın kimya mühəndisliyi ixtisasının III kurs tələbələri Xəyalə Miriyeva və Fatimə Nəsirova ediblər. Həmçinin layihənin işlənməsində ali məktəbin İnnovasiya və Tədqiqatlar Mərkəzinin böyük mühəndisi Elmar Əsgərzadə, kimya kafedrasının müəllimi Aysel Məmmədova və SOCAR Türkiyə Strateji Planlaşdırma və Korporativ Performans üzrə mütəxəssisi Güllü Hüseynli (BANM məzunu) iştirak ediblər.
Qalib “CarbonX” komandasına 25 min avro investisiya ayrılıb, eləcə də komanda 3 aylıq akselerasiya proqramında iştirak etmək hüququ qazanıb.
“CLIMASEL” layihəsi binalarda enerji sərfiyyatını azaldan və sabit temperaturun qorunmasını təmin edən bioəsaslı faza dəyişən materiallar əsasında hazırlanan panellər istehsal edir.
Elmar Əsgərzadə XQ-yə müsahibəsində dedi ki, “CLIMASEL” tələbələrin yaratdığı və iqlim dəyişikliklərinə qarşı müasir texnologiyalara yönəlmiş innovativ startap layihəsidir:
– Layihə enerjiyə qənaət edən texnologiyalarla ətraf mühitə mənfi təsirləri azaltmağı hədəfləyir. Startapın əsas məhsulu asma tavanlar üçün enerjiyə qənaət edən panellərdir. Bu panellər temperatur dəyişikliklərinə reaksiya verərək istiliyi saxlamaq və yaymaq qabiliyyətinə malikdir. Bu mexanizm həm enerji sərfiyyatını azaldır, həm də otaqların daha təbii və komfortlu temperaturda qalmasını təmin edir. Hesablamalara görə, “CLIMASEL” panellərinin tətbiqi ilə kondisioner sistemlərinin iş yükü 25 faizə qədər azaldıla bilər. Bir sözlə, “CLIMASEL” panelləri, xüsusilə enerji sərfiyyatını azaltmaq istəyən müasir cəmiyyət üçün ideal texnologiyadır və yay aylarında kondisioner sistemlərinə alternativ olaraq ekoloji cəhətdən daha səmərəli seçim təklif edir.
“CLIMASEL” layihəsinin fərqliliyini diqqətə çatdıran böyük mühəndis qazanılan investisiyanın təyinatına da aydınlıq gətirdi. Öyrəndik ki, həmin vəsait layihənin pilot testlərinin həyata keçirilməsinə və komandanın 3 aylıq akselerasiya proqramında iştirak xərclərinin ödənilməsinə yönəldilib. Yenilikçi komanda bu texnologiyanın həm Azərbaycanda, həm də beynəlxalq bazarda böyük biznes potensialına malik olduğuna inanır. Hazırda əsas hədəf, panellərin prototiplərinin təkmilləşdirilməsi və onların pilot testlər üçün şirkətlərə təqdim edilməsidir.
Layihənin təqdimatını həyata keçirən tələbələr bildirdilər ki, “CLIMASEL” komanda işinin və yorulmaz səylərin bəhrəsidir. Xəyalə Miriyeva dedi:
– Biz binalarda enerji sərfiyyatını azaltmaq və daha yaşıl gələcəyə töhfə vermək üçün müasir texnologiyalar və bioəsaslı materiallardan istifadə etməklə mühüm addım atmışıq. Prosesdə bizə dəstək olan BANM-ın rəhbərliyinə, müəllimlərimizə və həmkarlarımıza dərin minnətdarlığımı bildirirəm. İnanıram ki, bu uğur gələcəkdə daha böyük nailiyyətlərin başlanğıcı olacaq.
Fatimə Nəsirova isə akselerasiya proqramına qəbul olmağı ilə həyatında yeni bir mərhələnin başladığını söylədi:
– Bu imkanı əldə etdiyim üçün özümü çox xoşbəxt hiss edirəm. Mentorumuz Elmar Əsgərzadə hər zaman yanımızda oldu, ideyalarımızın inkişafı üçün bizi ruhlandırdı və dəyərli tövsiyələr verdi. Mən kimya mühəndisliyi ixtisasını seçəndə düşünürdüm ki, cəmiyyətimiz üçün dayanıqlı inkişaflara necə töhfə verə bilərəm. Akselerasiya proqramına qəbul olunmaq və burada reallaşdıracağım ideya arzuma bir addım daha yaxınlaşmağıma imkan yaratdı.
Biz də gənclərimizin uğurlarına sevinir, yanvar və mart aylarında keçiriləcək növbəti mərhələlərdə müvəffəqiyyət arzulayırıq.
Rizvan FİKRƏTOĞLU
XQ