Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında yaşayan soydaşımız, professor Qərib Mürşüdovun bu ölkədə nəşr olunan elmi jurnalda məqaləsi yayımlanıb. Məlumatı Diasporla İş üzrə Dövlət Komitəsi verib.
Qərib Mürşüdov Böyük Britaniyanın Kembric Universitetinin professoru, eyni zamanda Kembric şəhərində yerləşən Tibbi Tədqiqatlar Şurasının Molekulyar Biologiya İnstitutunun Hesablama struktur biologiyası qrupunun rəhbəri, ETN-nin Molekulyar Biologiya və Biotexnika İnstitutunun beynəlxalq Hesablama struktur biologiyası laboratoriyasının müdiridir.
“Acta Crystallographica Section D” jurnalında dərc olunan məqalə “Improving macromolecular structure refinement with metal-coordination restraints” (“Metal-koordinasiyalı məhdudlaşdırıcılarla makromolekulyar quruluşun təkmilləşdirilməsi”) adlanır. Məqalədə struktur biologiya sahəsində müəllifin rəhbərliyi altında beynəlxalq komanda tərəfindən aparılan elmi tədqiqatlardan və onun nəticələrindən bəhs olunur. Tədqiqatın texniki hissəsinin Bakıda aparılmasının onun önəmini artıran əsas məqam olduğu qeyd edilib. Layihənin əsas icraçısının Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnika İnstitutunun elmi işçisi Kaveh Babai olduğu vurğulanıb.
Qeyd edək ki, Qərib Mürşüdov bu ilin sentyabr ayında Bakıda keçirilən Xaricdə Yaşayan Azərbaycanlı Alimlər Forumunun iştirakçısı olub
P.ƏMİRCANOV
XQ