Azərbaycan universitetlərindən Rusiyaya ezam edilmiş nümayəndə heyəti akademik əməkdaşlıq perspektivlərini müzakirə etmək məqsədilə Sankt-Peterburq şəhərində səfərdə olub. Səfər çərçivəsində Sankt-Peterburqdakı universitetlərdə təhsil və tədqiqat sahələrində əməkdaşlıq imkanlarının genişləndirilməsi üçün bir sıra vacib görüşlər keçirilib.
Bu barədə Bakı Mühəndislik Universitetindən (BMU) məlumat verilib. Bildirilib ki, BMU-nu təmsil edən Strategiya və keyfiyyət təminatı şöbəsinin müdiri Sevil İmanova da nümayəndə heyətinin tərkibində olub. Görüşlər zamanı iki ölkənin ali təhsil ocaqları arasında tələbə və müəllim mübadiləsi, birgə tədqiqat layihələri kimi sahələrdə əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə olunub.
Sankt-Peterburq Politexnik Universitetində keçirilən işgüzar görüşlərdə təhsil sahəsində beynəlxalq əlaqələrin inkişafı diqqətdə saxlanılıb. Sankt-Peterburq Dövlət Sənaye Texnologiyaları və Dizayn Universitetində keçirilən müzakirələrdə isə akademik əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində səylərin önəmi vurğulanıb.
Səfər Azərbaycan və Rusiya universitetləri arasında elmi və tədris əlaqələrinin inkişafına, eləcə də qarşılıqlı faydalı layihələrin həyata keçirilməsinə dəstək məqsədi daşıyıb.