II məqalə
Ölkəmizin gələcəyi elmi potensialın səviyyəsi ilə bilavasitə bağlıdır. Bu gün yeni texnologiyalar əsridir. O ölkələr ki, bu texnologiyaların sahibidir, əlbəttə, onlar dünya miqyasında öz maraqlarını daha böyük dərəcədə müdafiə edə bilirlər.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
AMEA-nın yeniləşməsinin 7 üstün istiqaməti
Dövlətçiliyə sədaqət, ölkənin strateji inkişaf kursuna xidmət və dövlət tərəfindən müəyyən olunmuş prioritetlər əsasında AMEA-nı yeniləşdirmək kursu təşkilat rəhbərliyinin müəyyən etdiyi 7 prioritet istiqamət üzrə aparılır.
Birnci prioritet istiqamət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin andiçmə mərasimində ifadə olunmuş azərbaycançılıq ideyasının elmi-nəzəri və tarixi-fəlsəfi əsaslarının işlənib hazırlanması və bütün istiqamətlər üzrə həyata keçirilməsi ilə bağlıdır. Bu yöndə əsas məqsəd AMEA-nı ölkənin əsas azərbaycanşünaslıq mərkəzinə çevirməkdən ibarətdir.
İkinci prioritet akademiyada türk dünyası üzrə tədqiqatların miqyasının genişləndirilməsini, bu sahədə konkret proqramların hazırlanıb həyata keçirilməsini əhatə edir.
Üçüncü prioritet istiqamət rəqəmsallaşma, süni intellekt və ağıllı texnologiyalarla bağlı məsələlərin AMEA-nın Humanitar və İctimai elmlər bölmələrinin əhatə etdiyi elmi tədqiqat institutlarının elmi dövriyyəsinə daxil edilməsi ilə bağlıdır.
Dördüncü istiqamət geniş mənada dünya elminə inteqrasiyanı məqsədyönlü şəkildə təşkil etmək məqsədilə beynəlxalq elmi təşkilatların üzvü olmaqla onların işində yaxından iştirak etmək, ölkəmizi yüksək səviyyədə təmsil etmək, dünya elminin ən yeni təcrübələrini akademiyaya tətbiq etməklə yeniləşməni daha da sürətləndirməyi nəzərdə tutur.
Beçinci prioritet “Gənc Akademiya” layihəsinin həyata keçirilməsinə aiddir.
Altıncı istiqamət Azərbaycan elmində, o cümlədən də akademiyada doktorantura təhsilinin Qərb modelinə uyğunlaşdırılmasını ifadə edir. Burada məqsəd doktoranturanı özünəməxsus tədris planı, fənn proqramları, kredit vahidləri, dərs sistemi olan bir təhsil səviyyəsinə çevirməkdən ibarətdir.
Yeddinci istiqamət AMEA-da struktur islahatlarının davam etdirilməsi yolu ilə mövcud idarəetmə strukturlarının yeniləşdirilməsinə nail olmağı əks etdirir.
Aydın görünür ki, bu prioritet istiqamətlər məzmun və məqsədcə bir-birini tamamlayırlar və kompleks halında Azərbaycanda elmin dövlətçilik kontekstində transformasiyasına xidmət edir. AMEA həmin istiamətlər üzrə son iki ildə davamlı və ardıcıl addımlar atır. Onların üzərində dayanaq.
Yeni struktur vahidləri
AMEA Rəyasət Heyəti Aparatında 18 yanvar 2023-cü il tarixində “Elektron Akademiya” şöbəsi yaradılmışdır. Bu, həm müasir tələblərə uyğun elmi fəaliyyəti idarə etmək, həm də Azərbaycan alimlərinin araşdırmalarını çevik surətdə dünya miqyasına çıxarmaq istiqamətlərində mühüm addımdır.
Qısa müddətdə “Elektron Akademiya” şöbəsi xeyli işlər görmüşdür. Məhz bu şöbənin səmərəli fəaliyyəti nəticəsində faktiki olaraq akademiyada elektron hərəkat başlanmışdır. “Bir il ərzində Akademiyanın elmi-tədqiqat institutları əməkdaşlarının əsərlərinə elmi istinadları, reytinq göstəricilərini müəyyən etmək üçün, təxminən, 1700 elmi işçinin şəxsi profili yaradılmışdır. Elmi istinadları vahid mərkəzdən müşahidə etmək və əlaqələndirmək məqsədilə Milli Elmlər Akademiyasının ölkədə ilk dəfə olaraq Rəqəmsal İnformasiya Resursları Mərkəzi təsis edilmişdir” (AMEA hesabatı, 2023-cü il).
Bundan başqa, AMEA-nın elmi bölmələrinin və akademiyanın tabeliyində olan elmi müəssisələrin 8 elmi jurnalı elektron bazada yerləşdirilmişdir. Akademiyada nəşr edilən jurnallarda çap olunan məqalələrin hamısı DOİ ilə təmin olunmuşdur. AMEA-nın elmi jurnallarını vahid şəbəkədə birləşdirmək üçün Azərbaycan Milli Elmlər Akademiyasının Dərgi Parkı yaradılmışdır. Onu vurğulayaq ki, həmin istiqamətdə Türkiyənin beynəlxalq miqyasda nüfuzlu elm və texnologiya mərkəzlərindən biri kimi qəbul edilən TUBİTAK-la əlaqələrin inkişafı xüsusi yer tutur.
Məsələn, IV Sənaye inqilabı, süni intellekt, rəqəmsallaşma, seysmologiya, arxeologiya və sair istiqamətlərdə əməkdaşlıq üçün geniş imkanlar yaradılmışdır. İlk dəfə olaraq AMEA-nın 3 elmi jurnalı TUBİTAK-ın ULAKBİM-Dərgi Parkı elektron baza reyestrinə daxil edilmişdir.
Bütövlükdə, Türk dünyası üzrə “Elek-tron Akademiya” şöbəsinin əhatəli fəaliyyəti ölkənin ali elmi təşkilatında ciddi yenilikləri həyata keçirməyə imkan vermişdir. Onların hər birinin üzərində dayanmaq imkanı burada yoxdur.
Eyni zamanda, AMEA əməkdaşlarının Google Scholar, Web of Science, Scopus bazalarında profillərindəki məlumatlarının toplanılaraq təhlil edilməsi imkanı yaranmışdır.
“Elektron Akademiya” şöbəsi ilə yanaşı, “Elektron Kitabxana” yaradılması istiqamətində AMEA ciddi fəaliyyət göstərir. “Elektron Kitabxana” müasir elmi inkişafda xüsusi rol oynayır. Onun həm biliklərin saxlanması, qorunması, həm də elmi təcrübələrin çevik ötürülməsi aspektlərində əhəmiyyəti danılmazdır. AMEA Mərkəzi Elmi Kitabxanasının yeni gənc rəhbərliyi bu istiqamətdə aktiv fəaliyyət göstərir və konkret nəticələr alınır.
Yeni struktur vahidlərinin yaradılması AMEA-nın hər bir müəssisəsini əhatə etmişdir. Burada başlıca prinsip həm idarəetməni yeni səviyyəyə yüksəltmək, həm tədqiqatları müəyyən edilmiş prioritet istiqamətlər müstəvisinə gətirməkdən ibarətdir. Bu bağlılıqda “Elmi tədqiqat işlərini müasir dövrün tələblərinə uyğunlaşdırmaq, paralellikləri və təkrarçılığı aradan qaldırmaq məqsədilə AMEA-nın Rəyasət Heyəti Aparatında və elmi tədqiqat institutlarında aparılan ixtisarlar və birləşdirmələr vasitəsilə yaradılmış Qarabağ müharibəsi və Böyük Qayıdış hərəkatı, Qərbi Azərbaycan tarixi, Qərbi Azərbaycan folkloru, Toponimika, İdrak nəzəriyyəsi və məntiq, Xəzərin arxeologiyası, Çöl tədqiqatlarının təşkili və monitorinqi, Erkən realizm və yeni dövr Azərbaycan ədəbiyyatı şöbələri” fəaliyyətdədirlər (AMEA hesaabtı, 2023).
Bundan başqa, türkologiya ilə bağlı yeni şöbələr yaradılmışdır. O cümlədən, Fəlsəfə və Sosiologiya İnstitutu nəzdində AMEA tarixində ilk dəfə olaraq Türk xalqlarının fəlsəfəsini müasirlik kontekstində araşdıran şöbə formalaşdırılmışdır. Bu kimi yeniliklərin elmi fayda verəcəyinə qətiyyən şübhə yoxdur.
Elmi fəaliyyətin təşkili
AMEA-da son iki ildə elmi fəaliyyətin təşkilində ciddi keyfiyyət dəyişiklikləri müşahidə edilir. Hər şeydən öncə, ölkənin strateji inkişaf kursuna uyğun yeni mövzuların araşdırılması sistemli və davamlı xarakter almışdır. Burada ilk sırada milli dövlətçilik faktoru yer almaqdadır. Həmin kontekstdə də AMEA ulu öndər Heydər Əliyevlə bağlı tədqiqatlara xüsusi diqqət yetirməkdədir. Yəni burada əsas olaraq AMEA-nın yeniləşməsi prosesi kontekstində, ilk növbədə, təşkilat müstəqil Azərbaycan dövlətçiliyinin keçdiyi siyasi-tarixi mərhələləri elmi cəhətdən əsaslandırılmış şəkildə araşdırmaqla iki istiqamətdə qarşısına məqsəd qoymuşdur.
Birincisi, müstəqil Azərbaycan dövlətçiliyini, onun mahiyyətini yenidən ciddi elmi dərk etməklə əsl məzmununu aydınlaşdırmaqla bağlıdır.
İkincisi, alınan elmi qənaətləri cəmiyyətə, xüsusilə gənclərə təşviq etməklə müstəqil dövlətçiliyimizə bağlılığı yeni səviyyəyə yüksəltməklə əlaqəlidir.
Bütün bunlara görə, 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması kontekstində AMEA-da ciddi elmi tədbirlərin həyata keçirilməsi bir zərurət idi. Bütövlükdə, Heydər Əliyevin yubiley ili çərçivəsində Ulu öndərə həsr edilmiş 56 fundamental nəşr ərsəyə gətirilmişdir. 60-dan çox yerli və beynəlxalq konfrans keçirilmişdir ki, 15 konfrans materialı çap edilmişdir. Və bütün bunlar elmi fəaliyyətin AMEA-nın yeniləşmə kursunda müstəqil dövlətçilik ideallarına doğru istiqamətlənən prinsip üzrə reallaşdırılmışdır.
Bundan başqa, Ümummilli liderin 100 illik yubileyinə həsr edilmiş “Heydər Əliyev: dahilik, zaman və müasirlik” mövzusunda AMEA ümumi yığıncağının xüsusi iclası keçirilmişdir. “Azərbaycanlı məruzəçilərlə yanaşı, Türkiyə Elmlər Akademiyasının başqanı, professor Müzəffər Şəkər “Azərbaycan–Türkiyə birlik və həmrəylik: tarix və müasirlik”, Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumunun başqanı, professor Yeksəl Özgen “ Bir millət-iki dövlət” strategiyası: Mustafa Kamal Atatürkdən Heydər Əliyevə”, Özbəkistan Elmlər Akademiyasının vitse-prezidenti, akademik Sirojiddin Mirzoyev “Ozbəkistan və Azərbaycan əlaqələri: Heydər Əliyevdən İlham Əliyevə”, Gürcüstan Milli Elmlər Akademiyasının prezidenti, akademik Roin Metreveli “Görkəmli dövlət xadimi Heydər Əliyev və Gürcüstan” mövzularında məruzələrlə çıxış etmişlər” (AMEA hesabatı, 2023).
AMEA-nın Ulu öndərlə bağlı aarşdırmaları və keçirdiyi elmi tədbirlər çox zəngindir və burada onların hər biri üzərində dayanmaq imkanı yoxdur. Lakin AMEA rəhbərliyi üçün Heydər Əliyev mövzusu müstəqil Azərbaycan dövləti, azərbaycançılıq ideologiyası, ölkəmizin inkişaf strategiyası, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu islahatların və qazanılmış tarixi Zəfərin elmi şəkildə araşdırılıb, fundamental tədqiqatlara çevrilməsinin açarıdır. Əsasən humanitar və ictimai elmləri əhatə edən Milli Elmlər Akademiyası üçün dövlətçiliyin elmi əsaslandırılmasının işlənib hazırlanması şərəfli və məsuliyyətli vəzifədir.
Eyni zamanda, AMEA rəhbərliyi elmi tədqiqat institutları arasında yaradıcılıq əməkdaşlığını yeni səviyyəyə yüksəltmişdir. Nümunə üçün Fəlsəfə və Sosiologiya, Tarix və Arxeologiya, Ədəbiyyat və Şərqşünaslıq institutları ortaq elmi tədbirlər keçirmişlər. Bu institutlarda aparılan araşdırmaların birgə müzakirəsi təşkil edilmişdir.
Nümunə kimi Azərbaycanda milli fəlsəfənin təhlili ilə bağlı Fəlsəfə və Sosiologiya, Ədəbiyyat, Folklor, Şərqşünaslıq və Tarix institutlarının birgə Azərbaycan tarixinin dövrləşdirilməsi, ədəbi-tarixi şəxsiyyətlərin öyrənilməsinə yenidən qayıdış, yeni tarixi dövrün milli ideologiyası kimi məsələlər AMEA Rəyasət Heyətinin iclaslarında kollegial qaydada müzakirə olunmuş, icra mexanizmləri müəyyən edilmiş, konkret addımlar atılmışdır.
Bu günlərdə, 4 sentyabr 2024-cü il tarixində AMEA A.Bakıxanov adına Tarix və Arxeologiya İnstitutunun təşkilatçılığı ilə bir neçə xarici ölkə alimlərinin və akademiyanın əlaqədar institutlarının iştirakı əsasında keçirilmiş I Şah İsmayıl Xətai Simpoziumunun təşkili azərbaycançılıq və ədəbi-tarixi şəxsiyyətlərə qayıdış konsepsiyasının həyata keçirilməsi baxımından əhəmiyyətli olmuşdur. Bu istiqamətdə aparılan davamlı yeniləşmə AMEA-nın elmi tədqiqat institutları arasında elmi fəaliyyətin təşkilində koordinasiyanın güclənməsinə və konkret nəticələrin alınmasına imkan yaratmışdır.
(ardı var)
Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru