Azərbaycan paytaxtı Bakı sentyabrın 13–15-də 8-ci dəfə Formula 1 yarışına böyük uğurla evsahibliyi etdi. Dünyada 500 milyondan çox tamaşaçısı olan bu ecazkar yarış möhtəşəm Bakı trekində sürət həvəskarlarına unudulmaz anlar bəxş etdi.
Mürəkkəb konfiqurasiyalı trasda son dərəcə maraqlı və gərgin idman mübarizəsi aparıldığından, eləcə də, gözlənilməz nəticələr qeydə alındığı üçün istər Formula 1 pilotları, istərsə də komandaların rəsmiləri builki yarışı da böyük həyəcanla gözləyirdilər.
Sürət həvəskarlarının bənzərsiz Bakı trasında böyük heyranlıqla izlədikləri Azərbaycan Qran-Prisinin son yarış günü də maraqlı və gərgin idman mübarizəsi şəraitində keçdi. Əvvəlcə Qran-Prinin açılış mərasimi keçirildi. Dövlət Himnini Avroviziya-2022-də Azərbaycanı təmsil edən Nadir Rüstəmli səsləndirdi. Mərasimdə himn klassik üslubda ifa edildi. Səhnə tərtibatı “Xan Qarabağ” xalçasının açılmış şəkildə görünüşünü xatırladırdı. Bununla Azərbaycanın zəngin mədəni irsindən qiymətli bir nümunəni nümayiş etdirirdi.
Açılışdan sonra Formula 1 Azərbaycan Qran-Prisi-2024-ün əsas yarışı start götürdü. Mübarizə hər biri 2 pilotdan ibarət 10 komanda arasında aparıldı. Qalibin müəyyənləşdirilməsi üçün pilotlar Bakı Şəhər Halqasında 2 saat ərzində 51 dövrə vurdular.
Gərgin idman mübarizəsi şəraitində yüksək sürətdən doğan adrenalin azarkeşlərə həyəcanlı anlar yaşadırdı. Sonda rəqibləri üçün əlçatmaz olan “McLaren”in avstraliyalı pilotu Oskar Piastri Qran-Prinin qalibi oldu. Şarl Lekler (“Ferrari”) 2-ci, Corc Rassell (“Mercedes”) 3-cü sırada qərarlaşdılar.
Sonra Formula 1 Azərbaycan Qran-Prisinin qaliblərinin mükafatlandırılması mərasimi keçirildi. Əvvəlcə qalib idmançının və komandanın şərəfinə Böyük Britaniya və Avstraliya Dövlət himnləri səsləndirildi. Mükafatları pilotlara Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov, Beynəlxalq Avtomobil Federasiyasının prezidenti Məhəmməd Ben Sulayem və “Qatar airways”in Afrika üzrə vitse-prezidenti Hendrik Du Preez təqdim etdilər.
Beləliklə, 16 Qran-Pridən sonra “Red Bull”un niderlandlı pilotu Maks Ferstappen pilotların siyahısında 313 xalla liderdir. “McLaren”də çıxış edən Lando Norris 254 xalla 2-ci yerdədir. İlk “beşlik”də 235 xalla Şarl Lekler (“Ferrari”), 222 xalla Oskar Piastri (“McLaren”) və 184 xalla Karlos Sayns (“Ferrari”) qərarlaşıblar.
“McLaren” komandası 476 xalla Konstruktorlar kubokuna başçılıq edir. “Red Bull” 456 xalla 2-ci, “Ferrari” 425 xalla 3-cü pillədə yer alıblar.
Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində Bakıda Formula 2 yarışları da yüksək səviyyədə keçirildi. Bu yarışda isə hər biri 2 pilotla təmsil olunan 11 komanda birincilik uğrunda mübarizə apardı. “Trident” komandasının pilotu Rixard Versxor ən yüksək nəticə ilə 1-ci yerə layiq görüldü. “Art Grand Prix”dən Viktor Martins 2-ci, “Prema Racing”dən Andrea Kimi Antonelli 3-cü yerləri tutdular.
Azərbaycan 2016-cı ildən dünyanın ən nüfuzlu avtoidman yarışına evsahibliyi edir. Ölkəmizdə təşkil olunan ilk Formula 1 yarışı Avropa Qran-Prisi adı ilə keçirilib. Həmin yarışda almaniyalı Niko Rosberq qalib olub. Növbəti illərdə müvafiq olaraq Daniel Rikkardo (Avstraliya), Luis Hemilton (Böyük Britaniya), Valtteri Bottas (Finlandiya), Serxio Peres (Meksika) və Maks Ferstappen (Niderland) bütün rəqiblərini qabaqlayaraq fəxri kürsünün ən yüksək pilləsində yer alıblar. Yalnız 2020-ci ildə Azərbaycan Qran-Prisi koronavirus pandemiyası səbəbindən keçirilməyib.
Uzunluğu 6 kilometr olan və hərəkətin saat əqrəbinin əksinə nizamlandığı Bakı treki məşhur almaniyalı memar Hermann Tilke tərəfindən hazırlanıb. Azadlıq meydanından başlayan trek Hökumət Evinin ətrafı ilə fırlanaraq Qız qalasına çatmaq üçün İçərişəhər ətrafında 2,2 kilometr dairə vurur və Neftçilər prospektinə çıxaraq başlanğıc yerində sona çatır. Trekin ən geniş yerinin eni 13 metrdir, ən dar hissəsi trekin İçərişəhər ətrafında olan hissələrində, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir.
Xatırladaq ki, builki dünya çempionatı fevralın 29-da Bəhreyn Qran-Prisi ilə start götürüb. Səudiyyə Ərəbistanı, Avstraliya və Yaponiya, Çin, ABŞ, İtaliya (İmola), Monako, Kanada, İspaniya, Avstriya, Böyük Britaniya, Macarıstan, Almaniya, Niderland və İtaliyada (Monza) sonrakı mərhələlər təşkil olunub. Yarış dekabrın 6–8-də Əbu-Dabidəki Qran-Pri ilə başa çatacaq.
Leyla QURBANOVA
XQ