Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar həyata keçirilən silsilə tədbirlərin davamı olaraq, sentyabrın 14-də Şəki Rayon Prokurorluğunun inzibati binasında “Yaşıl dünyanın hüquqi əsasları” mövzusunda seminar keçirilib. Toplantıda prokurorluq əməkdaşları ilə yanaşı, media qurumları və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.
Ətraf mühitin mühafizəsi, habelə prokurorluq orqanlarının ekoloji hüquqpozmalara qarşı mübarizəsi ilə bağlı məlumatlığın artırılması məqsədilə təşkil olunmuş seminarda Şəki rayon prokuroru Mehman Xankişiyev prokurorluğun fəaliyyəti, cinayətkarlığa qarşı aparılan mübarizə tədbirləri, insan hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı görülən işlər barədə danışıb. O, prokurorluq orqanlarının digər dövlət qurumları ilə birgə ətraf mühitin mühafizəsi və ekoloji tarazlığın bərpa edilməsi istiqamətində gördüyü kompleks işlər barədə məlumat verib, yaşıl dünya naminə beynəlxalq əməkdaşlığın əhəmiyyətindən bəhs edib.
Baş Prokurorluğun mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov içtirakçıları yaşıl dünya üçün hüquqi tənzimləmələrin əhəmiyyəti, təbii resurslar və bioloji çeşidliliyin qorunması, tullantıların idarə olunması, alternativ enerji istehsalı, zərərli kimyəvi maddələrin idarə edilməsi kimi sahələrdə formalaşmış hüquqi, normativ əsaslar və hüquqi məsuliyyət tədbirləri barədə məlumatlandırıb.
Şəki rayon prokurorunun köməkçisi Amil Yaqubov isə ekoloji təhlükəsizliyin təmin edilməsi istiqamətində rayonda görülən işdən danışıb.
Seminarda fikir mübadiləsi aparılıb, ekoloji hüquqpozmalara qarşı prokurorluq orqanlarının fəaliyyəti ilə bağlı suallar cavablandırılıb.
***
Dünən Şəki rayon prokurorluğunda “Açıq qapı günü” də təşkil edilib.
Qonaqlar, media və qeyri-hökumət təşkilatlarının nümayəndələri Şəki Rayon Prokurorluğunun yeni istifadəyə verilmiş inzibati binasında əməkdaşlar üçün yaradılmış iş şəraiti, istifadə olunan kriminalistik texnika, habelə prokurorluğun fəaliyyəti ilə ətraflı tanış olublar.
Şəki rayon prokuroru M.Xankişiyev, Baş Prokurorluğun əməkdaşı K.Zeynalov, rayon prokurorluğunun böyük müstəntiqi A.Qarayev, prokuror köməkçisi A.Yaqubov və qurumun fəaliyyəti barədə dinləyicilərə ətraflı məlumat veriblər.
İlqar HƏSƏNOV,
XQ-nin bölgə müxbiri
Şəki