Serbiyanın Azərbaycan qazına tələbatı artır

post-img

Serbiya ölkəmizlə energetika sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədir. Bu məqsədlə yaxın vaxtlarda Bakı və Belqrad arasında Azərbaycan qazının əlavə tədarükü ilə bağlı Saziş imzalanacaq. Bu fikri Serbiyanın mədən və energetika naziri Dubravka Cedoviç Handanoviç “Srbijagas” şirkətinin prezidenti Duşan Bajatoviç ilə görüşündə səsləndirib. 

Serbiyanın Mədən və Energetika Na­zirliyinin bununla bağlı açıqlamasında bildirilir ki, nazir D.Bayatoviç ilə “Banat­ski dvor” yeraltı qaz anbarının genişlən­dirilməsi və istilik mövsümünə hazırlıq məsələləri müzakirə edilib. Bu zaman həm Serbiya, həm də Macarıstanda qaz anbarla­rının doldurulma səviyyəsindən məmnun­luğu ifadə olunub. Nazir, həmçinin Azər­baycandan əlavə həcmlərin tədarükünün də razılaşdırıldığını diqqətə çatdırıb. 

Serbiyalı nazir qeyd edib ki, noyabrda “Banatski dvor” yeraltı qaz anbarında 750 milyon kubmetr, Macarıstanın qaz anba­rında isə 163 milyon kubmetr qaz olacaq. Onun sözlərinə görə, həmçinin tələbata uy­ğun olaraq Azərbaycandan alınacaq əlavə həcmlər barədə də razılığa gəlinib və bu­nunla bağlı saziş yaxın vaxtlarda rəsmiləş­diriləcək. 

Xatırladaq ki, 2023-cü il noyabrın 15-də ARDNŞ ilə Serbiyanın “Srbijaqas” şirkəti arasında Azərbaycan qazının bu ölkəyə tədarükü ilə bağlı müqavilə imza­lanıb. Sözügedən sənədə əsasən, 2024-2026-cı illərdə Serbiyaya 400 milyon ku­bmetrə qədər Azərbaycan qazının tədarükü nəzərdə tutulur. 2027-ci ildən etibarən isə bu həcm artırıla bilər. Yeri gəlmişkən, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov sentyabrın 2-də Bakıda serbi­yalı həmkarı Marko Curiçlə danışıqların yekunlarına dair mətbuat konfransında bildirib ki, Azərbaycan Serbiyaya tədarük olunan qazın həcmini mərhələli şəkildə ildə 1 milyard kubmetrə çatdırmağı plan­laşdırır.

İqtisadiyyat