Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında (MEK) Azərbaycan Respublikasının Xalq yazıçısı, Əməkdar jurnalist, tərcüməçi, ədəbiyyatşünas, fil.ü.f.d. Elmira Axundovanın yeni nəşr edilmiş 2 cilddən ibarət “Aranızda ən böyük dissident mən idim! Heydər Əliyev və yaradıcı ziyalılar” («Самым большим диссидентом среди вас был я! Гейдар Алиев и творческая интеллигенция») və “Ədəbi gəzintilər: Zaman... Süjetlər... Düşüncələr” («Литературные странствия: Время… Сюжеты… Мысли») adlı kitablarının təqdimat mərasimi keçirilib.
Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Xalq rəssamı akademik Ömər Eldarov, Xalq artisti professor Xuraman Qasımova, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun, AMEA-nın Mərkəzi Elmi Kitabxanasının, Azərbaycan Yazıçılar Birliyinin nümayəndələri və KİV əməkdaşları iştirak ediblər.
Tədbiri giriş nitqi ilə açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli tanınmış ədəbiyyatşünas Elmira Axundovanın Azərbaycanda və onun hüdudlarından kənarda professional publisist kimi qəbul olunduğunu vurğulayıb. Elmira Axundovanın Ulu Öndər Heydər Əliyev haqqında birinci sənədli bioqrafik romanın müəllifi olduğunu qeyd edən Akademiya rəhbəri vurğulayıb ki, təqdimatı keçirilən kitablar bir-birini tamamlayaraq ölkənin görkəmli şəxsiyyətlərinin, ziyalılarının Ulu Öndərə münasibətlərinə dair müsahibə və oçerkdir, Heydər Əliyev epoxasının mühiti və müasirləri ilə birlikdə strategiyasını, siyasətini göstərərək unikal şəkillərlə zəngindir.
Akademik İsa Həbibbəyli qeyd edib ki, yazıçı Elmira Axundova Ümummilli Liderin siyasi coğrafiyasından bəhs edən çoxcildli əsərləri ilə alternativi olmayan qiymətli mənbələrin müəllifidir və Dövlət Mükafatına layiq görülmüş 6 cilddə, 7 kitabdan ibarət “Heydər Əliyev. Şəxsiyyət və zaman” epopeyası onun şah əsəridir.
Daha sonra AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri professor Asif Rüstəmli “Xalq yazıçısı Elmira Axundovanın yeni kitabları: dahi şəxsiyyətə və əbədi mövzulara yenidən baxış” mövzusunda məruzə ilə çıxış edib.
Tədbirdə, həmçinin Xalq rəssamı akademik Ömər Eldarov, Xalq artisti professor Xuraman Qasımova, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini tarix elmləri doktoru Eynulla Mədətli, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Lalə Həsənova və “Qobustan” jurnalının baş redaktoru Pərvin Nurəliyeva çıxış edərək Xalq yazıçısı Elmira Axundovanın əsərlərinin Heydər Əliyev irsinin öyrənilməsi üçün dəyərli mənbə olduğunu qeyd ediblər. Vurğulanıb ki, Heydər Əliyev yaradıcı insanlara həmişə xüsusi hərarətlə yanaşıb, onların problemləri ilə daim maraqlanıb. Çıxışlarda, həmçinin müəllifin görkəmli siyasətçinin milli mədəniyyətin inkişafındakı xidmətlərini hərtərəfli işıqlandırdığı da ətraflı qeyd olunub.
Sonda çıxış edən Xalq yazıçısı, fil.ü.f.d. Elmira Axundova təqdimatı keçirilən əsərlərinin ərsəyə gəlmə prosesindən danışıb, tədbirin təşkilinə görə Akademiya rəhbərliyinə və iştirakçılara dərin minnətdarlığını bildirib.