Dilçilik İnstitutunun alimləri Bişkekdə Yazılışının 950 il dönümündə “Divanü luğat-it türk: türk dünyasının ortaq dəyəri” mövzusunda keçirilən beynəlxalq konfransda iştirak ediblər.
İyunun 24-də AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli və Türk dilləri şöbəsinin müdiri professor İsmayıl Kazımov Qırğızıstanın Bişkek şəhərində keçirilən “Yazılışının 950 il dönümündə “Divanü lüğat-it türk: türk dünyasının ortaq dəyəri” mövzusunda beynəlxalq konfransında iştirak ediblər.
Beynəlxalq konfransda Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistandan alimlər iştirak ediblər.
Konfransda professor Nadir Məmmədli “ Divanü lüğat-it türkün tədqiqi tarixi”, professor İsmayıl Kazımov isə “Azərbaycan dilinin tarixi qrammatikası və Mahmud Kaşğarinin “Divani luğat it-türk” əsəri” mövzusunda məruzə ilə çıxış ediblər.
Konfransda bölmə sədri kimi iştirak edən Nadir Məmmədli türk dünyasının ən qiymətli kitablarından biri olan Mahmud Kaşğarinin məşhur “Divanü lüğat-it-türk” əsərinin I, II və III cildlərini konfransın idarə heyətinə təqdim edib. Çap olunmuş kitabları bu möhtəşəm yubileyə töhfə kimi qiymətləndirib..
Nadir Məmmədli çıxışında qeyd edib ki, ötən əsrin 30-cu illərdə SSRİ Elmlər Akademiyasının Azərbaycan filialında işləmiş, özbək əsilli Azərbaycan alimi Xalid Səid Xocayev Mahmud Kaşğarinin məşhur “Divanü lüğat-it-türk” əsərini türkologiya tarixində ilk dəfə ərəb dilindən Azərbaycan dilinə tərcümə etmişdir. Xalid Xocayev bu kitabın tərcüməsindən sonra “əksinqilabi pantürkist təşkilatın üzvü kimi, həm də Türkiyənin xeyrinə kəşfiyyat işi aparmış şəxs” damğası ilə ittiham olunaraq 1937-ci ildə güllələnmişdir. Alimin evində axtarış aparılan zaman “Divan” üzə çıxmamış, itmiş hesab olunmuşdur.
Mahmud Kaşğari “Divanü lüğat-it-türk” ensiklopediyasında türksoylu xalqların dil-ağız özəlliklərini, ləhcələrini, milli-mədəni varlığını toplamış, dövrünə uyğun qrammatika və yazı qaydalarını müəyyənləşdirmişdir.
Əsər yalnız lüğət deyil, türk tayfalarının dil-ləhcə fərqlərini, yayılma areallarını, həyat tərzini, tarixini, mifologiyasını, folklorunu, mədəniyyətini öyrənməyə imkan verir.
Əsər XI əsrin əvvəllərində türk tayfalarının ləhcələri haqqında məlumat verən dialektoloji-etnoloji kitabdır. Eyni zamanda, bəzi türk əfsanələrini, köhnə və yeni inancları, əyləncə, oyunlar, dövrün peşə-sənətkarlıq, ovçuluq, geyim, zərgərlik əşyaları və silahlar, atlar, müxtəlif ərzaq, qida məhsulları və içkilər, xəstəliklər, müalicəvi otlar və dərmanlar haqqında məlumat verən etibarlı və yeganə mənbə, əcdadlarımızın bədii-estetik, poetik antologiyasıdır.
İsmayıl Kazımov məruzəsində bildirib ki, Mahmud Kaşğarinin “Divanü lüğat-it-türk” əsəri dünya tarixində yazılmış ilk türk lüğətidir. Bu, adi sözlük deyil, eyni zamanda yazıldığı dövrün xarakterik cizgilərini müəyyənləşdirən güzgüsüdür, min il öncəki düşüncəni bügünə gətirən, tanıdan mötəbər bir qaynaqdır. Lüğətdə istifadə edilmiş kəlmələr, söyləmlər, ifadələr, cümlələr, ədəbi örnəklər- şeirlər, ata sözü və məsəllər, hikmətlər hələ də canlıdır.
Bu əsərlə türklüyün, türk qrammatikasının təməli qoyulur. Türk dili dövrün güclü dilləri ilə- ərəb, fars və soğdak dilləri ilə qarşılaşdırılır, müqayisə edilir.
Beynəlxalq konfrans iyunun 25-də yekunlaşacaq.