İstanbulda İpək Yolu ilə bağlı beynəlxalq konfrans

post-img

İstanbul şəhərində Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyinin, İstanbul Ticarət Universitetinin, Konya Böyükşəhər Bələdiyyəsinin, İnsan və Mədəniyyət Hərəkatı İctimai Birliyinin təşkilatçılığı ilə “Zamanı aşan miras: İpək Yolu” adlı Beynəlxalq Simpozium keçirilib. Simpoziumda Azərbaycan Turizm və Menecment Universitetinin Strateji İnkişaf üzrə Prorektoru Araz Aslanlı da məruzə ilə çıxış edib.

Açılış mərasimində Türkiyə Böyük Millət Məclisinin sədri Prof.Dr. Numan Kurtulmuş, Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirinin müavini Dr. Serdar Çam, Konya Böyükşəhər Bələdiyyəsinin sədri Uğur İbrahim Altay, İstanbul Ticarət Universitetinin Prorektoru Prof.Dr. Rahmi Deniz Özbay, İnsan və Mədəniyyət Hərəkatı İctimai Birliyinin rəhbəri Kemal Özden çıxış ediblər.

Simpoziumda İpək Yolunun yaranması, onun insanlıq tarixindəki yeri, İpək Yolu üzərindəki Türk dövlətləri və şəhərlərinin bu prosesdə iştirakı, müasir dövrdə bu yolun bərpasının siyasi, iqtisadi, mədəni və ümumiyyətlə müxtəlif istiqamətlər üzrə beynəlxalq əhəmiyyəti barədə məruzələr dinlənilib. Beynəlxalq elmi tədbirdə İpək Yolunu təmsil edən bütün dövlətlərin ali təhsil müəssisələrinin nümayəndələri, alimlər və ekspertlər iştirak edib. 

Azərbaycanı Bakı Dövlət Universitetinin dosenti Boran Əziz və ATMU-nun prorektoru Araz Aslanlı təmsil edib. Boran Əziz “Qarabağnamələr”də Şuşanın Türk dünyası üçün dini və elmi əhəmiyyəti”, Araz Aslanlı isə “Cənubi Qafqazda yeni geosiyasi şərait: Zəngəzur dəhlizi və Yeni ipək yolu” mövzusunda məruzə ilə çıxış edib.

 Araz Aslanlının məruzə etdiyi “Türk dünyası üçün imkanlar” adlı xüsusi paneldə professorlar – Mərmərə Universiteti Türkiyyat Araşdırmaları İnstitutunun direktoru Okan Yeşilot, Ankara Hacı Bayram Veli Universiteti İqtisadi və İdari Elmlər Fakültəsinin dekanı Fırat Purtaş və digər alimlərin iştirakı ilə Zəngəzur dəhlizinin Türk dünyası və ümumiyyətlə yeni İpək Yolu üçün önəmi geniş müzakirə olunub.

Zərifə HÜSEYNOVA

XQ

 

 

 

 

 





Elm