Dünya şöhrətli alim, kimya üzrə Nobel mükafatı laureatı Əziz Səncər Yunus Əmrə İnstitutunun Bakı nümayəndəliyində "Əziz Səncər gənclərlə baş-başa” proqramı çərçivəsində gənclərlə görüşüb.
Əziz Səncər proqram çərçivəsində gənclərə tövsiyələrini verib və ölkəmiz haqqında təəssüratlarını bölüşüb.
Azərbaycana olan sevgisini bir daha dilə gətirən görkəmli alim deyib ki, hər fürsətdə Bakıya gəlmək istəyir: “Bu dəfə də konfranslarda iştirak etmək və tələbələrə elm sahəsini aşılamaq üçün gəlmişik. Azərbaycanlı qardaşlarımı görməkdən məmnunluq duyuram”.
Yunus Əmrə İnstitutunun Bakı nümayəndəliyinin rəhbəri Səlçuk Karakılıç proqramın əhəmiyyətindən danışıb. Bildirib ki, “Əziz Səncər gənclərlə baş-başa” proqramı çərçivəsində gəncləri elm, tarix və mədəniyyət haqqında məlumatlandırırıq və onların böyük alimlə görüşünü təşkil edirik.
O bildirib ki, Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq bağı ilə yanaşı, strateji elmi və mədəni əlaqələr bizi bu coğrafiyada daha güclü və hakim edəcək: “Universitet tələbələrinə Əziz Səncərin “Elm və inkişaf üzrə aforizmlər” kitabını da təqdim etdik. Kitab böyük alimin intellektual düşüncələri ilə yanaşı, həyat macərasından və təcrübəsindən bəhs edir. Bu kitab gənclərə gələcəkləri üçün işıq olacaq".
Görüşdə görkəmli alim gənclərin suallarını cavablandırıb.
XQ