Dövlət Mükafatına təqdim edilib
Azərbaycan Milli Aerokosmik Agentliyində yerinə yetirilmiş kompleks tədqiqatların məntiqi nəticəsi kimi, Azərbaycan Respublikasının Elm sahəsi üzrə 2024-cü il üçün Dövlət Mükafatına təqdim olunmuş, texnika elmləri doktorları, professorlar Natiq Cavadov, Elçin İsgəndərzadə və Hikmət Əsədovun “Müasir hərbi döyüş sistemlərinin effektivliyinin yüksəldilməsi üzrə kompleks elmi tədqiqatlar” adlı fundamental araşdırmalar mütəxəssislərimiz tərəfindən təhlil edilmiş və əhəmiyyətli elmi-texniki tədqiqat işi kimi qiymətləndirilmişdir.
Təqdim edilmiş tədqiqat işi on fəsildən ibarətdir. Kitabda tankların və digər yerüstü hərbi texnikanın infraqırmızı siqnaturlarının hesablanması və onların kəşfiyyat qurğularından yayınma üsullarının təkmilləşdirilməsi məsələləri işıqlandırılmışdır. Yüksək elmi əhəmiyyətli nəticə kimi yaxın məsafədən ölçmələr üçün təklif edilmiş metodun uzaq məsafədə də tətbiqinin mümkünlüyü iki dalğa uzunluqlu Dozier metodunda atmosferin buraxma əmsalının nəzərə alınması şəklində təqdim olunmuşdur.
Təqdim edilmiş tədqiqatda yerüstü hərbi texnikanın infraqırmızı siqnaturunun yeni model hesablanması metodikasının, onun yaxın və uzaq məsafədən ölçülməsi üsulları işlənilmişdir.
Tədqiqat işində və infraqırmızı sahədə aşkarlanma əlamətləri və ondan qorunma üsulları işlənilmişdir. Yerüstü hərbi texnikanın termal şüalanmasının xarakteristikası, görülməli olan əks tədbirlər və üsullar təklif edilmişdir.
Zirehli texnikanın yüksək dəqiqlikli silahdan aktiv müdafiə sisteminin fəaliyyət prinsipi, alqoritmi və layihələndirmə metodikası da müəlliflər tərəfindən işlənilmişdir. Bu zaman hiperspektral təsvirlərdə nöqtəvari hədəflərin aşkarlanması alqoritmi işlənmiş, bu alqoritm riyazi əsaslandırılmışdır. İnfraqırmızı təsvirlər ardıcıllığında hərəkət edən kiçik hədəflərin zaman xarakteristikaları əsasında aşkarlanması məsələləri də tədqiq olunmuşdur.
Tədqiqat işində hərbi kəşfiyyat dronlarının yerdən vizual müşahidə edilməməsi üçün kolorimetrik-lüminessent metodikası da işlənilmişdir. Dronların işıqlanma intensivliyinin idarə edilməsi üsullarının effektivlik kriteriyası üzrə müqayisəsi yerinə yetirilmişdir.
Həmçinin lazer silahından müdafiə üsulunun işlənilməsi məsələləri araşdırılmışdır. O cümlədən, lazer şüasının operativ aşkarlanması və uçuş aparatlarının lazer şüalanmasından qorunması metodu və alqoritmlər hazırlanmış, hərbi təyinatlı uçuş vasitələrinin lazer silahından qorunmasını təmin edən idarəetmə-ölçmə sisteminin funksional əməliyyat alqoritminin blok-sxeminin və funksional sxeminin işlənilməsi üzrə müsbət nəticələr əldə olunmuşdur.
Tədqiqat işi məhvetmə vasitələrinin yarımaktiv lazer özüyönələn başlığının layihələndirilməsi məsələlərinə də həsr edilmişdir. Ladarın yaradılması problemlərinin tədqiqi məsələləri həll olunmuşdur. Bu fəsildə ladar sistemlərinin optimallıq kriteriyası müəyyənləşdirilmiş, qurğunun blok-sxemi, funksional sxemi və əməliyyat alqoritmi, atmosfer turbulentliyinin lazer şüasına təsiri, eləcə də, lazer sensorunun effektivliyinə təsir edən faktorlar tədqiq olunmuşdur.
Aparılan araşdırmalarda daşınan lazer optik-elektron dəfetmə qurğusunun yaradılması problemləri həll edilmişdir. Aparılmış tədqiqatlar nəticəsində lazerin dalğa uzunluğunun enerji kriteriyası, habelə, atmosferin təsiri də nəzərə alınmaqla lazerin dalğa uzunluğunun optimal seçilməsi üçün analitik nəticələr əldə edilmişdir.
Tədqiqat işində hava, su və yer mühitində fəaliyyət göstərən döyüş robotlarının mövqe dəqiqliyinin yüksəldilməsi metodikası da işlənilmişdir. GNSS sisteminin qəbuledicisi əsasında qurulan mövqe təyinetmə qurğularının müqayisəli təhlili nəticəsində göstərilmişdir ki, naviqasiyanın inersial texniki vasitələrindən fərqli olaraq, peyk vasitələri mövqe xətasını zamana görə akkumulyasiya etmirlər. Peyk və inersial vasitələrin birgə istifadə edilməsi imkan verir ki, inersial naviqasiya vasitələrinin göstərişləri dövri şəkildə korreksiya olunsun.
Bütün bu deyilənlər yekun olaraq, belə bir qənaətə gəlməyə əsas verir ki, təqdim edilmiş kompleks tədqiqat işi müasir hərbi yönümlü elm sahələrinin tam şəkildə tələbləri səviyyəsindədir və müvafiq hərbi-texniki sahələrin daha da inkişafına xidmət edəcəkdir.
Müəlliflər tərəfindən aparılmış fundamental tədqiqat işlərinin aktuallığını, elmi yeniliyini, genişmiqyaslı nəzəri və təcrübi əhəmiyyətini nəzərə alaraq, texnika elmləri doktorları, professorlar Natiq Cavadov, Elçin İsgəndərzadə və Hikmət Əsədovun “Müasir hərbi döyüş sistemlərinin effektivliyinin yüksəldilməsi üzrə kompleks elmi tədqiqatlar” adlı fundamental araşdırma işlərinə Elm sahəsi üzrə Azərbaycan Respublikasının Dövlət Mükafatı verilməsini tövsiyə edirəm.
Aleksandr KOZLOV,
akademik, Rusiya Federasiyasının Dövlət mükafatı laureatı,
Əməkdar elm xadimi, texnika elmləri doktoru, professor