Ermənistan Zəngəzurda yeni gömrük məntəqəsini nə məqsədlə yaradır?

post-img

Sünikdə (Zəngəzur) göm­rük-logistika mərkəzinin tikintisi üçün Avropa Yeni­dənqurma və İnkişaf Bankı (AYİB) bir müddət bundan əvvəl Ermənistana 2 milyo­nu qrant, 10 milyonu kredit olmaqla 12 milyon avro ayırmağı nəzərdə tutub. 

Ermənistan KİV-in yay­dığı məlumata görə, artıq 2 milyon avro dəyərində qrant sazişi imzalanıb. Bununla da Sünikdə gömrük və logistika mərkəzinin tikintisinə başlanıl­ması qərarı verilib. Razılaşma sənədi AYİB-in İrəvanda ke­çirilən illik iclası zamanı Ermə­nistanın maliyyə naziri Vahe Ovannisyan və adıçəkilən bank nümayəndələri tərəfin­dən təsdiqlənib. 

Yeri gəlmişkən, “Vətən uğrunda Tavuş” hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyan AYİB-in İrəvanda bununla bağlı keçirilən biz­nes forumunu hər hansı va­sitə ilə pozmağa çalışsa da, məqsədinə nail ola bilməyib. Arxiyepiskop bu fəaliyyətini baş nazir Nikol Paşinyanın indiyədək hər hansı bir təşəb­büsünün ölkəyə fayda gətir­məməsi, Sünikdə gömrük və logistika mərkəzinin tikintisinin də belə bir layihə olacağı ilə əlaqələndirib. Paşinyan haki­miyyəti isə fərqli düşündüyü­nü, sözügedən infrastruktu­run işə salınmasından sonra Şimal–Cənub magistralının Sisian–Kacaran hissəsinin Ermənistan iqtisadiyyatına müsbət təsir göstərəcəyini, ölkəni asılı vəziyyətdən çıxa­racağını, adıçəkilən magistra­lın yüksək səviyyəli təhlükəsiz beynəlxalq yola çevriləcəyini bildirib.

Qeyd edək ki, layihədə gömrük və logis­tika mərkəzinin Sünik rayonunun Şəki kəndi yaxınlığında (Sisianın 7 kilometrliyində), Şimal-Cənub magistralına bitişik ərazidə 7,7 hektar torpaq sahəsində tikilməsi planlaşdırı­lıb. 

Ermənistan KİV-in məlumatına görə, sözügedən mərkəzin ərazisində nəqliyyatın giriş-çıxışı istiqamətində hərtərəfli yoxlanıl­ması, gömrük rəsmiləşdirilməsi, yükdaşıma­ların rentgen müayinəsindən keçirilməsi üçün binalar, sərnişindaşımaların rentgen müayinə­si platforması və digər infrastrukturlar yaradı­lacaq. Giriş-çıxış istiqamətində çəkisi 100 ton olan 5 yol və 2 tərəzi də inşa olunacaq. 

Gömrük və logistika mərkəzi hər cür şəraiti olan laboratoriyanın yaradılması, sər­nişin daşımalarının, kiçik ölçülü yüklərin yoxlanılması, insanların skan edilməsi üçün rentgen avadanlığının, UHF radiostansiyala­rının quraşdırılması və s. ilə təchiz ediləcək. Mərkəzdə avtonəqliyyat vasitələrinin yox­lanılması (yük və sərnişin avtomobillərinin rentgen müayinəsi daxil olmaqla) və yüklərin rəsmiləşdirilməsi üçün meydançalar yaradıla­caq. Bir sözlə, layihənin reallaşdırılması ilə gələcək Şimal-Cənub magistralı ərazisində malların gömrük rəsmiləşdirilməsi sürətlənə­cək və “bir pəncərə” prinsipi ilə daşınma üçün bütün zəruri icazələrin verilməsi gerçək­ləşəcək. 

Ermənistan hakimiyyəti belə bir mərkəzə zəruri ehtiyacı həm də onunla izah edir ki, bir sıra yüklər sərhəddə deyil, ölkə daxilindəki gömrük anbarlarında rəsmiləşdirilir. Belə özəl anbarlar isə hər yerdə fəaliyyət göstərmir və heç də orada həmişə lazımi gömrük nəzarəti həyata keçirilmir. 

Beləliklə, erməni rəsmilərinin fikrincə, gömrük və logistika mərkəzi fəaliyyətə baş­layandan sonra Şimal–Cənub magistralının Sisian–Qacaran hissəsi, yəni, İran sərhədin­dən Ermənistana qədər olan mövcud yol xey­li qısalacaq: Qacarandan Sisiana qədər olan məsafə 118 kilometrdən 60 kilometrə enəcək, orta gediş sürəti isə 50 kilometrdən 100 kilo­metrədək yüksələcək. 

Magistral üç hissəyə bölünür: şimal, mərkəzi (Bərgüşat tuneli) və cənub. AYİB-in krediti ilə magistralın 24,2 kilometrlik cənub hissəsində (Qacaran–Barguşad tuneli) 5 kiçik tunel və 11 körpü tikiləcək. Planlaşdırılmaya əsasən, tikinti 2030-cu ilin noyabrında başa çatdırılacaq. 

Erməni mütəxəssislərinin fikrincə, Sünik­də yeni Sisian–Kacaran avtomobil magistralı ölkə tarixində ən böyük yol tikintisi layihəsi­dir. Ümumi dəyəri, təxminən, 1 milyard dollar qiymətləndirilən layihə çərçivəsində 27 körpü və 9 tunel tikiləcək. Bu yolun digər hissələ­rinin tikintisini isə Avropa İnvestisiya Bankı, Asiya İnkişaf Bankı və Ermənistan hökuməti tərəfindən maliyyələşdiriləcək. 

Ermənistanın “168.am” nəşrinin yaydığı məlumata əsasən, hökumətin qərarına əsasən, Zəngəzur vilayətində belə mərkəzin yaradıl­ması prioritet məsələdir, çünki bu bölgədə iki müvəqqəti saxlama anbarı olsa da, onların kifayət qədər ərazi və tikinti şəraiti, o cüm­lədən vilayət ərazisində xarici malların döv­riyyəsinin gömrük xidmətinin səmərəli təşkili məqsədilə gömrük nəzarətinin həyata keçiril­məsi üçün zəruri həcmdə texniki avadanlıq yoxdur. 

Zəngəzurda bu yeni mərkəzin tikintisi üçün ayrılan kredit və qrant vəsaitlərinə Er­mənistan hökumətinin ƏDV öhdəliklərinin yerinə yetirilməsinə yönəldiləcək birgə ma­liyyələşdirməsi daxil deyil. Birgə maliyyələş­dirmə 2,4 milyon avro təşkil edəcək ki, bunun da 2 milyon avrosu kredit vəsaitləri, 0,4 mil­yon avrosu isə qrant vəsaitləri olacaq. 

Ermənistan ilə AYİB arasında “Zəngəzur Gömrük və Logistika Mərkəzinin kredit sazi­şi” layihəsi Ermənistan üçün əlavə maliyyə öhdəliklərinə səbəb olacaq. Mərkəzin inşası Avropa İttifaqının Ermənistan üçün iqtisadi və investisiya proqramı ilə planlaşdırılır və hazırda xarici iqtisadi fəaliyyət üçün xidmət mərkəzlərinin yaradılması üzrə qəbul edilmiş proqramın tərkib hissəsidir”, – deyə nəşr bil­dirib.

Fikrət YUSİFOV,
iqtisad elmləri doktoru, professor

Ermənistan son zamanlar Rusiya ilə əlaqələrini zəiflədərək Avropa ilə yaxın­laşmaq istiqamətində davamlı addımlar atır. Bu, uzun müddət əməkdaşlıq etdiyi və fəaliyyəti daha çox siyasi motivlərlə idarə olunan Avropa Yenidənqurma və İnkişaf Bankını da “həvəsləndirir”. 

Bankın Ermənistana 2030-cu ilə qədər loqistika təyinatlı layihələr üçün böyük həcmdə kreditlər ayırmasına dair planla­rı da bu “istəkdən” qaynaqlanır. Ancaq bu seçimin nə qədər uğurlu olacağını zaman göstərəcək. Rusiya–Ermənistan münasibət­lərində yaranmış gərginliyin nə ilə yekun­laşacağı da heç kəsə bəlli deyil. Avropa da daxil olmaqla bütün dünyada hər kəs çox yaxşı bilir ki, Ermənistan çar Rusiyası tərə­findən Azərbaycan torpaqlarında yaradılmış bir dövlət, daha doğrusu, Rusiyanın Cənubi Qafqazda forpostudur. Yəni, Ermənistanın Rusiya qarşısında yazılmamış bir öhdəliyi var. Bu öhdəlikdən boyun qaçırmaq nə qə­dər realdır? Bunu yaxın zamanda, şübhəsiz ki, hər kəs görəcək. 

Ermənistanın kredit hesabına göm­rük-logistika mərkəzini Şərqlə Qərbin maraq dairəsində olan Zəngəzur dəhlizinin keçə­cəyi Mehridə və ya ona çox yaxın olan bir ərazidə deyil, 180 kilometr şimalda tikməkdə məqsədi nədir? Şübhəsiz ki, Ermənistanın bu “seçimi” Azərbaycan və Türkiyənin Zəngə­zur dəhlizi ilə bağlı planlarına qarşı atılan addımlar kimi dəyərləndirilməlidir. 44 gün­lük Vətən müharibəsində ağır məğlubiyyət­dən sonra 10 noyabr anlaşmasında nəzərdə tutulmuş kommunikasiyaların açılmasına dair öhdəlikləri yerinə yetirmək istəməyən Ermənistan ötən müddətdə hər dəfə Mehri yolunun açılması məsələsi ortaya çıxdıqda Azərbaycanla Naxçıvanı birləşdirəcək yo­lun bu istiqamətdə deyil, digər marşurutları təklif edib. Görünən budur ki, Ermənistan bu məsələdə hələ də öz oyununu oynayır. 

Ermənisatan Rusiya ilə münasibətlərin­də yaranmış gərginliyin nə ilə nəticələnəcə­yindən dolayı anlamalıdır ki, Azərbaycan və Türkiyənin dominant olduğu bir bölgə­də onun bu gedişlərinin heç bir perspektivi yoxdur və bu addımlar mahiyyət etibarilə sülhə deyil, daha çox bu gün ölkədə çılğın­lıq edən revanşistlərin baxışlarına xidmət edir. 

Ermənistanın bu gün regionda nə Şərqə, nə də Qərbə çıxışı yoxdur. Şimal istiqamə­tində isə torpaq iddiaları ilə mütəmadi ra­hatsız etdiyi Gürcüstan yerləşir. Bu dövlətin yeganə Cənuba – İrana çıxışı var. Qərblə hərbi ittifaqını dərinləşdirmək səbəbindən isə İranla da münasibətlərində sərinlik ya­ranan Ermənistan reallıqları olduğu kimi dəyərləndirə bilməzsə, onun bir dövlət kimi sonunun nə ilə yekunlaşacağına heç kim tə­minat verə bilməz.



Siyasət