MEK hazırda möhtəşəm müzakirə və konfransların keçirildiyi bir məkana çevrilib

post-img

AMEA Mərkəzi Elmi Kitabxanası 2023-cü il “Heydər Əliyev İli” çərçivəsində önəmli çalışmalara imza atıb. Bu münasibətlə Mərkəzi Elmi Kitabxananın (MEK) baş direktoru, professor Məmməd Əliyevlə həmsöhbət olduq.

- Kitabxananın “Heydər Əliyev İli” çərçivəsində gördüyü ən önəmli fəaliyyət olaraq nəyi qeyd edə bilərsiniz?

- Bizim əsas işimiz və çalışmalarımız kitabla, jurnalla, çap məhsulları, o cümlədən son illərdə rəqəmsal, elektron mənbələrlə bağlıdır. Hesab edirəm ki, MEK-in bu il üçün ən möhtəşəm töhfəsi AMEA prezidenti, akademik İsa Həbibbəylinin ideyası olan və mənim elmi redaktorluğumla əməkdaşlarımızın hazırladığı “Görkəmli dövlət xadimi Heydər Əliyev” adlı biblioqrafik göstərici sayıla bilər. 800 səhifəyə yaxın olan bu sanballı əsər ümummilli lider Heydər Əliyevə aid olan mənbələrin toplandığı bir nəşrdir. Əlbəttə, Heydər Əliyev elə bir şəxsiyyətdir ki, onun fəaliyyətini əhatə etmək üçün cild-cild kitablara, nəşrlərə ehtiyac var. Onun bütün sahələri əhatə edən, bütün istiqamətlərə nüfuz edən çalışmalarını bir nəşrdə toplamaq mümkünsüzdür. 

- Ümummilli Liderlə bağlı başqa nəşrləriniz də olubmu?

- Əlbəttə, biz nə qədər sanballı olsa da yalnız bir kitabla kifayətlənə bilməzdik.  Mən və MEK-in icraçı direktoru Şəhla Tahirqızı “Kitabxana informasiya sahəsinə dair normativ-hüquqi sənədlər” adlı kitab da hazırladıq və nəşr etdik. Bu kitab kitabxana sahəsinə dair normativ sənədlərin toplandığı önəmli bir vəsaitdir. Kitabı Ümummilli Liderin 100 illiyinə həsr etmişik. Bundan başqa, Heydər Əliyevin müdrik kəlamlarından ibarət Azərbaycan və ingilis dillərində “Ümummilli Lider Heydər Əliyev: müdrik kəlamlar” (“National Leader Heydar Aliyev: words of wisdom”) adlı audiokitab, “Heydər Əliyev irsinin kitabxanalarda tədqiqi və təbliği: elmi kitabxanalar üçün metodik vəsait” adlı nəşrlər də hazırlamışıq. Biz bu nəşrlərlə Ümummilli Liderin qarşısında borcumuzu azacıq da olsa ödəməyə çalışmışıq. Ümumiyyətlə götürdükdə MEK-də daim Heydər Əliyev irsinə, onun fəaliyyətinə, gördüyü işlərə, çalışmalara qarşı həm ədəbiyyatların toplanması və saxlanılması, həm tədbirlər keçirilməsi, həm də sərgilərin təşkili və s. istiqamətlərdə geniş çalışmalar həyata keçirilir. 

- MEK əməkdaşlarının bu mövzuya həsr olunan konfranslarda iştirakı haqqında nə deyə bilərsiniz?

- Kitabxanamızın əməkdaşları daim yerli və beynəlxalq səviyyəli elmi və digər qəbildən olan konfranslarda aktiv iştirak edirlər. “Heydər Əliyev İli” ilə bağlı 50-yə yaxın əməkdaşımız yerli və beynəlxaql əhəmiyyətli forum, konfrans, simpozium, dəyirmi masada 40-a qədər məqalə və tezislə, yerli və xarici mediada Ümummilli Liderin həyat və fəaliyyətinə həsr edilmiş müsahibə və məqalələrlə çıxış ediblər. Bu çıxışlarda Heydər Əliyevin həyat və yaradıcılığı, onun Azərbaycan mədəniyyətinin təbliğində, kitabxanaların qorunmasında və inkişafındakı rolu ətraflı təhlil edilib.

Biz daim əməkdaşlarımızın beynəlxalq və yerli əhəmiyyətli tədbirlərdə iştirakını həm təşviq edirik, həm də onlara dəstək veririk. Kitabxanaya yalnız kitab saxlanılan bir yer kimi baxmaq doğru deyil. Müasir dövrdə, informasiyanın sürətlə yayıldığı, internet-kommunikasiya, elektron proseslərin genişləndiyi bir mərhələdə kitabxana həm də informasiya qəbuledicisi və ötürücüsüdür. Biz də dövlətimizin bizə göstərdiyi etimadı layiqincə doğrultmağa, Azərbaycan həqiqətlərini, Azərbaycan Prezidenti İlham Əliyevin siyasətini, dövlətimizin qazandığı uğurları, gördüyümüz işləri təqdim və təbliğ etməkdəyik.

MEK özü də hazırda, demək olar ki, hər gün bir neçə zalında tədbirlərin, ən möhtəşəm müzakirə və konfransların təşkil edildiyi bir məkana çevrilib. Yerli və beynəlxalq əhəmiyətli tədbirlərin keçirilməsi üçün əməkdaşlar lazım olan bütün dəstəyi göstərirlər. Bundan əlavə, Azərbaycan üçün önəmli günlərdə tədbirlər təşkil edir, əhəmiyyətli mövzularda sərgilər keçiririk. Bu il noyabrın 28-29-da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Multikultural cəmiyyətdə kitabxanaların rolu” adlı beynəlxalq elmi konfrans keçirdik. Konfransda Azərbaycanla yanaşı, 10-a qədər ölkədən elm, təhsil, mədəniyyət, ictimaiyyət adamları məqalə və tezislələrlə iştirak etdilər. Bu cür möhtəşəm tədbirlə də “Heydər Əliyev İli”nə daha bir töhfə vermiş olduq. 

- Artıq “Heydər Əliyev İli” başa çatır. Bundan sonra fəaliyyətiniz hansı sahələri əhatə edəcək?

- Əlbəttə, çalışmalarımız mövsümi deyil, daimi xarakter daşıyır. Kitabxanamızda Ümummilli liderlə bağlı daimi sərgi fəaliyyət göstərir. Ümummilli Liderin fəaliyyətini təbliğ edən lektoriyalarımız keçirilib və onun kitab mədəniyyətinin inkişafındakı rolu təhlil edilib. Heydər Əliyev irsini daim təbliğ etmək üçün ayrıca çalışmalarımız, müzakirələrimiz, kitab təqdimatlarımız və s. davam edir. Biz dövlətimizin mədəniyyət, təhsil, elm siyasətinin təbliği və inkişafında aktiv iştirak etməyi özümüzə borc bilirik. Kitabxanamızda dövlətimiz tərəfindən istifadəçilər üçün yaradılmış şərait, həm oxucularda, həm də qonaqlarımızda xoş təəssürat yaradır. Çalışmışıq ki, burada elə şərait yaradaq ki, kitabxanamız bura gələnlərlə “danışsın”, Azərbaycanın mədəni zənginliklərini təqdim edə bilək. Çünki Prezident İlham Əliyev belə bir məkanı yaradaraq istifadəçilərin ixtiyarına verməklə qarşımızda bu tələbi qoyub. 

XQ

Elm