Türkiyəli alim Folklor İnstitutunun qonağı olub

post-img

Tanınmış türkoloq alim, Egey Universiteti Türk Dünyası Araşdırmaları İnstitutunun yaradıcısı və uzun illər rəhbəri olmuş professor Fikrət Türkmən AMEA Folklor İnstitutunun qonağı olub. 

İnstitutun baş direktoru, akademik Muxtar İmanov qonağı səmimi qarşılayaraq, Azərbaycan-Türkiyə folklor əlaqələrinin bugünü və gələcək perspektivləri barədə danışıb. Qarşılıqlı fikir mübadiləsi əsasında keçən görüşdə müasir folklor elminin aktual problemləri ilə bağlı fikir mübadiləsi aparılıb. Beynəlxalq əlaqələri, xüsusən də Türk dünyası ilə münasibətləri genişləndirmək, xarici ölkələrdəki elm ocaqları ilə birlikdə elmi simpozyumlar, konfranslar keçirmək, tanınmış elm adamlarını Azərbaycana dəvət edərək folklorşunaslarımızla onların çanlı təmaslarını qurmaq, kollektivin təcürbəsini yaymaq, xaricdə folklorşunaslığımızın uğurlarını təbliğ etmək kimi məsələlər müzakirə mövzusu olub. 

Baş direktor Folklor İnstitutunun nəşri olan çoxsaylı kitabları və elmi nəşrləri Fikrət Türkmənə hədiyyə etmişdir. Kitablar Türk Dünyası Araşdırmaları İnstitutunun “Fikrət Türkmən” kitabxanasında yerləşdiriləcək. Qeyd edək ki, məşhur alimin uzun illərdən bəri, dünyanın hər yerindən gətirdiyi və ona hədiyyə edilən 40 min nüsxədən çox kitabın  universitetə bağışlanılmasından sonra bu kitabxana yaradılmış və dəyərli alimin şərəfinə "Fikrət Türkmən kitabxanası” adlandırılmışdır.

Hələ sovet dövründən Azərbaycanla da geniş əlaqələri olan Fikrət Türkmən  Bakı Dövlət Universitetinin "Faxri doktor”udur, Türkiyə Prezidenti Süleyman Dəmrəl tərəfindən "Türk Dünyasına xidmət” mükafatı ilə təltif olunmuşdur.

Görüşdə “Xalq qəzeti”nin əməkdaşı, Əməkdar jurnalist, TÜRKSOY-un media mükafatçısı Namiq Əhmədov və Folklor İnstitutunun Mərasim folkloru şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Qalib Sayılov da iştirak ediblər.

“Xalq qəzeti”



Elm