Ənvər Məmmədxanlının 110 illik yubileyi qeyd olunub

post-img

Bakı şəhəri 301 nömrəli tam orta məktəbdə Ənvər Məmmədxanlının anadan olmasının 110 illiyinə həsr edilmiş tədbir keçirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AZƏRTAC-a bildirilib ki, əvvəlcə qonaqlar şagirdlərin əl işlərindən ibarət sərgiyə baxıblar.Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Sevda Sarıyeva təhsil müəssisəsinin tarixi və uğurları haqqında məlumat verib.

BŞTİ-nin müdiri Mehriban Vəliyeva elə ilk əsərlərindən öz mövzuları, üslubu ilə ədəbi ictimaiyyətin xüsusi marağına səbəb olan, özünəməxsus yaradıcılıq yolu keçən görkəmli ədib Ənvər Məmmədxanlının qürurla andığımız şəxslərdən biri olduğunu diqqətə çatdırıb. M.Vəliyeva əsərləri ilə xalqımızın bədii-mədəni fikir xəzinəsinin zənginləşməsi naminə səmərəli fəaliyyət göstərən Azərbaycan ədəbiyyatının tanınmış simalarının keçdikləri ömür yolu barədə şagirdlərin məlumatlandırılması məqsədilə məktəblərdə təşkil edilən bu cür tədbirlərin zəruri olduğunu vurğulayıb. İdarə müdiri bu gün gələcəyimiz olan nəslin tərbiyəsində Ənvər Məmmədxanlı kimi yazıçıların əsərlərinin böyük əhəmiyyətə malik olduğunu qeyd edib və milli-mənəvi dəyərlərimizi qoruyub saxlamağın vacibliyinə toxunub. O, “nəsrimizin şairi” adlandırılan görkəmli sənətkar, qüdrətli qələm ustasının xatirəsinin həmişə qəlbimizdə yaşayacağını qeyd edib.

Milli Məclisin deputatı Qənirə Paşayeva istedadlı nasir, dramaturq, ssenarist və tərcüməçi Ənvər Məmmədxanlının bütün həyatı boyu Vətən üçün hər cür fədakarlığa hazır olduğunu bildirib. Yazıçının “Həyatım ağrıyır” ifadəsini xatırladan Q.Paşayeva şagirdlərin vətənpərvərlik, humanizm, düşmənə nifrət, beynəlmiləlçilik ruhunda tərbiyə olunmasında Ənvər Məmmədxanlı kimi yazıçıların rolunun böyük olduğunu deyib.

Tarixin ən qüdrətli dövlət və siyasət adamları, dahi şəxsiyyətləri sırasında layiqli yer tutan Ümummilli Lider Heydər Əliyevin zəngin irsinin dövlətimizin inkişaf və tərəqqi yolunun etibarlı bələdçisi olmaqla, indiki və gələcək nəsillər üçün əvəzsiz sərvət, böyük qürur və iftixar mənbəyi olduğunu söyləyən depuatat “Heydər Əliyev İli” çərçivəsində təhsil müəssisələrində yubileyi olan şəxsiyyətlər barədə tədbirlərin davamlı keçirilməsini təqdir edib.

Tədbirdə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, “Unity company” şirkətinin direktoru Fikrət Əliyev Ümummilli Liderin zəngin irsinin şagirdlər arasında təbliğinin mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıblar. Çıxış edənlər ədəbiyyat tariximizdə xüsusi yeri olan, istər müasir, istərsə də tarixi mövzularda dəyərli əsərlər yazaraq nəsr və dramaturgiyada iz qoyan Ənvər Məmmədxanlının həyat yolu barədə geniş məlumat veriblər.

Tədbirdə müəllim və şagirdlərin iştirakı ilə “Babək” romanı səhnələşdirilib. Həmçinin ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib, şeirlər, mahnılar səsləndirilib.

Sonda Q.Paşayeva tərəfindən şagirdlərə müxtəlif kitablar hədiyyə edilib. Eyni zamanda, “Unity company” şirkəti tərəfindən 1 məktəblinin təhsil xərclərinin qarşılanacağı açıqlanıb.





Elm