AMEA-nın Rəyasət Heyətində Azərbaycan Milli Elmlər Akademiyası ilə Özbəkistanın Dövlət İncəsənət və Mədəniyyət İnstitutu arasında əməkdaşlıq haqqında memorandumun imzalanma mərasimi keçirilib.
Mərasimdə çıxış edən AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, Azərbaycan və Özbəkistan əlaqələri müasir dövrdə ölkələrimizin müstəqillik əldə etməsindən sonra daha da genişlənib, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü əsasında qardaş ölkə ilə rəsmi münasibətlər qurulub.
Son illərdə isə iki ölkə arasında əlaqələrin Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev tərəfindən yeni mərhələyə qaldırıldığını deyən akademik İsa Həbibbəyli dövlət başçılarımızın yaxın dostluq münasibətlərinin elm, təhsil, mədəniyyət və digər sahələrdə əməkdaşlıq üçün geniş imkanlar açdığını bildirib.
AMEA-nın Özbəkistan Elmlər Akademiyası, Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universiteti, Daşkənd Dövlət Şərqşünaslıq Universiteti və digər elmi və təhsil qurumları sıx əməkdaşlıq əlaqələrinin mövcud olduğunu deyən akademik İsa Həbibbəyli, həmçinin iki ölkənin alimlərinin birgə təşkilatçılığı ilə beynəlxalq konfransların təşkil edildiyini diqqətə çatdırıb. Həmçinin qeyd edib ki, Azərbaycan Əlişir Nəvainin ikinci vətənidir, ölkəmizdə ədibin yaradıcılığı istiqamətində geniş tədqiqatlar aparılıb, əsərlər meydana qoyulub, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun nəzdində Əlişir Nəvai Mərkəzi fəaliyyət göstərir, Əlyazmalar İnstitutunda isə dahi şairin zəngin əlyazmaları qorunur. 6-7 fevral 2023-cü il tarixlərində isə ilk dəfə olaraq “Əlişir Nəvai və XXI əsr” mövzusunda ənənəvi keçirilən beynəlxalq konfrans ilk dəfə Özbəkistandan kənarda, Azərbaycan Milli Elmlər Akademiyasında baş tutub.
AMEA rəhbəri, eyni zamanda, Məhəmməd Baburun əsərlərinin azərbaycanlı alimlər tərəfindən tədqiq olunduğunu, iki xalqın böyük oğlu Maqsud Şeyxzadənin yaradıcılığına həsr olunmuş kitabların işıq üzü gördüyünü söyləyib, hazırda Akademiyada Azərbaycan-Özbəkistan elmi, ədəbi, mədəni əlaqələrinin genişləndirilməsi istiqamətində prosesin davam etdiyini bildirib.
Özbəkistanın Dövlət İncəsənət və Mədəniyyət İnstitutunun rektoru Eldor Şermanov isə çıxışında bildirib ki, mədəniyyət amili xalqların birləşməsində mühüm rol oynayır və rəhbərlik etdiyi qurum AMEA ilə əlaqələrin qurulması və genişləndirilməsinə xüsusi əhəmiyyət verir. Eldor Şermanov hazırda Dövlət İncəsənət və Mədəniyyət İnstitutunun nəzdində Azərbaycan Mədəniyyət Mərkəzinin fəaliyyət göstərdiyini diqqətə çatdırıb, əməkdaşlıq memorandumunun birgə konfransların təşkili, layihələrin həyata keçirilməsi və kadr hazırlığı işinə öz töhfəsini verəcəyini vurğulayıb.
AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun baş direktoru, müxbir üzv Ərtegin Salamzadə isə rəhbərlik etdiyi institutun Özbəkistanın bir sıra qurumları, o cümlədən Rəssamlıq Akademiyası ilə sıx əməkdaşlıq etdiyini, birgə konfranslar keçirdiklərini söyləyib, müəllifi olduğu “Akmal Nur. Boyakarlıq” kitabını qonaqlara hədiyyə edib.
Daha sonra AMEA ilə Özbəkistanın Dövlət İncəsənət və Mədəniyyət İnstitutu arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Sənədi AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli və sözügedən institutun rektoru Eldor Şermanov imzalayıblar.
Sonda qarşılıqlı hədiyyələr təqdim edilib və qonaqlar AMEA-nın Rəyasət Heyətinin binası ilə tanış olublar.
Mərasimdə Özbəkistanın Dövlət İncəsənət və Mədəniyyət İnstitutunun elmi tədqiqat, innovasiya və elmi-pedaqoji kadrların hazırlanması şöbəsinin müdiri Marufjon Yuldaşev, institutun magistrantı Pirmuxammad Xolmaqmatov, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin inzibatçısı Yusif Məmmədov və AMEA-nın Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr şöbəsinin müdir müavini, yer elmləri üzrə fəlsəfə doktoru Aytən Hüseynova da iştirak ediblər.