Banklar təmiz iqtisadiyyata keçidi ardıcıl dəstəkləyəcək
Azərbaycanda “yaşıl” taksonomiya dayanıqlı inkişaf məqsədlərinə çatmaq üçün güclü baza yaradacaq. Bu fikri Azərbaycan Mərkəzi Bankının baş direktoru Vüsal Xəlilov VIII Beynəlxalq Bankçılıq Forumunda səsləndirib.
Azərbaycan bank sektorunun iqlim dəyişikliyinə qarşı mübarizədə dayanıqlı inkişafı dəstəkləmək üçün 2 milyard manat vəsait ayırmaq öhdəliyini üzərinə götürdüyünü diqqətə çatdıran baş direktor bildirib ki, bu məqsədlərə uğurla nail olmaq üçün ölkəmizdə “yaşıl” taksonomiya qəbul edilib. Onun sözlərinə görə, “yaşıl” taksonomiya investisiyaların ekoloji təsirini qiymətləndirməyə və maliyyə axınlarını ekoloji baxımdan davamlı layihələrə yönləndirməyə imkan verən mühüm çərçivədir.
V.Xəlilov əlavə edib: “Bu addım təkcə bank sektorunun ekoloji məsuliyyətini artırmaqla qalmır, həm də dayanıqlı inkişaf məqsədlərinə çatmaq üçün güclü baza yaradır. Əminəm ki, banklarımız milli inkişafın əsas prioritetlərindən biri olan “yaşıl” iqtisadiyyata keçidi dəstəkləmək üçün bütün səylərini göstərəcək”.