Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində BMT-nin Səhralaşmaya qarşı mübarizə Konvensiyasının 16-cı Tərəflər Konfransı (COP16) çərçivəsində keçirilən sessiya və panel iclaslarında Bakıda uğurla keçirilmiş 29-cu iqlim konfransında əldə edilmiş nəticələr, eləcə də ölkəmizin torpaqların deqradasiyası, səhralaşma, quraqlıq, su qıtlığı kimi problemlərin həlli istiqamətində həyata keçirdiyi təşəbbüslər barədə ətraflı məlumat verilib.
Bildirilib ki, planetimizin quru ərazisinin, təxminən, üçdəbirində özünü göstərən və milyardlarla insanın həyat şəraitinə mənfi təsir göstərən torpaqların deqradasiyası problemi, eləcə də biomüxtəlifliklə və iqlim dəyişikliyi ilə bağlı məsələlər inteqrasiya olunmuş qlobal həllər tələb edir.
Səhralaşmaya qarşı mübarizə Konvensiyasının 16-cı Tərəflər Konfransında Azərbaycanın 2030-cu ilə qədər 270 min hektar münbitsizləşmiş torpağı bərpa etməyi qarşısına məqsəd qoyaraq Bonn Çağırışına sadiq qalacağı diqqətə çatdırılıb. Bununla bərabər, iqlim dəyişikliyinin regionumuzda qorxulu nümunələrindən olan Xəzər dənizinin su səviyyəsinin azalması probleminə toxunulub və bu kimi problemlərin həlli üçün iqlim maliyyələşməsi üzrə Bakı razılaşmasının əhəmiyyəti yüksək dəyərləndirilib. Eyni zamada, Bakıda “İqlim fəaliyyəti üçün su üzrə COP29 Bəyannaməsi”nin imzalanmasının bu sahədə problemlərin həllinə töhfə verəcəyinə böyük əminlik ifadə edilib.
Konfrans çərçivəsində keçirilən digər panel iclaslarda yuxarıda vurğulananlarla yanaşı, Azərbaycanın COP29 sədrliyinin bərpa olunan enerji sahələrindəki təşəbbüslərindən, ekosistemləri qorumaq üçün Xəzərdə ilk dəniz mühafizəsi sahəsinin yaradılmasından, Bakı Harmoniya İqlim təşəbbüsünün fəaliyyətə başlamasından da danışılıb.