Çinin ingilisdilli “China Daily” qəzeti Bakıda keçirilən COP29 çərçivəsində Heydər Əliyev Fondunun Azərbaycana həsr olunan yeni nəşrinin təqdimatı barədə məqalə yayıb.
Çinin nüfuzlu nəşri sıx əməkdaşlıq etdiyi AZƏRTAC-ın təqdim etdiyi materiala istinad edərək, ideya müəllifi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, layihə rəhbəri Prezidentin köməkçisi Anar Ələkbərov olan nəşrdə Azərbaycanın füsunkar təbiəti, flora və faunasına dair fotoşəkillərin, müvafiq məlumatların yer aldığını yazıb.
Qeyd olunub ki, Azərbaycan təbiətinin müxtəlifliyini təsvir edərək ölkənin bütün regionlarını, milli parklar və qoruqlarını əhatə edən layihə üzrə videoçəkilişlər aparılıb, videoçarxlar və sənədli film hazırlanıb.
Nəşr yazır ki, kitabda toplanmış şəkillər Azərbaycanın gözəlliklərini təqdim edəcək, insanlara təbiəti sevməyi və qorumağı bir daha xatırladacaq. Layihə zamanı işğaldan azad olunmuş ərazilərdə - Qarabağda və Şərqi Zəngəzurda da çəkilişlər aparılıb.
Qeyd edək ki, çap versiyası və rəqəmsal platformalar üzrə yüz milyonlarla oxucusu olan nüfuzlu “China Daily” qəzeti təkcə Çində deyil, eləcə də dünyada ingilis dilində nəşr edilən ən populyar qəzetlərdən biridir. Onun xarici ölkələrdəki oxucularının sayı Çindəki oxucularından çoxdur.
Xatırladaq ki, oktyabrda 6-cı Dünya Media Sammiti çərçivəsində AZƏRTAC ilə “China Daily” arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb. Nəşr Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı uğurlar haqqında AZƏRTAC-ın onlarla materialını öz internet səhifəsində yerləşdirib. “China Daily” Bakıda keçirilən COP29 haqqında onlarla material yayıb.
XQ