İƏT ölkəmizdə Təmiz Enerji Mərkəzi yaradır

post-img

İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) və BMT-nin Sənaye İnkişafı Təşkilatı (UNİDO) ölkəmizdə Təmiz Enerji Mərkəzi yaradıb. Bakı iqlim konfransı çərçivəsində təsis edilmiş bu mərkəz İqtisadi Əməkdaşlıq Təşkilatı regionuna xidmət göstərəcək. Bu barədə XQ-yə Energetika Nazirliyindən məlumat verilib.

Bildirilib ki, tədbirdə çıxış edən energetika naziri Pərviz Şahbazov COP29 çərçivəsində Bakıda təsis edilən ECO-UNIDO Təmiz Enerji Mərkəzini təkcə Azərbaycan üçün deyil, İƏT-in bütün üzv dövlətləri üçün strateji əhəmiyyət kəsb edən bir təşəbbüs kimi dəyərləndirib. Nazir deyib ki, mərkəzin fəaliyyətə başlaması Azərbaycanın və İƏT ölkələrinin enerji sahəsindəki liderlik səylərini daha da gücləndirəcək, regional əməkdaşlığı təşviq edəcək və bərpaolunan enerji mənbələrinə keçidi sürətləndirəcək: “Azərbaycan – Türkiyə – Avropa” və “Mərkəzi Asiya – Azərbaycan” yaşıl enerji dəhlizləri kimi regional enerji şəbəkələrinin inteqrasiyasını təşviq edərək biz İqtisadi Əməkdaşlıq Təşkilatının enerji təhlükəsizliyi və iqlim dəyişikliyinə qarşı mübarizədəki rolunu gücləndiririk, sıfır emissiya məqsədlərinə çatmaq üçün vahid bir strateji platforma yaradırıq”.

İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi Əsəd Məcid Xan isə son dövrdə davamlı enerji keçidinin təşkilatın ümumi enerji gündəminə daxil edilməsindən bəhs edərək BMT-nin Sənaye İnkişafı Təşkilatı ilə birgə Bakı şəhərində Təmiz Enerji Mərkəzinin yaradılmasını bu transformasiya prosesinə təkan verən uğurlu nümunələrdən biri kimi vurğulayıb. Baş katib davamlı enerji gündəminin irəliləyişinin təmin edilməsi və İƏT Təmiz Enerji Mərkəzi üçün resursların cəlb edilməsi istiqamətində davamlı regional dialoqa çağırış edib.

UNIDO baş direktorunun müavini və Texniki Əməkdaşlıq və Davamlı Sənaye İnkişafı İdarəsinin rəhbəri Ciyong Zou İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin iqlim dəyişikliyi və enerji təhlükəsizliyi kimi təcili problemləri həll etmək istiqamətində davamlı öhdəliyini vurğulayıb. O deyib ki, yeni yaradılan mərkəz regionda təmiz enerjiyə keçidi sürətləndirərək innovasiya, əməkdaşlıq və potensialın artırılması mərkəzi kimi fəaliyyət göstərəcək, enerji təhlükəsizliyi və iqlimə davamlılığın inteqrasiyasını təmin edəcək.

Tədbirdə İƏT üzv dövlətlərinin nazirləri, OFID, Əbu Dabi Fondu, Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı və Avrasiya İnkişaf Bankı kimi beynəlxalq maliyyə institutları da təmsil olunub.

XQ

Ekologiya