Qlobal istiləşmənin qaynaqları

post-img

Temperaturun qlobal səviyyədə artması səbəbindən ekstremal hava hadisələri və təbii fəlakətlər daha tez-tez baş verir. Meşə yanğınları, sel, tufan, torpaq sürüşmələri, quraqlıq kimi hadisələr getdikcə çoxalır. Qlobal istiləşmə həm də buzlaqların əriməsində əsas rol oynayır.

Hazırda buzlaqlar daha sürətlə əriyir, bu da əvvəllər buzla örtülmüş torpaqların qalxmasına səbəb olur, təzyiq dəyişikliyi, zəlzələlərin aktivləşməsi ilə özünü göstərir. Buzlaqların əriməsi, eyni zamanda, okeanların səviyyəsini qaldırır, onun dibində artan su təzyiqi sahilə yaxın yerləşən zonalarda sürüşmələr yaradır. Təzyiqdə cüzi artım isə onların başlanğıcını sürətləndirir. Yer kürəsi iqliminin qlobal istiləşməsinin geoloji səbəbləri də var. Bu səbəblər zəlzələrin baş verməsində rol oynayır.

Bu barədə həmsöhbətimiz coqrafiya elmlər doktoru Gulxar Rzayevanın sözlərinə görə, iqlim dəyişiklikləri yalnız insanın fəaliyyyəti ilə bağlı deyil. Qlobal istiləşmənin başqa səbəbləri də var: “Yer kürəsi iqliminin istiləşməsini şərtləndirən geoloji amilə gəldikdə isə qeyd edim ki, planetin səthində baş verən qabarmaların təsiri ilə əmələ gələn qabarma sürtünmələri Yer kürəsinin özünün xəyali oxu ətrafında fırlanma sürətini zəiflədir. Belə ki, Ayın planetimizin ətrafında dövr etməsi və cazibəsi ilə əlaqədar Yer kürəsinin su səthində qabarmalar və çəkilmələr baş verir. Bu dövri olaraq təkrarlanır. Amma zəlzələlərin Yer kürəsinin özünün xəyali oxu ətrafında fırlanma sürətinə zəiflədici təsiri qanunauyğun hadisə deyil”.

Müsahibimizin fikrincə, zəlzələlərin təsiri dövri olaraq deyil, pərakəndə halda baş verir. Dünya geofiziklərinin verdikləri məlumatlara görə, hər il orta hesabla 100 mindən çox yeraltı təkanlar baş verir. Bu təkanların da biri və ya ikisi çox güclü və dağıdıcıdır. Yer qabığı bərkiyəndən sonra (bu bərkimə ən azı 3,5–4 milyard il bundan əvvəl olub) orta hesabla hər ilə bir güclü təkanın olduğunu qəbul etsək, onda bu cür təkanların 3–4 milyard dəfə təkrarlandığını söyləmək mümkündür. Yer kürəsinin mərkəzindən kənara, yəni onun səthinə doğru istiqamətlənən təkanlar planetin fırlanma sürətinə az da olsa zəiflədici təsir göstərir. Bu təkanlar onun fıranma istiqamətinin əksinə yönəldikdə onların zəiflədici təsiri də böyük olur. Nəzərə alsaq ki, yer qabığının bərkiməsindən sonra keçən dövr ərzində bu cür 3–4 milyard dəfə güclü təkan olub, onda bu təkanların planetin xəyali oxu ətrafında fırlanma sürətinə zəiflədici təsiri bizə aydın görünər.

Alim bildirdi ki, qlobal istiləşmədə mexaniki amillər də rol oynayır. Belə ki, planetin səthinə açıq səmadan gəlib düşən asteroidlərin, meteoritlərin və digər səma cisimlərinin də onun xəyali oxu ətrafında fırlanma sürətinə zəiflədici təsiri var. Həmin göy cisimləri Yer kürəsinin cazibə sahəsinə daxil olaraq böyük sürətlə ona doğru uçur. Bu göy cisimlərinin çoxu atmosfer havasına sürtünərək alışıb yanır. Amma onlardan bəziləri Yer kürəsinin səthinə qədər gəlib çata bilir. Belə göy cisimlərinə misal olaraq 1908-ci ildə Rusiya Federasiyasının şərqində olan Tunquz çayı hövzəsinə, 1959-cu ildə ölkəmizin Yardımlı rayonundakı Ərus və Jiy kəndlərinin arasına meteorit düşməsi halları olub.

Dünya müsəlmanlarının müqəddəs ziyarətgahlarından biri olan Səudiyyə Ərəbistanının Məkkə şəhəri yaxınlığındakı “Kəbə” (qara daş) də yer səthinə düşmüş meteorit parçasıdır. Bunlar insanların gördükləri meteoritlərdir. Bu siyahını uzatmaq da olar. Amma buna ehtiyac yoxdur. Sadəcə olaraq bir faktı isbata ehtiyacı olmayan aksiom kimi qəbul etmək lazımdır ki, bu cür göy cisimlərindən Yer kürəsinin səthinə onun mövcud olduğu 5–6 milyard il ərzində bəlkə də on minlərlə düşüb.

Yuxarıda adları çəkilən hər iki amilin (geoloji və mexaniki) hər biri öz növbəsində Yer kürəsinin özünün xəyali oxunun ətrafında fırlanma sürətini zəiflədir ki, bunun da sübuta ehtiyacı yoxdur. Yer kürəsinin özünün xəyali oxu ətrafında fırlanma sürəti zəiflədikcə onun səthində hər hansı bir sahə vahidini günəş şüaları daha uzun müddətə döyəcləyir. Bu isə həmin sahə vahidinin daha çox günəş radiasiyası almasına səbəb olur. Beləliklə, Yer kürəsinin özünün xəyali oxu ətrafında fırlanma sürətinin zəifləməsi onun səthində hər hansı bir sahə vahidinin günəşdən daha çox şüa enerjisi almasına səbəb olur. Bu da son nəticədə qlobal istiləşmə ilə nəticələnir.

Yuxarıda deyilənlərdən belə nəticə çıxarmaq mümkündür ki, son illər planetin iqliminin qlobal istiləşməsinin əsas səbəbkarı yalnız müxtəlif yanacaq növlərinin kütləvi surətdə yandırılması ilə deyil, onun özünün xəyali oxunun ətrafında fırlanma sürətinin zəifləməsi ilə əlaqədardır.

G.Rzayeva daha sonra bildirdi ki, qlobal istiləşmə və soyuma bəşəriyyətdən qabaqkı dövrlərdə də baş verib. Yəni o dövrdə nə insan, nə də onun məşğul olduğu təsərrüfat sahələri vardı. Görünən odur ki, planetin iqliminin qlobqal istiləşməsi və soyuması insanlardan və onların məşğul olduqları təsərrüfat sahələrindən tam asılı deyil, təbii amillərdən də asılıdır. Bunu Yer kürəsinin inkişaf tarixində axırıncı era olan kaynozoy erasının dördüncü dövründə baş vermiş buzlaşmalardan və buzlaşmalar arası istiləşmələrdən də görmək olar. Yuxarıda dediyim kimi, Yer kürəsinin iqliminin qlobal soyuması nəticəsində baş verən dördüncü dövr buzlaşmaları və onun iqliminin istiləşməsi nəticəsində yaranan buzlaqlar arası isti dövr, insanların mövcud olmadığı bir dövrdə baş verib. Bu təbii amillərdən asılı olub. Deməli, iqliminin qlobal dəyişməsi (yəni istiləşməsi və soyuması) təkcə insan amilindən asılı deyil.

Coğrafiyaçı alim sonda bildirdi ki, indiki dövrdə bəşəriyyətin qarşısında duran ən ümdə məsələlərdən biri həm təbii amillərin, həm də insanların məşğul olduqları təsərrüfat sahələrinin təsirindən yaranan iqlim dəyişmələrinin törətdiyi fəsadlara qarşı mübarizə aparmaqdır. Bu həm də ona görə edilməlidir ki, Yer kürəsinin həm özü, həm də onun malik olduğu təbii ehtiyatların bütün növləri təkcə bizə deyil, həm də gələcək nəsillərə qalsın. Onun zənginliklərini qoruyub gələcək nəsillərə çatdırmaq indiki nəslin gələcək nəsillərə borcu kimi başa düşülməlidir. Onu da qeyd etmək yerinə düşər ki, bu mübarizədən qalib çıxmaq üçün bəşəriyyət öz səylərini birləşdirməlidirlər. SOP29 tətbiri də bu məqsədə xidmət edir.

Pünhan ƏFƏNDİYEV
XQ

Ekologiya