Bakı konfransının nəticələri böyük ümidlər doğurur

post-img

Azərbaycanın bu günə qədər təşkil etdiyi ən böyük tədbir - COP29 çərçivəsində maraqlı mövzular ətrafında müzakirələr dünən də davam etdirildi. Müzakirələrdə davamlı inkişaf və ətraf mühitin qorunmasına maliyyə resurslarının təsiri, eləcə də enerji keçidinin maliyyələşdirilməsində suveren rifah fondlarının rolu diqqət mərkəzində saxlanıldı. Konfransda iştirak edən qeyri-hökumət təşkilatı nümayəndə heyətlərinin üzvləri ilə söhbət etdik, onların tədbir haqqında fikirlərini öyrəndik.

Qeyri-hökumət təşkilatları da ətraf mühitin mühafizəsi sahəsində fəal iştirak edirlər. Bu təşkilatlar həm yerli, həm də beynəlxalq səviyyədə fəaliyyət göstərərək müxtəlif ekoloji problemlərin həllində mühüm rol oynamağa çalışırlar. Belə təşkilatlardan biri “Regions4” – submilli hökumətlərin qlobal şəbəkəsidir. “Regions4” BMT-nin sistem təşkilatları tərəfindən rəsmi olaraq tanınır. İqlim dəyişikliyi, biomüxtəliflik və davamlı inkişafla bağlı əsas qlobal tədbirlərə qatılan “Regions4” 4 qitədə 22 ölkədən 50 regional hökuməti təmsil edir.

Təşkilatın nümayəndəsi, regional baş direktor Natalie Urube Pandonun sözlərinə görə, təşkilat xidmət göstərdiyi ərazilərə yaxın qalaraq transformativ dəyişiklikləri yerə gətirməklə hərəkət edir: “Biz regionları bir-birinə və BMT-yə bağlayırıq, onların səsinin qlobal müzakirələrdə eşidilməsini təmin edirik. Çirklənməni azaltmaq, təbiət və “Gender-2030” üçün çalışırıq. Buna görə də dünyanın bir çox bölgələri ilə burada toplaşmışıq. Niyə? Biz insan inkişafının kritik mərhələsindəyik və elmin bizə dediyi kimi, tullantıların azaldılmasından xeyli uzaqdayıq. Biz qlobal temperaturun 3,1 dərəcə əhəmiyyətli dərəcədə artması yolundayıq.

Biz bütün dünyada iqlim dəyişikliyinin son dərəcə dağıdıcı təsirlərini görürük: daşqınlar, quraqlıqlar və ekstremal hava hadisələri. Nəinki yenidən iqlim dəyişikliyi ilə üzləşməli, həm də iqlim dəyişikliyinə uyğunlaşmalı olacağıq. Ona görə də submilli hökumətlərin qlobal şəbəkələri bu məsələdə çox mühüm rol oynayır. Çünki biz ərazilərə yaxınıq, xalqa yaxınıq, bənzərsiz reallıqları, təbii reallıqları, sosial reallıqları bilirik. Biz həllər gətirə, bunu insanlarla və təbii ekosistemlərlə yarada bilərik.

Ona görə də buradayıq. Bu görüş maliyyə baxımından çox önəmlidir. Dünya maliyyənin qlobal vəziyyəti ilə barışmalıdır və biz bu maliyyəni milli hökumətlər üçün əlçatan etmək istəyirik. Çünki onlar maliyyə imkanları ilə daha çox şey edə bilərlər. Bu, bizim burada toplaşdığımız mühüm məsələdir. Mənə elə gəlir ki, biz nəhayət çox mütəşəkkil olmuşuq”.

COP29-un çox təşkil edildiyini də vurğulayan Natalie Urube Pando konfransdan ümidlərlə ayrılacağını vurğuladı.

Böyük Britaniyalı, “Save Soil” təşkilatının nümayəndəsi Henry Asplin təmsil etdiyi qurum barədə qısa məlumat verdi: “Bizim işimiz çox sayda insanın şüurlu şəkildə hərəkət etdiyi, ekoloji problemlərin bütün dünyada seçim məsələlərinə çevrildiyi bir planet yaratmaq məqsədi daşıyır. “Save Soil” hərəkatı torpağın sehrini qorumaq üçün bəşəriyyəti birləşdirməyə çalışır. Bilirsiniz, kənd təsərrüfatı, meşələrin qırılması və digər amillər qorxunc dərəcədə torpağın üst qatını deqradasiyaya uğradıb və eroziyaya məruz qoyub. Qlobal miqyasda kənd təsərrüfatı torpaqlarının yarıdan çoxu deqradasiyaya uğrayıb. Birləşmiş Millətlər Təşkilatının Qida və Kənd Təsərrüfatı Təşkilatı bunun 2050-ci ilə qədər 80-90 faiz olacağını iddia edir. Torpağın hazırkı deqradasiyası davam edərsə, bu, hamı üçün fəlakətli sonluqla yekunlaşa bilər. Torpağın üst qatının 90 faizi deqradasiyaya uğramış ola bilər və bu, əlbəttə ki, yaxşı gələcək deyil. 2050-ci ilə qədər planetimizin əhalisi də 10 milyard nəfərə çatacaq”.

Henry Asplin vurğuladı ki, torpaq pisləşir və biz bu böyük əhali üçün 60 faiz daha çox qida istehsal etməliyik: “Odur ki, təcili torpağı bərpa etməliyik. Torpağı bərpa etmək üçün isə fermerlərə dəstək olmalıyıq. Onlara maliyyə lazımdır”.

“Nova Soil” təşkilatının nümayəndəsi əlavə etdi ki, hökumətləri torpaq sağlamlığı siyasətinin qurulmasında dəstəkləyirlər: “COP29-dan ümidimiz ondan ibarətdir ki, daha çox iqlim maliyyəsi fermerlərə yönəldiləcək. Çünki qlobal miqyasda görmək istədiyimiz odur ki, fermerlər torpağı sağaltmaq üçün regenerativ kənd təsərrüfatına keçə bilsinlər. Çünki qlobal miqyasda görməyə ümid etdiyimiz şey fermerlərin torpağı sağaltmaq üçün regenerativ kənd təsərrüfatına keçə bilməsidir”.

Sonda müsahibimiz Azərbaycan haqqında təəssüratlarını bölüşdü: “İlk dəfədir Bakıda oluram. Şəhər inanılmaz dərəcədə gözəldir. Çox qonaqpərvər xalqınız var. Etiraf edim ki, buna qədər gözləntilərim çox deyildi. Amma nəinki COP29-da, hətta Bakıda, şəhərdə insanların necə qonaqpərvər olması məni çox sevindirdi. Xalça Muzeyində oldum, təəssüratlarım inanılmazdır. Burada insanlara çox mehriban münasibət göstərilir və hamıya dəstək olunur. Bu mənim üçün fantastik təcrübə oldu”.

Regional Kənd Dialoq Proqramı koordinatoru Inola Mapp COP29-un qlobal ekoloji problemlərin həllinə müsbət təsir göstərəcəyinə ümid bəslədiyini bildirdi. COP29-in Bakıda keçirilməsini yüksək qiymətləndirən panamalı qonaq əlavə etdi ki, bu konfrans həssas qruplardan və icmalardan olan, iqlim dəyişikliyindən əziyyət çəkən hər kəsin səsini çatdırmaq üçün ən effektiv platformadır: “İqlim dəyişikliyinə qarşı mübarizədə hamı birləşməlidir və hamı üçün prioritet məsələ olmalıdır”.

Səbuhi MƏMMƏDOV,
Elşən AĞALAR (foto)
XQ





Ekologiya