Noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə “Esyasoft” holdinq və “Presight” şirkətinin birgə müəssisəsi olan “IntelliGrid” arasında “AzəriQaz” İstehsalat Birliyinin bütün xidmət zonasında ən müasir ağıllı qaz şəbəkəsinin idarəetmə sisteminin tətbiqinə dair saziş imzalanıb. Bu barədə Dövlət Neft Şirkətinin rəsmi saytı məlumat yayıb.
SOCAR-ın prezidenti Rövşən Nəcəf və “IntelliGrid” şirkətinin baş icraçı direktoru Bipin Çandranın imzaladıqları sənədə əsasən, qazpaylayıcı şəbəkəyə data analizini, proqnozlaşdırıcı texniki xidməti və real vaxt monitorinqini inteqrasiya etmək üçün “IntelliGrid”in süni intellekt imkanlarından istifadə ediləcək. Bu da qaz istehlakını optimallaşdırmağa, itkiləri minimuma endirməyə və ümumi əməliyyat səmərəliliyini artırmağa imkan verəcək.
İmzalanma mərasimində Azərbaycan Respublikasının iqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov və “International Holding Company”nin (IHC) rəqəmsal transformasiya üzrə baş icraçı direktoru Ajay Hans Raj Bhatia iştirak ediblər.