İqlim konfransının yüksək səviyyədə həyata keçirilməsi üçün COP29 Azərbaycan Əməliyyat Şirkəti ilə yanaşı, bir sıra dövlət qurumları, o cümlədən Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin üzərinə mühüm vəzifə və öhdəliklər düşür. Bununla bağlı işlərin əlaqələndirilmiş formada reallaşdırılması məqsədilə xidmətdə aidiyyəti qurumların nümayəndələrindən ibarət geniş tərkibli işçi qrupu yaradılıb. Hazırda işçi qrupu tərəfindən hazırlanmış tədbirlər planı üzrə işlər uğurla həyata keçirilir.
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin məlumata əsasən, COP29 Azərbaycan Əməliyyat Şirkətinin Ağ Şəhər ərazisində yerləşən ofisinə etibarlı və dayanıqlı, genişzolaqlı internet xidmətlərinin təşkili üçün iki fərqli istiqamətdən fiber-optik kabel xətləri çəkilib və həmin mərkəzin “AzStateNet” dövlət şəbəkəsinə qoşulması təmin edilib. Mərkəzin digər əlaqəli sahələri və tədbirin keçirildiyi zonalar da fəaliyyət müddətində etibarlı və dayanıqlı “AzStateNet” internet şəbəkəsi ilə təmin olunub.
COP29 Azərbaycan Əməliyyat Şirkətinin mütəxəssisləri, ekspertləri ilə qarşılıqlı müzakirələrə və razılaşmalara əsasən, konfransın keçiriləcəyi məkanda quraşdırılan avadanlıqların və xidmətlərin həm sessiyadan əvvəl, həm də tədbir müddətində daxildən, eləcə də xaricdən edilə biləcək kiberhücumlardan qorunması məqsədilə birgə tədbirlər görülür.