Azərbaycanın COP29-a sədrliyinin əsas məqsədi iqlim dəyişmələri ilə mübarizə tədbirlərinin maliyyələşdirilməsi üçün bütün tərəflərin ehtiyaclarına cavab verən aydın və iddialı “Yeni Kollektiv Kəmiyyət Məqsədi” formalaşdırmaqdır. Bunu energetika nazirinin müavini, COP29-un icraçı direktoru Elnur Soltanov jrnalistlərə açıqlamasında deyib.
Azərbaycanın COP29-da ölkənin iqlim dəyişikliyinin qarşısını almaq səyləri ilə bağlı ikiillik şəffaflıq hesabatı və milli səviyyədə müəyyən edilmiş töhfələr təqdim edəcəyini diqqətə çatdıran nazir müavininin sözlərinə görə, ölkəmiz iqlim dəyişmələri ilə mübarizə üzrə şəffaf və inklüziv tədbirlərin tərəfdarı olmaqla “yaşıl” keçidlə iqtisadi sabitlik arasında balans yaradır.
İqlim Dəyişikliyi üzrə Paris Sazişinin bütün istiqamətləri üzrə kollektiv irəliləməyin vacibliyini vurğulayan nazir müavini deyib ki, iqlim maliyyələşdirməsi ilə bağlı fikir ayrılıqlarını aradan qaldırmaq üçün “siyasi istiqamət” axtarılır: “Yüksək səviyyədə müzakirələrə fokuslanmalı və siyasi qarşılıqlı fəaliyyəti gücləndirməliyik”. E. Soltanov əlavə edib ki, bütün ölkələr iqlim dəyişikliyi ilə mübarizə yoluna müxtəlif nöqtələrdən başlayır, dekarbonizasiya, bərpaolunan enerji sisteminin qurulması və ədalətli keçidin təmin edilməsinə dair tələblər milli şəraitdən asılı olaraq dəyişəcək.
COP29-un icraçı direktoru onu da deyib ki, iqlim dəyişikliyi üzrə hökumətlərarası ekspertlər qrupu temperatur və sıfır karbon emissiyaları ilə bağlı hesablamalarında karbohidrogenlərin dünya iqtisadiyyatındakı rolunu tanıyır. Azərbaycanın tərəfləri bir araya gətirmək üçün səylərini əsirgəməyəcəyini vurğulayan E. Soltanov bildirib ki, ölkəmiz BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına və Paris Sazişinə uyğun olaraq COP29-a inklüzivlik və şəffaflıq şəraitində evsahibliyi etməyə sadiqdir. Onun fikrincə, COP29-a dair görüşlər vədləri yerinə yetirmək və temperaturu 1,5°C çərçivəsində saxlamaq məqsədilə nəticələrə nail olmaq üçün fürsətdir.