Son qərarı ev sahibi verir

post-img

Bölgədə sülh gündəliyinin və əməkdaşlıq layihəsinin müəllifi Bakıdır

Kollektiv Qərbin Cənubi Qafqaza çeşidli müdaxilə cəhdləri artdıqca rəsmi Moskvanın bunlara reaksiyası kəskinliyi ilə seçilir. Rusiya–Qərb qarşıdurmasının kulminasiya nöqtəsinə yaxınlaşdığı göz qabağındadır. Hazırda iki cəbhədə “vuruşmağa” məcbur olan Rusiya bölgədə əvvəlki status-kvonu qoruyub saxlamaq, ABŞ-nin, Fransanın açıq təzyiqləri qarşısında duruş gətirməkdən ötrü region ölkələri ilə münasibətlərinə yeni korrektələr etmək barədə düşünür.

“Qərb Ermənistan–Azərbaycan münasibətlərinin nizamlanmasında öz xidmətlərini inadkarcasına qəbul etdirməyə çalışır”. Bu fikirləri Rusiyanın Xarici işlər naziri Sergey Lavrov Minskdə Avrasiya təhlükəsizliyi üzrə beynəlxalq konfransdakı çıxışında bildirib.

ARAYIŞ: Belarus paytaxtı Minsk şəhərində Avrasiya təhlükəsizliyi üzrə II beynəlxalq konfransda dünyanın 45-ə yaxın ölkəsindən 600-ə qədər nümayəndə iştirak edirdi. Həmçinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT), Şanxay Əməkdaşlıq Təşkilatı, MDB və digər beynəlxalq təşkilatların rəsmiləri də konfransa qatılmışdı. Konfransda çıxış edən Belarus
Prezidenti Aleksandr Lukaşenko Avrasiyada təhlükəsizliyin vacibliyindən danışmış və bu istiqamətdə atılması vacib sayılan addımları diqqətə çatdırmışdır.

* * *

Konfransdakı çıxışında Qərbin Avrasiya qitəsinin digər hissələrində də destruktiv aktivliyini dayandırmadığından danışan S.Lavrov onu da qeyd edib ki, 20 illik işğaldan sonra Əfqanıstandan qaçan ABŞ və onların müttəfiqləri bu ölkədə kövrək sabitləşmə prosesinə müdaxilə etməyə çalışır. “Onlar Mərkəzi Asiya ölkələrində hərbi iştirakları üçün də müxtəlif bəhanələr kəşf edirlər” – deyən Rusiyanın baş diplomatının sözlərinə görə, Avrasiyanın onlara məxsus hissələrində mübahisəli məsələlərin həlli üçün regional oyunçuların özlərinin məsuliyyətinin artdığını dərk etməsi Cənubi Qafqaz üzrə “3+3” platforması, Əfqanıstan üzrə Moskva formatında məsləhətləşmələr kimi strukturların fəaliyyətində özünü göstərir. Bu zaman o, Suriya üzrə Astana formatını da xatırlatmağı unutmayıb: “Hesab edirəm ki, bütün bu formatlarda əldə edilmiş təcrübədən Avrasiya təhlükəsizlik arxitekturasının formalaşdırılması kontekstində də fəal istifadə edilməlidir”.

Yuxarıda qeyd etdiyimiz kimi, kollektiv Qərb və Rusiyanın Cənubi Qafqazda nüfuza yiyələnmək uğrunda siyasi qarşıdurması keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Burada bir-birinə güzəştə getmək, yaxud geri çəkilmək variantı yoxdur. Bəs, “böyük güclər”in bu qarşıdurmasının ehtimal edilən fəsadları Azərbaycana nələr vəd edir? Tərəflərin Ermənistan üzərindən Cənubi Qafqazda müdaxiləsinə Bakı hansı formada reaksiya verməlidir? Əslində, bunlar ritorik suallardır. Çünki Azərbaycan bölgədə sülhün və gələcək əməkdaşlığın memarı özüdür. Onun bu məsələlərdə nə kənar dəstəyə ehtiyacı var, nə də yersiz müdaxilələrə dözümü. Bakı həm İrəvanla sülhə gəlməyin, həm də onunla və bölgənin digər ölkələri ilə gələcək əməkdaşlığın yol xəritəsini özü cızıb.

* * *

Qonşular arasında anlaşılmazlığın, mübahisənin ən doğru çözüm üsulu onların öz aralarında razılığa gəlməsidir. Qafqazın problemlərini qafqazlılar həll etməlidirlər tezisi siyasi gündəmə “altılıq platforması” gətirildi. Az sonra “3+3” formatı kimi tərəflərə təklif olunan ideyanın müəllifləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Azərbaycan Prezidenti İlham Əliyevdir. Bu təşəbbüs Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə qardaş ölkənin dövlət başçısının 2020-ci ilin dekabrında Zəfər paradı münasibətilə Bakıya səfərində səslənmişdi. Prezident Ərdoğan demişdir: “Altılıq platformasının qurulması ilə bağlı təklif etdik – Rusiya, Türkiyə, Azərbaycan, İran, Ermənistan və Gürcüstan. Bu platformanın yaradılması ilə artıq bölgədə bir sükut meydana gəlsin, düşmənçilik ortadan qalxsın”. Müdrikcəsinə deyilmiş bu sözlərə və ideyaya şimal qonşumuz da nikbin yanaşdığını açıqladı. Rusiya XİN başçısı Sergey Lavrov bu təklifə reaksiya verərək “altılıq platforması”nın Bakı ilə İrəvan arasında etimadı artırmağa, həmçinin ölkələr arasında humanitar məsələləri həll etməyə kömək edəcəyini bildirmişdi. “Türkiyə–Ermənistan münasibətlərinin normallaşdırılması səyləri Cənubi Qafqazda vəziyyətin normallaşmasına yol açır və digər məsələlərlə yanaşı, Cənubi Qafqazın üç ölkəsi ilə onların üç qonşusu arasında iqtisadi, digər əməkdaşlığın inkişafı yolu ilə hələ də qalan siyasi problemlərin daha fəal və səmərəli həllinə şərait yaratmağa kömək edir”, – deyə vurğulamışdı.

Həqiqətən də, Moskva bu ideyaya həmişə müsbət yanaşdığını bildirib. 2022-ci ilin yanvarında S.Lavrov mətbuat konfransında demişdi ki, “3+3” formatında başlanmış proseslər daha əhəmiyyətlidir, çünki burada bütün regionun inkişaf perspektivləri müzakirə olunur: “Türkiyə–Ermənistan münasibətlərinin normallaşdırılması səyləri Cənubi Qafqazda vəziyyətin normallaşmasına  yol açır və digər məsələlərlə yanaşı, Cənubi Qafqazın üç ölkəsi ilə onların üç qonşusu arasında iqtisadi, digər əməkdaşlığın inkişafı yolu ilə hələ də qalan siyasi problemlərin daha fəal və səmərəli həllinə şərait yaratmağa kömək edir”.

* * *

Cənubi Qafqazdakı indiki sabitlik fonunda müxtəlif Qərb dairələrinin öz maraqlarına uyğun tərzdə hazırladıqları oyunlar göz qabağındadır. Aydındır ki, Azərbaycanın bölgədə yaratdığı reallıqla barışa bilməyən ermənipərəst “çete”nin məqsədi sülh gündəmini İrəvan üçün sərfəli istiqamətə yönəltməkdir. Ermənistanı silahlandıran kollektiv Qərb bununla Azərbaycana, bir növ, müharibə mesajını verməklə, onu sülh danışıqlarında müəyyən güzəştlərə getməyə məcbur etmək barədə düşünür. Fransanın dirijorluq etdiyi və Vaşinqtonun gizlicə dəstəklədiyi məkrli oyunları Ermənistanla Azərbaycan arasında sülhün əldə olunması prosesinə mənfi təsir göstərməklə yanaşı, Moskvanı da qıcıqlandırır. Lavrovun Minskdən verdiyi mesaja məhz bu prizmadan yanaşmaq lazımdır. Kremlin hazırkı durumda İrəvanla Bakı arasında özünün sülh vasitəçiliyi missiyasını bərpa etmək üçün göstərdiyi cəhdləri, atdığı addımları təbii qəbul etmək lazımdır. Bakı bölgəyə sülhü gətirəcək istənilən vasitəçinin təşəbbüsünü alqışladığını dəfələrlə bəyan edib. Təki həmin təşəbbüs təmənnasız və səmimi olsun.

Azərbaycan sülh deyir. Təcavüzkar Ermənistan isə Qərbdən və Şərqdən aldığı hərbi-texniki, maliyyə dəstəyindən şirniklənərək sülhdən yayınır, hətta revanş xəyallarına düşür. Fəqət rəsmi İrəvan çox yaxşı bilir ki, onun Azərbaycanın irəli sürdüyü tarixi sülh şansından yararlanmaqdan başqa şansı qalmayıb. Azərbaycan heç zaman riyakar kollektiv Qərbin Cənubi Qafqazda çirkin planlarını reallaşdırmasına, bölgəni yenidən münaqişə ocağına çevirməsinə imkan verməyəcək. Öz gücü, siyasi iradəsi və qətiyyəti ilə işğala, separatizmə son qoyan Azərbaycan bölgədə dayanıqlı sülhü təmin etməyə iddialı yeganə namizəddir.

İmran BƏDİRXANLI
XQ





Siyasət