COP29-nun respublikamızda keçirilməsi ölkənin “yaşıl” enerjiyə keçidində, eləcə də alternativ enerji potensialının reallaşdırılmasında mühüm mərhələnin başlanğıcı olacaq, eyni zamanda, “yaşıl” enerjinin Avropaya ixracı ilə bağlı layihələrin icrasını sürətləndirəcək.
Beynəlxalq münasibətlər üzrə ABŞ eksperti Piter Teys mediaya müsahibəsində bildirib ki, Azərbaycan hökumətinin hazırladığı fəaliyyət proqramı iqlim konfransının 3 əsas prinsipinin – ölkənin davamlı iqtisadi artımına, qabaqcıl texnoloji nailiyyətlərin əldə edilməsinə və emissiyaların azaldılması məsələlərinin gerçəkləşdirilməsinə müsbət təsir göstərəcək.
Ekspertin sözlərinə görə, qlobal istiləşməni nəzarət altında və temperaturu 1,5°C-də saxlamaq məqsədilə emissiyaları azaltmaq üçün davamlı tədbirlər görmək, bu təşəbbüsü dəstəkləyənləri bir araya gətirmək zəruridir. Bununla bərabər, iqlim dəyişikliyi ilə bağlı milli ambisiyaların artırılması və iqlimin maliyyələşdirilməsi təklifləri kimi fəaliyyət üçün lazımi mexanizmlər diqqət mərkəzində saxlanılmalıdır. Bu, emissiyaları azaltmaq, iqlim dəyişikliyinə uyğunlaşmaq və xərclərlə bağlı problemləri həll etmək üçün mühüm amildir.
Amerikalı ekspert Azərbaycanı hazırda qlobal enerji keçidinin əsas iştirakçılarından birinə çevrilməyi hədəfləyir. Bir sıra beynəlxalq tərəfdaşlıqlar, o cümlədən külək stansiyalarının tikintisi üçün “Masdar” ilə birgə müəssisələr və Cəbrayılda 240 meqavatlıq günəş elektrik stansiyasının tikintisi üçün BP ilə əməkdaşlıq çərçivəsində ölkə bərpaolunan mənbələrini diqqət mərkəzində saxlamaqla təmiz enerjiyə sadiqliyini nümayiş etdirir. Bundan əlavə, Azərbaycan Qarabağ regionunu “yaşıl” enerji zonası elan edib və 2030-cu ilə qədər 500 MVt gücə çatmaq məqsədilə hidroenergetika layihələrinə xüsusi önəm verir.